bazar ertəsi, 19 fevral 2018

“Keepface”in layihə rəhbəri: 300 000 dollarlıq investisiya sürətimizi daha da artıracaq

1265

Facemark.az-ın bu günlərdə xaricdən 300 000 dollar investisiya cəlb etməyə nail olan, Azərbaycan startupı, “Keepface”in layihə rəhbəri Vaqif Abbasov ilə olan müsahibəsi:

- Vaqif bəy, öncə sizi və komandanızı layihə rəhbərlərindən biri olduğunuz “Keepface” üçün aldığınız 300 000 dollar dəyərində olan investisiya üçün təbrik edirəm. Şübhəsiz ki, bu rəqəm kifayət qədər böyük hesab oluna bilər. Ona görə də, bir neçə gündür mətbuatda, sosial şəbəkələrdə Azərbaycan startupının 300 000 dollarlıq investisiya alması məsələsi müzakirə olunur. Məlumatı olmayanlar üçün “Keepface” nədir?

“Keepface” “influencer marketing” kampaniyalarını avtomatlaşdıran platformadır. Brendlər platformadan istifadə edərək əməkdaşlıq etmək istədikləri “influencer”ləri seçərək bütün prosesi platforma üzərindən həyata keçirdə bilirlər. Ən önəmlisi isə kampaniyalara “real-time” nəzarət edə bilir və istədikləri vaxt hesabatları əldə edə bilirlər.

- “Keepface”in mərkəzi ofisinin yerləşdiyi Dubayda layihəyə kim rəhbərlik edir?

Hazırda “Keepface” 7 ölkədə 2 ofislə fəaliyyət göstərir. 3-cü ofis Türkiyədə qurulur. Dubayda mərkəzi ofisimiz yerləşir, amma komandanın böyük hissəsi hazırda Azərbaycandadır.

- “Keepface”ə investisiya edən şirkətin Birləşmiş Ərəb Əmirliyində yerləşən özəl fond olduğu deyilir. Sirr deyilsə, adını açıqlaya bilərsiniz? Söhbət hansı şirkətdən gedir?

İnvestisiya edən şirkət MENA bölgəsində maliyyə yatırımları edən vençur kapital şirkətdir. Təəssüflər olsun ki, müqaviləyə əsasən adın açıqlanmasına icazə verilmir.

- Şübhəsiz ki, hər kəs üzərində əmək çəkdiyi startupın uğurlu olması ilə yanaşı, investorlar tərəfindən də cəlbedici olmasını arzulayır. İndi sizin komanda investisiyanı da aldı. Nə etmək niyyətindəsiniz? Bu pul hansı istiqamətlərə xərclənəcək?

Hazırda biz “Seed” (toxum) investisiya əldə etdik. Startaplar üçün bu önəmli mərhələdir. Amma bu hələ başlanğıcdır. Bir il sonra A seria investisiya mərhələsinə çıxmağı düşünürük. Bunun üçün bu mərhələdə qarşıya qoyduğumuz hədəflərə çatmalıyıq. İnvestisiya məbləği fəaliyyət sahəsini genişləndirməyə və platformanın texniki inkişafına sərf olunacaq.

- İnvestisiyadan öncəki qiymətləndirmə 2 milyon dollar dəyərində idi. Sizcə, hazırda aldığınız pul öncədən qiymətləndirilən məbləğ ilə müqayisədə az deyilmi?

Biz dəyərləndirməyə uyğun olaraq şirkət səhmlərinin 300 000 ABŞ dolları miqdarında investisiya edən şirkətə verdik. Bu mərhələdə biz daha çox səhm satışa çıxarmaq istəmədik. İnvestisya etmək istəyən başqa şirkətlər də var, amma növbəti mərhələyə qədər yeni bir səhm satışına çıxmağı düşünmürük.

- Layihənin inkişaf etdirilməsi üçün əlavə investorların cəlbi gözlənilirmi?

Qarşıda böyük bir mərhələ var, əgər işlərimiz planlaşdırıldığı kimi getsə, əlavə maliyyə resursuna ehtiyac olmayacaq. Yalnız A seria mərhələsində növbəti investisiya raundu elan edəcəyik. O zaman şirkətin dəyəri daha yüksək olduğundan böyük investisiya əldə edə biləcəyik.

- Əldə etdiyiniz investisiya əvəzində layihəyə pul yatıran fond qarşısında hansı öhdəlikləriniz olacaq?

Əlavə heç bir öhdəliyimiz yoxdur. İnvestisiya edilmədən öncə komanda qarşısında qoyulan öhdəliklər olduğu kimi qalır. Maliyyə resursunun olması bizi daha sürətli yeni bazarlara daxil olmağa kömək edəcək. Yəni, sürətimiz daha da artacaq.

- Layihə rəhbəri olduğunuz startup üçün neçə müddətdir ki, çalışırsınız? və Neçə nəfər komanda ilə?

2 ildir ki layihə üzərində çalışırıq. Öncə tək idim. Böyük hədəflərə çatmaq isə tək mümkün deyil. Ona görə də, ilk təsisçi komandası qurduq. 3 ortaq olaraq işə başladıq. Hazırda komanda 23 nəfərdən ibarətdir.

Gələcək işlərinizdə uğurlar!

Ülviyyə Əlizadə

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün