bazar ertəsi, 19 fevral 2018

Azərbaycanda dizayner və videoqrafların müştərilərlə yaşadığı çətinlik nədir?

322

Azərbaycanda reklam agentliklərinin işindən mətbuatda həmişə səthi danışılır. Amma reklam agentliklərinin ayrılmaz əməkdaşları olan dizayner və videoqrafların işləri, onların müştərilər ilə yaşadığı problemlərdən isə çox az insan xəbərdardır.

Facemark.az iş prosesində dizayner, videoqrafların rastlaşdığı çətinlikləri araşdırıb.

Dizayner, Rövşən Əliyev:

Rövşən Əliyev deyib ki, dizaynerlərin işinə fərqli fikirlər qarışanda ortaya effektsiz iş çıxır: “Əslində, belə bir anlayış var ki, müştərilərin dediyini etmək lazımdır. Ancaq mən bu fikirlə razılaşmıram. Məsələn, dizayn elə sahədir ki, əgər orda fərqli fikir və beyinlərin məhsulu varsa, yaxşı nəticə əldə etmək olmur. Belə fikir var “Bir işi bir nəfər görər”. Dizaynerə hər kəs əlavə fikir bildirəndə həmin dizayn effektsiz olur”.

Onun sözlərinə görə, müştəri deadline-a az vaxt qoyur: “Əsas problemlərdən biri də məhz qeyd etdiyim nüansdır. Düzdür, burda SMM, yoxsa müştəri günahkardır dəqiq deyə bilməyəcəm. Amma deadline az vaxta qoyulduğuna görə, dizayner və videoqraf bundan çox əziyyət çəkir”.

R.Əliyev bildirib ki, reklam agentliyi 30 müştəri ilə işləyirsə, dizayner həmin iş yükünün altından çıxmaqda çətinlik çəkir: “Düşünürəm, reklam agentliklərində bir yox, bir neçə dizayner olmalıdır. Müştərilər daha tez post istəyəndə, dizayner qısa zaman kəsiyində keyfiyyətli iş ortaya qoya bilmir. Müştərilər bizdən sual edəndə ki, nə üçün bu iş yaxşı alınmadı? Səbəb isə çox sadədir. Vaxt azdır”.

Müştərilər ilə yaşadığı çətinliklərdən danışan müsahibim deyir ki, qarşı tərəf öz dediyini etdirməkdə israr edir: “Ya dizaynın yaxşı olmadığını bilir, ya da bunun fərqində deyil, amma müştəri fikrində qətidir. Müştəridir. Nə etmək olar?”.

Onun sözlərinə görə, müştərinin ola bilər, çox yaxşı ideyası olsun, amma onun art tərəfi müştərinin istədiyi kimi olmaya bilər: “Bütün yaxşı ideaları dizayn etmək asan deyil”.

Öz təcrübəsindən çıxış edərək danışan R.Əliyev bildirib ki, məsələn, bəzən olub ki, biz müştəriyə izah etmişik, həmin ideya uğursuz alınacaq: “Müştəri isə həmin ideyanın dizayn edilmiş versiyasını görmək istəyib. Həmin işi müştəriyə təhvil verdikdə isə məlum olur ki, müştəri bizim qənaətə gəlir. Yəni, iş bizim əvvəlcədən də dediyimiz kimi keyfiyyətsiz olur. Yekun nəticədə də, vaxtımız səmərəsiz istifadə edilir”.

Rövşən Əliyev deyib ki, Azərbaycanda bu sektor yeni-yeni inkişaf edir: “İnsanlar yeni fikirlərə hələ də açıq deyirlər. Bəlkə də onlar hələ də gözlərinin alışdığı fikir və dizaynı görməyə alışıb. Fərqli dizayn isə çox vaxt qəbuledilməz olur. Müştəri trend tələb edir, amma yenilik görəndə də ondan uzaq durur. Hazırda belə paradoks yaranıb”.

Videoqraf, Orxan Mustafa

Videoqraf Orxan Mustafanın sözlərinə görə, onun peşəsi tələb edir ki, əlində mütləq ssennari olsun: “Dizaynerin işindən fərqli olaraq mənim əlimdə konkret ssennari olmalıdır. Mən bilməliyəm ki, hansı ssennari üzrə iş ortaya qoyacam. Ssenari də videoqraf deyil, art director, creativ director, copywriter tərəfindən verilməlidir. Əlbəttə, qeyd etdiyim nüans kiçik postlara aid deyil. Amma reklam agentliyi böyük bir iş ortaya qoymaq istəyirsə, mütləq əvvəlcədən ssennari yazılmalıdır. Mən də həmin ssennari üzrə işləməliyəm. Fikirləşirəm ki, böyük işlər üçün 1-3 gün vaxt qoymaq və videoqrafı tələsdirmək düzgün deyil”.

O, əlavə edib ki, iş prosesində çətinlik çəkdiyi məsələlər yoxdur: “Əsasən, özüm özümə tələblər qoymuşam. Yəni, elə işlər ortaya qoymaq istəyirəm ki, o gələcəkdə mənim portfoliuma daxil olsun. Buna da təəssüf ki, vaxt azdır”.

Orxan Mustafa qeyd edib ki, müştəri bizdən tələb edib ki, biz bu cür iş istəyirik: “Onlara izah etməli olmuşuq ki, bunun üçün əlavə büdcə ayrılmalıdır, üstəgəl daha peşəkar avadanlıqlarımız olmalıdır”.

O, deyib ki, bəzən olur ki, müştəri məndən mənim bəyənmədiyim işi görməyimi tələb edir: “Düzdür, həmin an müştərinin istəyini yerinə yetiririk. Amma özümə gəldikdə isə həyatda ən nifrət etdiyim an bəyənmədiyim işi görməkdir”.

Videoqrafın sözlərinə görə, bu peşədə birinci növbədə işini sevməlisən, amma müştəri məndən sevmədiyim işi görməyimi istəyir: “Qəribədə olsa, bu onların xoşuna gəlir”.

Davam edəcək...

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün