Keçən dəfə nənəmi rayondan şəhərə gətirmişdim. Ona Bakını gəzdirdim. Evə qayıtdıqdan sonra isə mənə dedi ki, bu gün çox əla keçdi, amma o nə idi metro, avtobus, küçədə hər kəs başını telefonundan ayırmırdı. Cavabım isə sadə oldu: İndi şəhərdə hamı belədir.


Başımız o qədər iş həyatına qarışıb və hər gün demək olar ki, eyni işləri görürük ki, ətrafımızdakı insanların necə dəyişdiyini görə bilmirik. Əslində, nənəm haqlı idi. İnsanlar doğurdan da başını telefondan ayırmırdılar.


Məsələn, “Online Market Intelligence” (OMI) araşdırmasına görə, Rusiyada insanların 83%-i smartfonlarına bir deyil, birdən çox messenger köçürdüb. Nəticədə, onlar mütəmadi olaraq orda nə baş verdiyini yoxlamalı olurlar. Daim onlara kimsənin nəsə yazacağını gözləyirlər. Məsələn, keçən dəfə dostum qıza mesaj yazıb. Sonra isə onun yazmağını gözləyib: O isə daha sonra mənə danışır ki, həmin gün bütün psixologiyası pozulub: “Bütün günü telefona baxaraq keçirdim. Axmaq telefondan, axmaq bir mesajın gəlməsini qəzəb, kin, səbrsizliklə gözlədim. Ağlıma isə müxtəlif fikirlər gəldi. Niyə yazmadı?, nə baş verdi?, məndən hansı hərəkətimə görə incidi?”


Qayıdaq 20 il əvvələ..... İnsanların “ağıllı” telefonları yox idi, təbii ki, heç bir messengerin yüklənməsindən də söhbət gedə bilməzdi. Onlar şəhərlərarası telefonla çox vacib zəngləri edir və asta ritmlə qarşı tərəfin cavabını gözləməyə başlayırdılar. İndi isə insanlar messengerdən kiməsə nəsə yazır, hər dəqiqədən bir telefonu yoxlayır, cavab gözləyirlər.


Məsələn, amerikalılar arasında keçirilən sorğuya görə, onlar hər 6 dəqiqədən bir smartfonlarını yoxlayırlar. Bu isə gün ərzində 150 dəfə yoxlama deməkdir. Başqa bir təhqiqatın nəticələri qorxuludur, belə ki, söhbət gün ərzində 300 dəfə smartfonun yoxlanmasından gedir. Ceyms Roberst, marketinq üzrə professor deyir ki, kollec tələbələri gün ərzində 8 saat 48 dəqiqə vaxt keçirdirlər. Bəzi araşdırmalara görə, tələbələr telefonlarını “vibrasiya”ya salır və ciblərinə qoyurlar ki, hər-hansı titrəmədə onlara gələn mesajlardan xəbərdar olsunlar. Sizcə, bu narkomaniyanın başqa bir forması deyilmi?


Nənəmin dediyi kimi “İnsanlar başlarını telefondan ayırmırlar” probleminə necə həll yolu tapmaq olar? Əlbəttə, birinci məsləhət görə bilərik ki, smartfonlarınızdan bütün messengerləri silin. Telefonunuzu ancaq vacib zənglər üçün açıq qoyun. Haqlısınız, bu ilk həftələr çətin olacaq, amma sağlamlığımız üçün bu addımı atmalıyıq, elə deyil?!