Facemark.az-ın ABŞ-ın Şimali Dakota Universitetinin maliyyə üzrə dosenti Fariz Hüseynli olan müsahibəsi:


- Zəhmət olmasa, özünüz barəsində oxucularımıza danışardınız. Hazırda hansı şəhərdə yaşayırsınız?


Salam, cox sağ olun müsahibəyə görə. Mən Amerikanın mərkəz şimalında, Şimali Dakota ştatının Farqo şəhərində yaşayıram. Kanadaya 2-3 saat məsafədə yerləşir şəhərimiz.


- Azərbaycanda iqtisadi mənzərəni necə görürsünüz? Maliyyə bazarında vəziyyət nə yerdədir?


Kənardan detalları izləmək çətindir, amma iqtisadi mənzərə durğun görünür. Neft qiymətlərinin azalması ölkənin müxtəlif sahələrinə mənfi təsir edib. Ölkə iqtisadiyyatı sürətli artıma öyrəşmişdi, bu artımı da neftin yüksək qiyməti təmin edirdi. İndi iqtisadiyyat yeni mühitə öyrəşməlidir, artım yavaşlayıb və investisiyalarda seçici olmaq lazımdır. Maliyyə bazarları yenicə böhrana məruz qalıb ve çalışır özünə gəlsin, əvvəlki səhvləri təkrarlamasın. Bank sektorunda yaxşı səviyyədə mənfəətlə işləyən bankların sayı çox azalıb. Bank sektoru ile özəl sektor və vətəndaşlar arasında etibar zəifləyib. Kiçik ve orta şirkətlərin biznes riski yüksəkdir, bankların özləri üçün ucuz maliyyə vəsaiti əldə etmək çətindir, bazarda ancaq bir neçe bank əsas kapital təminatçısıdır, geniş ve çoxşaxəli deyil maliyyə bazarları, bu da iqtisadi inkişafı zəiflədir. Mülkiyyət haqqlarını qorumadan keyfiyyətli və səmərəli maliyyə sektoru qurmaq olmur. İqtisadiyyatın özü də çoxşaxəli deyil, böhran vaxtı isə gəlirli layihələrin sayı lap azalır. İqtisadiyyat artımda ikən dövlət xərclərindən asılılığı azaltmaq lazım idi, bunun üçün isə ciddi islahatlar getməli idi. İndi böhran vaxtı dövlət xərclərinə ehtiyac var, amma bu xərclər səmərəli xərclənmədiyi üçün vəsaitin itməsi təhlükəsi yaranır. Belə iqtisadi mühitdə böhrandan çıxmaq çətindir, amma ümid edirəm alınacaq.


- Fariz bəy, əcnəbi ölkədə yaşasanız belə, daim Azərbaycanda baş verən iqtisadi proseslərə reaksiya verir, təkliflərinizi mətbuat, sosial şəbəkələr vasitəsilə bizlərə çatdırırsınız. Bu gün Azərbaycanla bağlı sizi nə narahat edir?


Düzdür, mümkün qədər izləməyə çalışıram. Məni əsas narahat edən ölkəmizin iqtisadi və siyasi dinamizmin olmamasıdır. Ətrafımızdakı ölkələrdə müəyyən qədər iqtisadi və siyası dinamizm var, rəqabət qabiliyyətlərini artırmağa çalışırlar. Ölkəmiz həm Rusiya, Türkiyə, İran kimi böyük, həm də Gürcüstan kimi kiçik qonşu ölkələrlə rəqabət apara biləcək kütləvi sayda kadrlar yetişdirə bilmir. Çünki hər nə qədər özəl sektor öz kadrlarını yetişdirməyə çalışsa da dövlət sektoru geri qalır, səmərəliliyini artıra bilmir.


Son illərdə bəzi nazirlik və qurumlar səviyyəsində irəliləyiş var, amma bu belə bürokratik sistemi təkmilləşdirə bilmir. Bundan başqa, təəssüf ki, orta statistik azərbaycanlı keyfiyyətli təhsil və səhiyyə ilə təmin oluna bilmir. Yəni ayrı-ayrı hallarda kimlərsə yaxşı təhsillə, ya səhiyyə xidməti ilə təmin edə bilirlər özlərini, amma kütləvi deyil bu. Buna həm maddi vəziyyətin zəif olması, həm də ucuz amma keyfiyyətli və müasir təhsilin əlyetən olmaması səbəbdir. Səhiyyədə isə əlbətə yenə maddi imkansızlıq və sığorta sisteminin təşkil olunmaması səbəbdir. Hökumət üçün bu məsələlər prioritet olmalıdır. Fərdi və ya kiçik qrupların uğurları olur, amma ölkə səviyyəsində iqtisadiyyatı rəqabət qabiliyyətli edəcək müasir biliklərə sahib kadrlar yetişdirə bilmirik. Müasir təhsil xaircdən almalı oluruq, amma onda belə bu təhsilli kadrlardan tam istifadə edəcək sistemi yaratmırıq. Bu da narahat vericidir.


- 2013-cü ildə “TEDxBakı” konfransında çıxışınız zamanı vaxtın səmərəli idarə edilməsi məsələsinə toxunmuşdunuz. Son dövrlər baş verən texnoloji yeniliklər vaxtın idarəedilməsində hansı töhfələri olub?


Texnologiya imkan verir ki, vaxt itkisi azalsın, müxtəlif qurumlar artıq çox prosesi avtomatlaşdırmağa çalışır ki, insan əməyi daha fərqli işlərdə istifadə olunsun. İstər fərqi olaraq, istər şirkət olaraq müasir texnologiyadan istifadə edərək vaxt itkisinə məruz qalmaqdan hədəfə çatmaq olar. Məsələn, indi internet vasitəsilə biliklərə yiyələnmək, təhsil almaq asanlaşıb, insanlar artıq bir neçə il uzun təhsil prosesindən keçmir, istədiyi bilikləri daha tez bir vaxtda əldə edə bilir. Təəssüf ki, bu o deməkdir ki, insanlar gərək öz bacarıq və biliklərini də yeniləsin, dünən uzun müddət tələb edən bir bacarıq bu gün qısa müddətdə icra olunur. Deməli, geriyə qalan vaxtda hansısa yeni bir bacarıq ortaya qoymaq lazımdır. Yəni, insan əməyi öz əvvəlki mənasını itirib yeni mənalar qazanacaq, bunu edən cəmiyyətlər də irəli gedəcək.



- Azərbaycanda pedaqoq təcrübəniz olubmu? Olubsa ABŞ tələbələri ilə ölkəmizin gəncləri arasında hansı oxşar və fərqli cəhətlər var?


Azərbaycanda dərs deməmişəm bilmirəm, amma tələbələr yəqin hər yerdə eynidir, sadəcə sistem fərqlidir. Amerikalı tələbə bilir ki, oxumasa qiymət ala bilməyəcək, yaxşı oxusa vacib biliklərə yiyələnəcək və daha yaxşı iş tapacaq. Tələbələr həm universitetdə oxuyurlar, həm də işləyirlər. Zəhmətkeşdirlər, yaxşı qiymətlərlə ali təhsil almaq asan deyil, çox zəhmət və iradə lazımdır. Bunu edərkən əksəriyyətinin maliyyə problemlərini özləri həll etməli olur, yəni valideynlərindən yardım alan tələbə çox azdır. Amerikada təhsil pulludur və ucuz deyil, ona görə təhsilin qədrini bilmək məcburiyyətindədirlər. Tələbələr öyrənmək həvəsindədirlər, məsələn mənim tələbələrim daim mənim daha yaxşı dərs keçməyimi istəyirlər, tez-tez biliyimi artırmağımı, praktik bilikləri verməyimi istəyirlər. Yəni, məni daim inkişafda olmağa sövq edirlər. Başqa cür mümkün deyil, çünki bizim maliyyə ixtisası başqaları ilə rəqabət aparır, biz gərək yaxşı bilik və bacarıqları verək ki, tələbələr bizi seçsin. Eyni zamanda, mən özüm müəllim kimi digər müəllimlərdən üstün olmağa çalışıram, bunun üçün tələbələrimdən öyrənməyə çəkinmirəm. Onların çağırışlarına qulaq asıb öz biliklərimi artırıram.


- Xatırlayıram bizim məktəblərdə təhsil alarkən dəyərli pedadoqlarımız deyirdi ki, kalkulyator istifadə etmək sizi kütləşdirəcək. Deyirdilər ki, daha səmərəli olar ki, özünüz bu əməliyyatı edəsiniz. Elə bu adi misala istinad edərək bilmək istəyirəm, bu gün bizim təhsil sistemimizdə hansı streotiplərin qırılmasının zamanı gəlib çatıb?


Kalkulyator istər istəməz insanı əvəz edir, sadə hesablamanı etmək olar, amma çətin məsələdə kalkulyator lazımdır və yüz dəfə eyni əməliyyatı edəndə kalkulyatorun xəta payı az olacaq. Avtomatlaşdırma istər istəməz gedir və biz robotların və maşınların görə biləcəyi işləri öyrətməli deyilik, əksinə bu maşınların görə bilmədiyi işləri və bacarıqları öyrətməliyik. Hər gün biz öz-özümüzə sual verməliyik ki, işimizin hansı hissəsini robot görə bilər. Əgər hansısa hissəsini görə bilirsə, deməli biz ondan əlavə nəsə etməliyik. Beyin çalışmaları və yaddaşı gücləndirəcək hesablamaları etmək xeyirlidir, amma bunu edə bilməyənə küt demək olmaz. Zorla robotlarla, kompüterlərlə rəqabət aparmaq əbəsdir, sonu məğlubiyyət olan bir oyundur. Əksinə müasir dövrdə maşınların əvəzləyə bilməyəcəyi bacarıqlar öyrədilməlidir, məsələn yaradıcılıq, tənqidi və analtik düşünmə, sintez edib ortaya yeni yanaşmalar qoyma, insani ünsiyyət və sosial bacarıqları, kompüterləri və proqramları idarə edib, onları cəmiyyətin problemlərinə yeni həll yolları üçün necə istifadə etmək olar...


- Təhsildən söz düşmüşkən, Azərbaycan prezidentinin sərəncamına əsasən Təhsil naziri Mikayıl Cabbarov Vergilər naziri postuna gətirildi. Maraqlıdır, bəz sizin namizədiniz kim idi?


Açığı yerli kadrlarla geniş tanışlığım yoxdur, bir iki nəfər var fikrimdə amma adlarını demək istəmirəm. Daha çox təhsil sahəsində işləmiş, bu sahənin xüsusiyyətlərini bilən və mümkünsə xaricdə təhsil idarə etməsində işləmiş kadrları cəlb etmək lazımdır. Nazir olmasa da onun müavinləri, ya da müşavirləri arasında belələrini görmək yaxşı olardı. Müasir təhsil sistemində işləmiş kadrlarla yerli təcrübəli kadrların vəhdətini yaratmaq lazımdır. Amma bəzi problemlər nazir və nazirliyin əməkdaşları səviyyəsindən daha yuxarıda həll olunmalıdır, yeni sırf bu səviyyədə güclü kadrlar gətirmək köklü istlahatlata bəs eləmir.


- Müsahibənin əvvəlindən sizə uzun-uzadı ordakı təhsil sistemi ölkəmiz arasındakı fərqlərdən suallar verirəm. Amma əsas məqam yaddan çıxır. Necə oldu ki, Azərbaycandan getmək qərarı aldınız? Planlarınızda yaxın gələcəkdə ölkəmizə yenidən qayıtmaq varmı?


Mən hələ orta məktəbdən sonra Türkiyədə ali təhsil almağa getmişəm və qərarımda əsas məqsəd daha yaxşı təhsil sistemində ali təhsil almaq olub, əsas stimul da atamdan gəlib.


O məni həvəsləndirdi və dedi ki, Türkiyədə bank işi üzrə təhsil almağın xeyri çox olacaq. Ondan sonra özüm istədim Avropada və ya Amerikada təhsil alım. Qismət elə oldu ki, Amerikadan yaxşı təklif gəldi, mən də gəldim. Əvvəl magistraturaya sonra da doktoranturaya. Daha sonra burada qalıb elmi fəaliyyət göstərmək istədim və beləcə akademik karyerama başladım. Planımda daimi qayıtmaq yoxdur, işimdən razıyam, işimi davam etdirmək və daha yeni bacarıqlara yiyələnmək istəyirəm.


- ABŞ-a köçdükdən sonra doğmalarınız ilə ayrılıq sizə necə təsir etdi? Yeni mühitə adaptasiya olmaq nə qədər vaxtınızı aldı?


