Korporativ Sosial Məsuliyyət (KSM) anlayışı biznes mühitimizdə gün keçdikcə daha da populyarlaşır. Bu sevindiricidir. Doğrudur, şirkətlərin bu növ fəaliyyətini görənlərin bəziləri qınayır ki, etdiyinizi niyə reklam edirsiniz. Amma məncə bu kimi işlər maarifləndirmə məqsədilə ictimaiyyətə çatdırılmalıdır.


Geridə qoymaqda olduğumuz 2017-ci ilin son günlərində qarşılaşdığım 3 KSM layihəsi barədə danışacam:


Baba.az layihəsi (Blackstreet.az)


“Savaba Ortaqlıq” layihəsi (Azər Türk Bank)


“Zolağı Pozma” layihəsi (Hyundai Azərbaycan)


“Baba.az”


Bir neçə gün öncə bu haqda bloqumda yazmışdım. ABŞ-da yaşayan azərbaycanlılar Fərhad ƏləkbərovFuad Ağayevin (Blackstreet.az) dəstəyi ilə müxtəlif regionlardan olan uşaqlar üçün Yeni İl hədiyyələri alındı və çatdırıldı. Çox maraqlı və rəngarəng bir fəaliyyət izlədik.



Maraqlısı odur ki, yuxarıda adını çəkdiyim dostlarımızla yanaşı, bu layihəyə “Vizam.az“, “Canal Hostel“, “Mover.az“, “ASB Bank” və “Antaris” şirkətləri dəstək oldu. Bu dəstəyin nəticəsi isə Qubadan olan bir müəllimin yazdığı bu mesaj oldu. Əminəm ki, həmin gün o rayonlardakı bütün müəllim və şagirdlər bənzər hissləri yaşayıb.



“Baba.az” layihəsi haqda ətraflı layihənin “Facebook” səhifəsindən məlumat ala bilərsiniz.



“#SavabaOrtaqlıq”


“Əşyalara deyil, insanlara investisiya etmək zamanıdır!” deyə təsirli bir sloqanla KSM fəaliyyəti göstərən “Azər Türk Bank” kollektivi, bu ilin Novruz Bayramında başlatdığı gözəl addımı Yeni İl ərəfəsində də davam etdirərək, bu fəaliyyəti ənənəyə çevirmək yolundadır.




Belə ki, Bank korporativ müştərilərinə göndərəcəyi hədiyyələrin pulu ilə ölkənin müxtəlif universitetlərində təhsil alan bir neçə gəncin təhsil haqqını ödəyir, həmin müştərilərinə isə bir məktub (yanında da simvolik hədiyyə, məsələn bu bayramda divar saatı) göndərərək, bu layihəyə ortaq olduqları üçün onlara təşəkkür edir. Fikir verin, həm onlarla gəncin təhsilinə dəstək olmaqla möhtəşəm bir iş görür, həm də oturduğumuz yerdə bizi savaba ortaq edir. Əla düşünülmüş addımdır.


“#ZolağıPozma”


#ZolağıPozma KSM layihəsi çərçivəsində “Hyundai Azerbaijan“ın hazırladığı videoda tıxac zamanı TƏCİLİ YARDIM və digər operativ nəqliyyat vasitələrinə yol verməyin qaydaları izah edilir.


Bu layihədə maraqlı olan başqa bir nüans var. O da VİRAL. Demək, KSM layihəsi çərçivəsində “Hyundai” komandası kiçik bir addımla böyük həcmli bir viral fəaliyyət ortaya qoyub. ilk dəfə “Xəzər TV”də yayımlanan kadrlar qısa zamanda bütün sosial mediada paylaşılıb, bildiyim qədərilə 30-dan çox xəbər saytı, minlərlə səhifələr və şəxslər videonu paylaşıb. Bunu görəndə (daha doğrusu “Hyundai”ın viral fəaliyyəti olduğunu biləndə) çox bəyəndim, ona görə qərara aldım ki, mütləq bu yazıda olsun.


Videonun özü isə budur:



İlk cümlələrdəki fikrimə qayıdaraq, bildirmək istəyirəm ki, KSM fəaliyyəti təbliğ olunmalıdır. Dostlar, bir şeyi nəzərə alın ki, bu tip fəaliyyətlərin PR olunması zamanı hansı şirkətin səmimi olduğu, hansı şirkətin PR xatirinə etdiyini əksər hallarda anlamaq olur. Necə ki, iki dostunuz olur, biri hansısa gözəl iş görəndə deyirsiniz ki, əhsən, filankəsə yaraşan da budur. Digər dostunuz gözəl bir iş görəndə isə deyirsiniz ki, 100% arxasında nəsə var bunun, yoxsa filankəs belə addım atan adam deyil. Eynilə də şirkətlərin (o şirkətin əməkdaşlarının) fəaliyyətini izləyəndə adətən bunu anlamaq olur ki, bu PR xatirinə edilən addımdır, yoxsa şirkət sosial məsuliyyətini anlayır və bu yolda nələrsə etməyə çalışır.


2018-ci ildə şirkətlərimizdən (xüsusən orta və böyük) daha çox və daha faydalı KSM layihələri görməyi arzulayırıq.


Sən necə düşünürsən? Fikrini bizimlə bölüş: