“Facebook”dan sonra “Google” şirkəti də kriptovalyuta ilə bağlı bütün reklamları qadağan edəcək. Artıq bununla bağlı şirkət qərar da qəbul edib.


Facemark.az xəbər verir ki, “Google”un davamlı reklamlar üzrə direktoru Scott Spencer CNBC-yə açıqlamasında deyib ki, şirkət maliyyə xidmətləri ilə bağlı reklam siyasətlərində yeni dəyişikliyə gedir:


“Google” investisiya məsləhətləri, ICO və kriptovalyuta ilə bağlı kontentləri olan bütün reklamları bloklayacaq”. Həmçinin, qanuni şirkətlər belə “Google”un adıçəkilən xidmətlərindən faydalana bilməyəcəklər.


Kriptovalyuta ilə əlaqədar reklamların bloklanması isə 2018-ci ilin iyun ayından etibarən qüvvəyə minəcək.


Qeyd edək ki, daha öncə belə bir həmləni “Facebook” etmişdi. “Facebook” sosial şəbəkəsindən bildirilmişdi ki, yalan və dələduzluqla assosiasiya edilən maliyyə məhsullarının reklamlarının platformada yerləşdirilməsini qadağan edəcək.Qadağa xüsusi ilə kriptovalyuta ilə bağlı olan reklamlara şamil olunacaq.


“Facebook”un yeni siyasətinə, əsasən kriptovalyuta kimi insanları aldadan maliyyə məhsulları və xidmətlərin reklamı qadağan olunacaq”, - deyə şirkətin açıqlamasında deyilmişdi. Məsələn, kriptovalyutanın bir növü olan və son vaxtlar haqqında tez-tez danışılan bitkoin də qadağan olunanların siyahısına daxil olub.Bundan başqa, platformada belə təkliflər səsləndirmək mümkün olmayacaqdı: “Pensiya yığımlarından istifadə edərək kriptovalyuta ala bilərsiniz. ICO-da iştirak edərək kriptovalyutanı güzəşt ilə ala bilərsiniz və s.”. “Facebook” rəhbərliyi istifadəçilərdən yeni qaydaları pozanları xəbərdar edilməsini də xahiş etmişdi.