Amerikaya köçməmişdən dediyim kimi 7 il Türkiyədə yaşadım, ona görə ayrılığa öyrəşmişdim. Adaptasiya çətin olmadı, amma, əlbəttə, Türkiyə daha yaxın, doğma ölkə idi, Amerikanın xüsusiyyətlərinə öyrəşmək lazım idi. Amma başa düşürdüm ki, burada yaxşı təhsil alsam uğurlu gələcək məni gözləyir, ona görə mümkün qədər tez adaptasiya olmağa çalışdım. Amerikaya öyrəşmək bir az vaxt aldı, amma vaxtım az idi, dərhal magistrı oxuyub doktoranturaya başlamaq istəyirdim. Bacardığım qədər tez öyrəşməyə çalışdım, ən azından akademik mühitə.



- Bakıda belə söhbətlər gəzir ki, ABŞ-da yaşayan sahibkarlar çox dəqiqdi, söz verdiyi dəqiq vaxtda təyin olunmuş yerdə olur, səhər tezdən keçirilən görüşlərdə iştirak etməkdən çəkinmir. Sizcə də bu belədir? yoxsa “şəhər əfsanələri”dir?


Amerikada iş saatı adətən 8-də və ya 07:30-da başlayır. Amerikanlar tez yatır və tez dururlar. Uşaqlarını da tez yatızdırırlar, bu da imkan verir ki, günə tez başlayıb işləri çatdıra biləsən. Amerikanlar çox işləyəndirlər, əgər başqasına işləyirsənsə işə gecikməyin heç vaxt yaxşı nəticəsi olmayacaq. Hələ orta məktəbdən nizam-intizam, verilən sözün, vədin yerinə yetirilməsinin peşəkar üçün nə qədər vacib olduğunu öyrədirlər. Məsələn, şagirdlərə vaxtın idarə edilməsi, organizə olmaq, planını düzgün qurmaq və s. kimi bacarıqlar öyrədirlər. Sahibkar öz vaxtını bir az fərqli idarə edə bilər, amma görüşə gecikmək mədəni olaraq düzgün deyil, qarşındakının vaxtına və özünə hörmətsizlikdir. Həm də iş çox olanda və kompleks olanda, bir-birinə bağlı hissələrdən ibarət olur. Bunların biri geciksə bütün işlər gecikə bilər. Səhər 07:30, ya da 8-də hansısa görüşün olması çox normaldır və hamının vəd etdiyi vaxtda gəlməsi onun özü üçün yaxşıdır, əksi təqdirdə işində problemlər çıxar. Səmərəli olmaq üçün gərək hər görüşü vaxtı vaxtında yerinə yetirib nəticə alasan.


- Övladınız Bakı həsrəti çəkirmi? Azərbaycan onun üçün nə deməkdir?


Oğlum Farqoda anadan olub, Azərbaycanda bir neçə dəfə olub, amma həsrət çəkəcək qədər yaşamayıb. Nənə babasından və qohumlarımızdan ötrü darıxır, amma yolun uzaq olduğunu bilir. Hərdən deyir gedək, amma tez-tez olmur bu. Qızım isə hələ kiçikdir, heç Azərbaycanda olmayıb.


- Məqalələrin birində oxumuşdum, müəllif deyirdi ki, övladlarınızı abstrakt nağıl və hekayələr ilə böyütməyin. Siz övladınızın tərbiyə edilməsində hansı metodlardan istifadə edirsiniz?


Razı deyiləm. “Fiction” yeni xəyal məhsulu olan hekayələri oxumaq əksinə xeyirdi, uşağın xəyal gücünə, yeni idaeyalara meyl etməsinə və yaradıcılığına müsbət təsir edər. İstənilən mövzuda bu cür hekayələri oxumaq yaxşıdır. Əlbəttə konkret mövzular üzrə nə olduğunu öyrənmək yaxşıdır, məsələn heyvanlar aləmi, təbiət, tətbiqi elmlər və s. üzrə kitablar oxumaq nəyin necə mövcud olduğunu öyrədə bilər. Amma xəyal gücün artıran hekayələr uşağa imkan verir ki, fikirləşsin filan şey başqa necə ola bilər, filan problemi başqa necə həll etmək olar.


Eyni zamanda, uşağın özü və özünü gördüyü dünya ilə bağlı arzuları və xəyalları nə qədər geniş və zəngin olsa bir o qədər yaxşıdır. Mən oğluma çalışıram müxtəlif bacarıqlarını göstərmək və artırmaq üçün imkan verim. Həm təhsili, həm bədən tərbiyəsi ilə bağlı fərqli sahələrlə tanış etməyə çalışıram. Əlbəttə, məktəbin rolu çox böyükdür. Biz də bir mif var ki, Amerikada orta təhsil pisdi, zəif öyrədirlər şagirdlərə. Elə deyil, oğlumun məktəbindən razıyam. Özünün heyvanlar aləminə marağı çoxdu, evdə tək tərəfdə heyvanlar ilə bağlı nəsə var, bundan başqa səhər salmaya, avtomobillərə marağı var, öyrənməyə meyillidir, özü tez-tez nəsə qurur, istər legolardan, istər kağızlardan heyvanlar və ya fərqli oyuncaqlar düzəldir. Müxtəlif idman növlərini yoxlayıb, idi marağı əsas xokkeyə və amerikan futbolunadır. Çoxlu kitabı var, həm şəhərin, həm də məktəbin kitabxanasından tez-tez kitablar götürürük, dövlətçilikdən tutmuş idmana qədər ən müxtəlif mövzularda kitabları oxuyuruq. Həm də çalışıram təbiəti sevən, yaxşı bir vətəndaş kimi yetişsin, cəmiyyətin problemlərini anlasın və indidən bu barədə bir az da olsa düşünsün. Prezident seçkiləri zamanı maraqlı dioloqlarımız olurdu. İndi də hərdən ictimai problemləri danışırıq, bəzi şeyləri izah edirəm, soruşuram. Qızım hələ balacadı, amma onun da kitablara marağı var, hələ anadan olan kimi ona kitab oxumağa başlamışıq. Hələ ki, kitabları vərəqləməyə, şəkillərinə baxmağa həvəsi var, böyüdükcə yəqin ki, artar bu həvəsi.



- Düzdür, başa düşürük ki, bu gün cəmiyyətimizdə sosial problemlər çoxdur. Amma inanıram ki, kimsə ölkəsini tərk etsədə belə, hansısa bir nüans onun yadında qalır. Məsələn, İçərişəhərin küçələrində gəzmək. Yaşadığınız şəhərdə nə sizə Bakını xatırladır?


Mənim yadımda uşaqlıqda oynadığımız oyunlar, məhəllə uşaqlarının bir yerdə oynaması qalıb. Həm də indi gedəndə ən çox şəhərin mərkəzində, dənizkənarında gəzmək xoşuma gəlir. Farqo ilə oxşarlıq çox az olduğuna görə deməzdim spesifik nəsə mənə Bakını xatırladır. Amerikada olanda adam ən çox Azərbaycan yeməklərindən kabablarından ötrü darıxır, hardasa yanan köz iyi, kabab iyi gələndə vətən yada düşür. İstanbulda altı il yaşamışam, tez-tez oralar da yadıma düşür.


- ABŞ-da neçə nəfər tələbəniz var? Onlar sizin barəsində suallar verirlərmi? Cavablarınız necə olur?


Hər smester təxminən 100-120 tələbəm olur. Birinci dərsdə haradan gəldiyimi və Azərbaycanın necə yer olduğunu deyirəm. Hərdən suallar verirlər, siyasi vəziyyətlə və ya mədəniyyətimiz ilə bağlı.


Amerikada siyasi korrektlik məsələsi var ki, uşaqlar çəkinir çox sual verməyə, özümü fərqli və ya gəlmə kimi hissetməyim deyə. Amma iş yoldaşlarımız tez-tez soruşurlar mədəniyyətimiz, adətlərimizlə bağlı. Mən dərslərdə iqtisadi mövzularda yeri gəldikcə Azərbaycandan nümunələr verirəm. Şimali Dakota Amerikanın əsas neft istehsal edən ştatlarından biridir, iqtisadi cəhətdən oxşarlıqlar var, ona görə, nümunələr çox vaxt yerinə düşür. Çalışıram suallara geniş perspektivdən cavab verim və onları Amerikadan kənara çıxıb daha qlobal düşünməyə sövq edim. Amerikadakı bəzi şeylər normal iqtisadiyyatın bir hissəi kimi qəbul edilsə də bunun hər ölkədə belə olmadığını və tarixən ölkənin qazandığı üstünlükləri yeni nəsillərin qorumalı olduğunu başa salmağa çalışıram.



- Çıxışlarınızın birində deyirsiniz ki, insanlar arasında təkcə sosial bərabərsizliklər deyil, “beyin uçurumu”da var. İnsanları beyni zəngin insanlar və yoxsul insanlar olmaqla iki yerə bölürsünüz. Gələcəkdə, daha hansı “uçurumlar” meydana gələcək?


Düzdür, indi təkcə insanlar yox ölkələr arasında bilik və ondan əldə edilən fayda uçurumu var. Hər ölkədə zəngin beyinlər var, amma onlardan istifadə edilməsində fərqlər var ki, bu da ölkələri bir-birindən fərqləndirir. Gələcəkdə ya da artıq indidən “digital intellekt” uçurumu yaranıb. Bu uçurum müxtəlif sahələrdə özünü göstərir. Məsələn, digital sahədə “blockchain” və süni zəkadan istifadə edərək bəzi ölkələr çox böyük texnoloji üstünlüklər əldə edirlər. “Big daha” analitikası artıq hər sahədə özünü göstərir, daha hər yerdə var amma onun analtikasını bacaran texnologiya və bilik ancaq bəzi ölkələrdə cəmləşib. Biologiya və tibbdə robotlaşma və süni organlar, yeni neyro texnologiya əldə olunur ki, bir çox bio-kimyəvi problemin həll olunması bu ölkələrin əlində cəmlənəcək. Bu o deməkdir ki, bu uçurumda geri qalanlar irəli gedənlərdən daha çox asılı olacaq və onların xidmətlərini əldə etmək üçün əvəzində çox vəsait verməli və çox çalışmalı olacaqlar.


- İEO ölkələrin vətəndaşlarının İEÖ-lərə “beyin köçü”nün baş verməsini necə qiymətləndirirsiniz?


Təbii bir prosedir, beyin gücü artıqca bəzi ölkələrdə ona tələbat yaranmır, onun fayda yaratma imkanı məhdudlaşır, çünki bunun üçün şərait yoxdur. Hazırda insanlar çox mobildir, bir ölkədən başqasına getmək iyirmi-otuz il bundan əvvəlki kimi çətin deyil. İnsanlar daha yaxşı şərait axtarır və biliyinə və ya bacarığına ən yüksək qiymət harada verirlərsə ora getməyə çalışır. İnkişaf etmiş ölkələrin imkanları yüksəkdir və daha dərin bilik və bacarıqları qazandırır, onlardan yüksək əlavə dəyər yaradır. Amma son dövrlərdə inkişaf etmiş ölkələrin sosial-iqtisadi problemləri və bəzi inkişaf etməksə olan ölkələrin beyin köçünü geri çevirmək üçün apardığı siyasət də öz bəhrəsini verir. Kifayət qədər gənc alim bu ölkələrə üz tutur, xüsusilə yeni qurulan infrastruktur və elmi laboratoriyalar bu alimləri cəlb edir. Bu baxımdan bizim kimi ölkələrin şansı az olsa da müəyyən addımlar atmaq olar.


Gedenin yerini doldurmaq üçün güclü təşviq sistemi qurmaq lazımdır, qalanların gedenlərdən öyrənməsi və daha keyfiyyətli təhsilə əlinin çatmasını təmin etmək lazımdır. Azərbaycan xaricə gedən peşəkarları geri gətirmək üçün cəlbedici olmalı və ya müxtəlif yollarla onlardan faydalanmalıdır. Bunu qısa və uzun müddətdə iki cür etmək olar. Qısa müddətdə hər sahənin aidiyyatı dövlət qurumları xaricdə yaşayıb işləyən vətəndaşlardan ibarət peşəkarları məsləhətçi kimi cəlb edə bilərlər.


Bu həm imkan verir ki, həmin peşəkarlar olduqları ölkədə fəaliyyətlərini davam etsinlər, həm də ölkəmiz onlarla əlaqə qursun. Yeni indiki qlobal dünyada şərt deyil ki, hansısa peşəkarı öz yerindən çəkib məcburən gətirək ölkəyə. Qoy yaşadığı yerdə qalsın, amma onun xidmətindən istifadə edək. Uzun müddətdə isə mütləq surətdə Azərbaycan öz cəlbediciliyini artırmalıdır. Bu bir az çətin prosesdir, əsas da inkişaf etmiş ölkələrlə rəqabət aparmaq qeyri-mümkündür. Ona görə yuxarıda dediyim kimi, gedənlərin yerini doldura biləcək sistemi qurmaq bəlkə daha realdır.


- Sizcə, yaxın gələcəkdə Azərbaycanda hansı peşələrə tələbat çox olacaq?


Çətin sualdır. İndi ölkələrin inkişafı elə sürətli və fərqli trayektoriya ilə gedir ki, ənənəvi istehsal-xidmət mərhələləri keçmir. Məsələn, birdən-birə kiçik bir ölkədə “blockchain”, digital valyuta ekspertləri yaranıb iqtisadiyyatda bu sahələri inkişaf edirə bilər. Azərbaycanda iqtisadiyyatın vəziyyəti elədir ki, hər sahədə peşəkara ehtiyac böyükdür. Amma bundan da böyük problem bu peşəkarları özündə birləşdirən və onlara peşə fəaliyyətini iqtisadiyyatın xeyrinə aparmasına imkan yaranmalıdır. Dövlət sektoru təkmilləşdikcə və səmərəli olduqca keyfiyyətli bürokratlara, cəmiyyətin sosial iqtisadi problemlərini öyrənib onu həll edə biləcək qərarvericilərə ehtiyac yaranacaq. Özəl sektor bu problemi bu və ya digər şəkildə həll edə bilir, amma dövlət sektoru çox geridə qalır. Ona görə deyirəm, ən böyük tələbat keyfiyyətli və müasir görüşlü bürokratlara və texnokratlara olacaq. Bu kadrlar hökumətin yox, dövlətin və ölkənin maraqlarını qorumağı öyrənəcək, daha uzun müddətli infrastrukturu, dövətçilik sistemini qurmalı olacaqlar.


- ABŞ-a köçdükdən sonra həyatınızda nələr dəyişib?


Artıq on üç ildir Amerikadayam, həyatımda çox şey dəyişib, akademik karyera qurmuşam, ailə qurmuşam, Amerika vətəndaşı olmuşam və s.


Gəlməmişdən bunları heç təsəvvür etmirdim. Qlobal məsələlərə, iqtisadiyyata, sosial mədəni və elmi həyata baxışım genişlənib. Amma əlbəttə Azərbaycanda baş verənləri kənardan da olsa izləmək həyatımın bir hissəsinə çevrilib.


- Əcnəbi ölkədə çalışmağın çətin və asanlığı nələrdir?


Əcnəbi ölkədə işləyəndə həm sosial-ictimai, həm də peşəkar mədəniyyəti öyrənmək lazımdır.Bilmək laızmdır ki, müxtəlif mühitlərdə səndən nə gözləyirlər. Amerikada məsələn “networking” ve kommunikasiya bacarıqları çox vacibdir, uşaqlıqdan bunu öyrənirlər. Bizim cəmiyyətdə isə ünsiyyət həmişə problemli olub. Özünü ifadə, sərbəst fikir yürütmək bacarıqları bizə öyrədilmir. Altına imza atdığın hər işin məsuliyyətini anlamaq lazımdır. Gərək peşə etibarını qoruyasan.


Heç bir yerdə çalışmaq asan deyil, hər işdə çətinliklər var, sadəcə mən belə başa düşürəm ki, Amerikada akademik iş həyatındakı problemlər Azərbaycanın akademik iş həyatındakı problemlər və çətinliklərdən çox fərqlənir və bəzi əhəmiyyətsiz çətinliklərin olmaması hər halda asanlıqdır. Amma akademik mühitdə bəzi məsələlərdə Azərbaycandan fərqli həssaslıq və tələbkarlıq var ki, gərək üzərinə düşən məsuliyyəti yerinə yetirəsən. Asanlığı budur ki, hərdən səhv edəndə bunu əcnəbi olmaqla əsaslandıra bilrisən, amma bu da ilk illər mümkündür. Akademik azadlıq məsələsi mənim peşə fəaliyyətimə kömək edir və bir çox bürokratik və hər şeyə nəzarət etmək istəyən dövlətin və ya universitetin rəhbərliyinin yükünü öz işimdə hiss etmirəm. Bu baxımdan işinə və vəzifənə köklənmək daha asan olur.


Ülviyyə Əlizadə