çərşənbə axşamı, 16 yanvar 2018

Leyla Məmmədova: Marketoloqun fəaliyyəti təkcə reklamlardan ibarət deyil

503

Facemark.az-ın müsahibi “Azər Türk Bank”ın Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru Leyla Məmmədovadır.

- Xatırlayıram təxminən 4 il bundan əvvəl, mən mətbuata yeni gəldiyim zaman ilk müsahibim də elə siz olmuşdunuz. O zaman sizinlə “Azər Türk Bank”ın 2018-ci il prioritetləri, bank mütəxəssisi kimi sizin gözünüzlə bazarın vəziyyəti barəsində söhbət aparmışdıq. Bu dəfəki müsahibəni isə daha fərqli tərzdə etmək istərdim. Əlbəttə, bank sektoruna da dair suallarım olacaq, lakin əvvəlcə, özünüz barəsində qısaca danışmağınız, düşünürəm ki, oxucularımız üçün də maraqlı olacaqdır.

- Olar, danışaq. Təhsilim ilə başlayaq. Mən - Leyla Məmmədova ilk olaraq əvvəlki adı ilə Qafqaz Universiteti, hazırki adı ilə Bakı Mühəndislik Universitetində bakalavr dərəcəsi üzrə təhsil aldıqdan sonra magistratura dərəcəsi üzrə təhsilimi İsveçrədə “EU Business School”- “Avropa Biznes Məktəb”ində davam etdirdim. Təhsilimi bitirdikdən sonra isə vətənə qayıtdım.

Avropadan döndükdən sonra hər bir gənc kimi iş axtarırdım. Bu ərəfədə CV-mi müxtəlif banklara göndərirdim. Bir-iki “YOX!” cavabından sonra mənə “Azər Türk Bank”dan müsbət cavab gəldi. Bankda təcrübəçi olaraq işə başladım. “Azər Türk Bank”da ilk işlədiyim dövrlərdə bazardakı ən yaxşı digər bir bankdan iş təklifi aldım. İlk qapsını mənə “Azər Türk Bank” açdığı üçün, getməməyə qərar verdim və burda qaldım. Bankda çalışdığım müddətdə iş prosesini çox bəyənirdim. Müşahidə edirdim ki, bu bankda özümü inkişaf etdirmək üçün yaxşı fürsətlər var və mən burada nailiyyətlər əldə edə bilərəm.

- Bankda işə düzəlməyinizə xaricdə təhsil almağınızın rolu olub?

- Təbii ki, şübhəsiz, banka işə qəbul olmağımda bakalavr, magistr təhsillərimdəki yüksək nəticələrimin, bir neçə xarici dil bilməyimin, Türkiyə və Rusiya banklarında təcrübə proqramlarında iştirakçı olmağımın öz müsbət rolu olmuşdur.

- Hansı dilləri bilirsiniz?

- İngilis, rus, türk dilində rahat danışmağı bacarıram. Hazırda isə fransız dilini öyrənirəm.

- Sizin fikrinizcə bir şirkətin marketinq büdcəsi nə qədər olmalıdır?

-Bu sualın cavabı şirkətin hədəflərindən yəni bazarda nə qədər paya sahib olmaq istəyir, fəaliyyət planlaması necədir, hansı seqment üçün fəaliyyət göstərir, maliyyə hədəfləri nədir və s. kimi önəmli amilərdən asılıdır. Yəni, mənim hədəfim 10-a çatmaqdırsa, mən 5-lik büdcə xərcləməməliyəm, xərcləri məhdudlaşdırıramsa mümkün nəticələri də nəzərə almalıyam. Bəzən şirkətlər marketinq büdcələrinə əlavə xərc kimi baxırlar. Əslində, isə bu xərc deyil gəlir gətirəcək investisiyadır.

- “Azər Türk Bank”ın marketinq komandasının hazırda fəaliyyəti daha çox nələrdən ibarətdir?

- Bir çoxlarının düşündüyünün əksinə, marketoloqun fəaliyyəti təkcə üzdə görünən reklamlardan ibarət deyil. Marketinq fəaliyyəti zamanı kommunikasiya kanalları qurulmalı və daim təkmilləşdirilməlidir. Bizim hədəfimiz yeni müştərilər qazanmaqla bərabər mövcud müştərilərimizi məmnun etmək üzərində fokuslanırıq. Mütəmadi olaraq satış kanallarımız ilə birlikdə araşdırmalar edir, müştərilərimizin vərdişlərini, istəklərini, bankımız haqqında düşüncələrini öyrənirik. Yeni müştərilərin cəlbi ilə bağlı da boş dayanmırıq, işlər görürük. Kampaniyalar keçirir, yeni məhsul və xidmətlər yaradıb, bazara təqdim edirik. Bəzən araşdırmalarımızın nəticələrindən asılı olaraq mövcud məhsul və xidmətlərin üzərində modifikasiyalar edirik. Məhsulun konsepsiyasının yaradılması, testi, satışı, satışına nəzarət, satış sonrasında dəstək kimi mərhələlərində biz varıq.

Məsələləri yerində öyrənmək üçün ayda bir dəfə xidmət ofislərimizdə olan satış nümayəndələri ilə görüşürük. Bizim düşüncələrimizə görə marketinq bir nəfərin, bir departamentin işi ola bilməz, yaxşı reklam satış gətirsə belə müştəri loyallığına biz satış təmsilçilərimiz vasitəsilə nail ola bilərik. Bu səbəbdən biz öz satış kanallarımızla sıx əməkdaşlıq edirik. Sosial şəbəkələrdə aktiv səhifələrimiz var, daimi olaraq maraqlı və satışyönümlü SMM məzmunları yaradırıq.

- Hazırda bankınızda nə qədər təcrübəçi var və hamını maraqlandıran əsas sual “Azər Türk Bank”da işə necə düzəlmək olar?

- Mütəmadi olaraq yeni tərübə proqramları elan edirik. Bizdə bu mövzuda boşluq olmur və təcrübəçilərimiz sayı daim dəyişir. Bankın müxtəlif struktur bölmələrində fərqli sayda təcrübəçilərimiz var. Məsələn, təkcə bizim departamentdə hazırda iki təcrübəçimiz var.

İşə qəbul isə əminliklə deyə bilərəm ki, bizim bankda tam şəffaf şəkildə keçirilir. Bu proses vakansiyanın elanı, imtahan və işə qəbul komissiyasınız üzvləri ilə müsahibə mərhələsi olmaqla ümumilikdə 3 mərhələdən ibarət olur. Vakansiyalar barədə məlumat saytımızda və sosial şəbəkələrdə bunun üçün xüsusi yaratdığımız “Azər Türk Banklılar” səhifəsində yerləşdirilir.

- Əksər azərbaycanlılar üçün vəzifənin artması məsuliyyətin çoxalması deməkdir. Elə buna görədir ki, bir çox insan rəhbər vəzifələrə keçməyə cəsarət etmirlər. Yenilikçi bir xanım üçün mühafizəkar fikirli insanlarla mübarizə aparmaq necə çətindirmi?

- Məqsədlərim uğrunda inadkar və mübariz bir insan olduğumu düşünürəm. Fikrimcə, düzgünlüyünə inandığımız məqsədlər uğruna daima mübarizə aparmaq lazımdır. Çalışıram ki, lazımi situasiyalarda səbrli olub, düzgün arqument vasitəsilə istədiyim nəticəni əldə edim. Çətindir, amma mümkündür. Mən daima “avant-garde”-çı axından ilhamlanıram. İncəsənət tarixini oxumağı sevənlər bilir ki, zamanında yenilikçi, inqilabçı avant-garde rəssamlar, yazıçılar klassiklərə qarşı dirənməsəydi bu gün dünya mədəniyyətində kubizm, dadaizm, futurism və s. cərəyanları mövcud olmazdı.

- Sizə əvvəldə danışdığımız kimi, bankla bağlı da sualım olacaq. Leyla xanım, “Azər Türk Bank”-ın gələcək planları necədir? Nəyi hədəfləyirsiniz?

- “Azər Türk Bank”la bağlı bizim yeni hədəflərimiz var. Dayanmaq olmaz, çünki günün çağırışları, müştərilərin tələbləri daim artır və dəyişir. İstəyirik ki, növbəti il yeni “Mobilbank” tətbiqi və “Internetbanking” xidməti vasitəsilə, həm korporativ, həm də fərdi müştərilərimizi sevindirə bilək. Onlara yeni məhsullar təklif edəcəyik. Araşdırmalar edirik, uzun müddətli hədəfimiz daha çox rəqəmsallığa doğru getməkdir.

- İş, ailə, dostlarınız... Zamanı necə bölürsünüz? Övladınıza vaxt ayırmağa zamanınız olurmu?

Günümü adətən 3 yerə bölürəm, işim, fərdi inkişafımla bağlı getdiyim dil kursları, şəxsi həyatım – ailəm və dostlarım. Gün işlə başlayır, daha sonra kurslara gedir, ən sonda şəxsi həyatıma ayırdığım zamanla başa çatır. Bəzən övladımın yuxu saatından sonra, şəxsi inkişafım üçün lazım olan kitabları oxuyuram. Oğlumla körpəlikdən bir fərd kimi rəftar etmişəm. Fikrimcə, uşaqlara hər zaman seçim etmək hüququ vermək lazımdır ki, onlar daha sərbəst və yaradıcı böyüsünlər. Müşahidələrimə əsasən deyə bilərəm ki, ölkəmizdə bəzən valideynlər uşaqlarına ən kiçik mövzularda belə seçim etmək hüququ vermirlər və öz fikirlərini təkidlə qəbul etdirərək, fərqində olmadan onların inkişaf edən yaradıcılıq qabiliyyətini məhdudlaşdırırlar. Çalışıram ki, oğlumla dostu kimi rəftar edim. Ona həmişə deyirəm ki, “ana sənin dostundur, sən də mənim balaca dostum.”

- Söhbət övladınıza gəlmişkən, elə bir az da bu barədə danışaq. Uğurlu bir işgüzar xanım öz övladı ilə münasibətləri necə qurur?

- Oğlumun adı Ömərdir, amma, özü ona “Omar” deyilməsini daha çox xoşlayır. “Starbucks”ı çox sevir. Bərabər gedəndə orda ona kitab oxuyuram. Bu onun çox xoşuna gəlir. Bu arada Ömər də “Azər Türk Bank”ın müştərisidir. Məlumat üçün qeyd edim ki, istənilən valideyn Azər Türk Bankda 18 yaşına qədər olan övladı üçün öz kartına bağlı əlavə bank kartı açdıra bilər. Bu əlavə kartın üzərində övladının adı və soyadı olur. Mən özüm onlayn ödəniş etməyi çox sevirəm bu səbəbdən, daima ödənişlərimi kartla edirəm. Oğlumun xahişinə əsasən onun üçün də debet kart sifariş etdim və mənim nəzarətim altında daima istifadə edir. Ödənişini edərkən özü ilə çox fərəhlənir. O, kartının PİN kodunu bilir və başa düşür ki, PİN şifrəni digər bir kimsəyə söyləmək olmaz.

- Sosial şəbəkələrdə izləyirik ki, tez-tez oxuduğunuz kitablardan sitatlar, yaxud da kitabın adını paylaşırsınız. Bankın işçisi, marketinq mütəxəssisi olaraq bu sektorun gənclərinə hansı kitabları oxumağı məsləhət görürsünüz?

- Kitabları çox sevirəm, asudə vaxtlarımda, həm bəddi ədəbiyyat, həm də biznesə dair kitablar oxuyuram. Daima əl çantamda bir kitab olur, avtomobildə harasa gedəndə daha çox bədii ədəbiyyat, axşam və həftə sonları isə biznes kitablarını mütailə edirəm. Bilirsiniz, tövsiyə edilə biləcək kitablar çoxdur, bu səbəbdən hansısa xüsusi kitabın adını çəkmək yerinə mən gənc dostlarımıza daimi mütaliə etməyi tövsiyə edərdim. Özüm isə hazırda iki kitabı paralel oxuyuram, bunlardan biri Lina Echeverriyanın “Kreativ İnqilab” kitabıdır.

- Azərbaycanda qadın olmağın çətinlikləri nələrdir?

- Çətinliklər hər yerdə var, təkcə Azərbaycanda deməzdim, dünyanın hər yerində bəylərdən fərqli olaraq biz özümüzü daha çox sübut etməli oluruq. Düşünürəm ki, iş həyatında cins, yaş, irq, millət fərqi olmamalıdır. İnsan insandır.

- “Azər Türk Bank”ın sosial səhifələrini kim idarə edir?

-Bizim öz daxili komandamız. Bizim fəlsəfəmiz sosial şəbəkələri öz komandamızın idarə etməyini tələb edirdi. Bu səbəblə biz kreativ agentliklərdə çalışan peşəkar qrafik dizayner və kopirayter cəlb etdik. Komandamız vasitəsilə çalışırıq insanların emosiaları əsasında məzmunlar yaradaq. Hansı ki, bu məzmunlar insanlarda xoş hisslər oyadacaq. Biz inanırıq ki, müştərilərimiz ilə özümüz əlaqədə olanda bu daha məhsuldar və faydalı olur.

- Qadın idarəçilər ilə kişilər arasındakı fərqlər nələrdir sizcə?

- Bu sual mənə xaricdə təhsil aldığım vaxtı bizə keçirilən “Organizational behavior” (Təşkilati vərdiş) dərsini xatırlatdı. Bu dərsə aid kitabda bir səhifədə xüsusilə qadının iş həyatındakı fərqli tərəfləri göstərilirdi. Bilirsiniz, qadın anadır, onda qayğı hissi var. Bəzi mövzularda qadınlar daha həssas, emosional olurlar. Lakin bunlar özü də düzgün istiqamətləndirildikdə işin effektivliyini artıra bilir. Ana olmayan qadında belə qayğı hissi mövcuddur. Düşünürəm ki, bu yaradılışla əlaqəli bir şeydir. İşdə də bu həssaslıq və qayğıkeşlik özünü büruzə verir.

- Son olaraq, 2018-ci il üçün marketoloqlara nəyi arzu edərdiniz?

-Nəyinki digər həmkarlarıma, həm də özümə güclü, mübariz olmağı, inandıqlarımızın arxasında durmağı arzu edirəm. Hər kəsə yeni ildə uğurlar!

Ülviyyə Əlizadə

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün