çərşənbə axşamı, 16 yanvar 2018

Türkan Fərzəliyeva: “Vita1000” reklam çarxı ilə insanların duyğularına xitab etdi

12628

Facemark.az-ın “Az-Granata” MMC-nin marketinq meneceri Türkan Fərzəliyeva ilə olan müsahibəsi:

-“Az-Granata” şirkətinin istehsal etdiyi “Vita1000” meyvə şirəsi üçün hazırlanan son reklam çarxını ərsəyə gətirməkdə məqsəd nə idi?

“Vita1000” meyvə şirələri 2011-ci ildən “Az-Granata” şirkəti tərəfindən istehsal edilir və bazara çıxdığı ilk gündən istehlakçılar tərəfindən keyfiyyətinə və dadına görə rəğbət qazanıb. Bazara çıxdığı ilk vaxtlarda yeni meyvə şirəsi olduğu üçün marketinq strategiyamız və müvafiq kommunikasiya planı məhsulun funksionallığını önə çəkməyi tələb edirdi. Daha sonra 2015-ci ildə qablaşdırma dəyişikliyi ilə əlaqədar olaraq yenilənmə mesajı vurğulandı. Bu il isə yeni imic kampaniyası etməyə qərara gəldik. Funksionallıqdan emosionallığa keçən strategiyamızı bu reklamla istehlakçılarımızın nəzərinə çatdırmaq istədik.

- Türkan xanım, reklam çarxında şirkət nəyi vurğulamaq istəyib?

5 ildən artıq istehsal olunan və ilk gündəki kimi öz dadını, ləzzətini qoruyub saxlayan bir brend olaraq istehlakçılarmızın hər birinin duyğularına xitab etməyə çalışdıq. Onlarla eyni hissi bölüşüb, ən unudulmaz anlarında da yanında olmağı seçdik. Reklamın birinci hissəsində köhnə, 2-ci hissəsində isə yeni qablaşdırmanı istifadə edərək, qablaşdırma dəyişsə də, dad və keyfiyyətin ilk gündəki kimi olmasını da diqqətlərə çatdırdıq.

- Çarxın rejissoru kimdir?

Reklam çarxının çəkilişlərini “Art Lab” şirkəti həyata keçirib. Dəyərli rejissorumuz İlham Qasımovun peşəkarlığı nəticəsində belə bir reklam ərsəyə gəldi.

- Sirr deyilsə, reklam çarxı şirkətə hansı qiymətə başa gəlib?

Konkret qiyməti demək bəlkə də düzgün olmaz. Ona görə də, demək istərdim ki, keyfiyyət daha önəmli idi bizim üçün. Qiymət də bu keyfiyyətə uyğun idi. Hamı bilir ki, aşağı büdcələr ilə belə iş ortaya çıxartmaq olmur.

- Reklam çarxında eşitdiyimiz musiqi, aktyor hansı kriteriyalar əsasında seçilib?

Bu reklam çarxında musiqinin böyük əhəmiyyəti olduğu üçün xüsusi olaraq ssenariyə uyğun bəstələndi. Aktyor seçimində isə daha öncə heç bir reklamlarda olmayan üzlərin olmasına diqqət etdik. Həqiqətən həm aktyorların, həm də musiqinin istədiyimiz duyğuları çatdıra bildiklərini inanırıq.

- 2017-ci ildə şirkətlər tərəfindən bir çox reklam çarxları çəkilib. Amma məncə, bu il ən çox bəyənilən “Vita1000”in reklamı olub. Uğurun sirri nədədir?

Bəyəndiyiniz üçün təşəkkür edirəm. Komandamızla strategiyamızı hazırlayarkən bazar araşdırması zamanı istehlakçı rəylərini ön planda tutduq. Onların brend haqqındakı fikirlərini və gözləntilərini araşdırdıq. Bütün hallarda bir brenddən daha çox doğmalıq, səmimiyyət və duyğusal yanaşma istənildiyini müəyyən etdik. Buna görə də, uzunmüddətli kommunikasiya planımızda bu faktorları nəzərə almışıq. Real həyatdan bir anı ssenariləşdirərək reklam halına gətirdik. Reklamı paylaşdıqdan sonra bu ssenariyə uyğun minlərlə buna bənzər hekayə dinləmiş olduq. Eyni zamanda, müharibə şəraitində olan bir ölkənin brendi olaraq hər zaman əsgərlərimizin yanında olduğumuzu da çatdırmış olduq.

Gələcək kommunikasiya planımızda da bu istiqamətdə addımlar etməyi nəzərə almışıq. Düşünürəm ki, uğurun əsas sirri də məhz istehlakçılarımızla eyni hissləri paylaşmağımız və eyni zamanda isə ən önəmli məsələ peşəkar insanlarla komanda halında işləməyimiz oldu.

- Əlinizdə belə bir statistika mövcuddurmu? Məsələn, video sosial media kanallarında neçə nəfər tərəfindən baxılıb? Nə qədər şərh və “like” olunub?

Reklamı 1 dekabr tarixində, həm telekanallarda, həm də “Facebook” səhifəmizdə paylaşdıq. “Facebook” səhifəsində paylaşıldığı ilk saatda 1000-dən çox organic paylaşım və 80 minə yaxın baxış oldu. Eyni zamanda, “Facebook” və “Instagram”da izləyici sayı çox olan bloggerlər, səhifələr bəyənərək paylaşdılar. Hazırda sadəcə Vita1000 səhifəsində reklamın baxış sayı 500 minə, bəyənmə sayı 9 minə, şərh sayı isə minə yaxındır.

Şərhlərin çox qismi müsbət yöndədir. Təbii ki, reklamdakı bəzi nüanslarla – başıaçıq hərbi salam, hərbi stəkanla bağlı iradlar da oldu. Bu iradlara da aydınlıq gətirmək istərdim. Reklam yayımlanmadan öncə bu məsələləri diqqətlə araşdırmışdıq. Reklamda istifadə olunan dəmir stəkan sadəcə hərbidə istifadə olunmur və mətbəx ləvazimatları mağazalarında satılır. Bir çox iaşə obyektləri də bu dəstlərdən öz mətbəxlərində istifadə edirlər.

Digər məsələ isə, Müdafiə nazirinin 24 dekabr 2014-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Sıra Nizamnaməsinə” əsasən əsgəri salamlaşmanı başıaçıq da verməyə icazə verilməsi idi.

- Son reklam çarxının satışlarınıza təsiri hiss olunurmu?

Bu reklam imic yönümlü olmaqla brendinq strategiyamızın tərkib hissəsidir. Davamlı olaraq marka dəyərinin qorunması və artırılması strategiyamızın ayrılmaz hissəsidir. Digər tərəfdən, reklamın satışlara təsirini müəyyən etmək üçün kifayət qədər müddət keçməlidir. Ümumilikdə, isə brendlə bağlı var olan müsbət rəyi daha da möhkəmləndirdiyimizi hiss edirik.

Ülviyyə Əlizadə

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün