Amerikanın ən qədim, 129 yaşlı şirkəti “Kodak” KodakCoin adlı kriptovalyuta istehsal edəcəyini açıqlayıb.


Facemark.az xəbər verir ki, bu açıqlamadan sonra, şirkətin səhmləri sürətli bir şəkildə yüksələrək 289% artıb. Şirkətin səhmləri maksimum 6,85 dollaradək yüksəlib.


Bundan başqa, şirkət bu ayın sonunda blokçeyn platforması “KodakOne” da işə salmağı planlaşdırır.


Şirkət açıqlamasında bildirib ki, onlar “KodakCoin”i İngiltərənin “Wenn Media Group” şirkəti ilə əməkdaşlığı çərçivəsində ərsəyə gətirəcəklər.


“Kodak”ın direktoru Cef Klark deyib ki, bu bütün dünyada olan fotoqrafların müəllif hüquqlarının qorunmasından dolayı yaradılır: “Yeni texnologiyalar fotoqrafiya ilə məşğul olan insanlara yaradıcı və asan şəkildə müəllif hüquqlarını qorumaq imkanı verir”, - deyib.


“Kodak” tərəfindən yaradılacaq proqram internetin izlənilməsinə və icazə alınmadan istifadə edilən fotoların tapılmasına kömək olacaq. Beləliklə, şirkət müəllif hüquqlarını fotoqrafa “KodakCoin” ilə satacaq.


Bəzi mütəxəssislər isə “Kodak”ın müəllif hüquqlarının qorunması üçün atacağı addımın bazarda olanlardan heç nə ilə fərqlənmədiyini və çox da faydalı olmacağını düşünürlər.


Qeyd edək ki, bir əsrdən çoxdur ki, bazarda olan “Kodak” şirkəti uzun müddət bazarda foto avadanlıqların satışı üzrə lider olub. 2000-ci illərin əvvəllərində isə şirkət yeni texnologiyalara keçid edə bilmədiyinə görə iflas edib. 2004-cü ildən bəri “Kodak”ın səhmlərinin dəyəri 90%-dən çox aşağı düşüb. 2012-ci ildə isə şirkət əsas aktiv və səhmlərini satıb. Hazırda isə şirkət rəqəmsal çap xidmətləri göstərir və fotomateriallar üçün lisenziyalar satır.