Bir müddət öncə sizə, reklam agentliyində çalışan işçilərin müştərilər ilə yaşadığı problemlərdən danışmışdıq. Bugünkü yazımızda isə Sizə reklam agentliyinin rəhbərinin gözü ilə müştərilər ilə yaşanan problemlər, razı qalınan nüanslar və s. ilə bağlı yazı hazırlamışıq.


“Endorphin” şirkətinin rəhbəri Orxan Kərimov Facemark.az-ın suallarını cavablandırıb.


- Reklam şirkəti rəhbərlərinin və SMM-lərin müştərilər ilə yaşadıqları problem, çətinliklər nələrdir?


Hər iki tərəfin işini bilməsi çox önəmlidir. Bizim işimizdə tək tərəfli “sevgi” yoxdur. Düşünürəm ki, bizim sektorda yalnız agentlik və müştərilərin çiyin-çiyinə əməkdaşlığı uğura aparır. Əgər müştəri, “mən pul verirəm, düşünmək, hazırlamaq, ərsəyə gətirmək sizin borcunuzdur!” deyirsə, ortaya qoyulan iş də uğurlu olmayacaq. Dünyada belə bir örnək də yoxdur.


- Müştərilər ən çox hansı nüanslardan narazı və razı qalırlar?

Müştərilər az pulla çox işdən, az pulla keyfiyyətli işdən, az pulla effektiv işdən, çox yorulmadan qazanılacaq böyük uğurlardan razı qalardılar deyəcəm, yalan olacaq, çünki elə bir dünya yoxdur. Amma əsas problem heç onlarda da deyil. Bəzən marketinq komandası çalışmaq, seçmək istədiyi agentliyi də seçə bilmir. Bu da ən böyük problemlərdən biridir.


Narazılığa gəldikdə isə əgər hər iki tərəf bir- birini gözəl başadüşürsə, frekanslar tutuşursa, uyumludursa, məhsulun reklam edilməsini istəyən müştəri məmnundursa, agentlik də həmin müştəri ilə işləməkdən zövq alırsa, narazılıq olmamalıdır. Mənə də zorla bu agentliklə işləyəcəksən desələr, mən də müştəri olsaydım yolaverərdim.


- Müştərilərin gözləntiləri nələrdir?


Yenə deyirəm ola biləcək ən yaxşısı. Amma biz də çox “yolaverən” və həqiqətən işinin ağası olan, nə istədiyini bilən müştərilərlə çalışmışıq. Gözlənti üçün plan, strategiyanın, KPI-ların və hədəflərin olmasi vacibdir. Problemin nə olduğunu bilmədən ona yaradıcı həll yolu axtaranlar nəticə gözləməsin. Bir də bizə “Hollywood” filmi göstərib, amma büdcəmiz yoxdur deyənlər, ancaq özünü qonşu ilə müqayisə edənlər, heç bir zaman öz orijinal fikirləri olmayan, ancaq adaptasiya edənlər, reklam yerinə “elan” sifarişi edən, “feyk” tenderlər edib, sonunda öz “ürəyindəkini” seçənlərin nə gözləntisi olabilər ki?!


- Müştərilərə nəyi izah etmək məcburiyyətində qalırsınız? (Bu, layihə çox büdcə tələb edəcək, peşəkar çəkiliş üçün avadanlıqlarımız yoxdur və s.)


HƏR ŞEYİ. Çox az sayıda müştərimiz var ki, onlarla çalışmaqdan zövq alırıq. Beləsini də tapanda öpüb başımızın üstünə qoyuruq.