çərşənbə, 2 dekabr 2020

Regional dəyərlərin markalaşmasında coğrafi göstəricilərdən istifadə imkanları


Fərrux Rəhimov


1686

Çox qədim zamanlardan başlayaraq insanlar məskən saldıqları ərazilərə və onların yaxınlığındakı ayrı-ayrı obyektlərə müxtəlif adlar vermişdir. Nəticədə coğrafi adlar meydana gəlmişdir. Yerlə bağlı olub xüsusi ad daşıyan obyektlərə coğrafi obyekt deyilir. Hər növ materik, okean, dəniz, körfəz, ada, yarımada, kənd, şəhər, qəsəbə, zirvə, dağ, yayla, düz, dərə, göl, arx, kanal və s. coğrafi obyekt adlanır.

Coğrafi obyekt adları zaman-zaman bəzi məhsulların adlarında əks olunur və nəticədə o bölgənin adı çəkildikdə həmin məhsul yada düşür. Məsələn: Lənkəran limonu, Quba alması, Şəki halvası, Təbriz xalçası və s. Coğrafi işarələr, müəyyən bir bölgədən qaynaqlanan ya da diqqətə çarpan bir əlaməti, sorağı və ya digər xüsusiyyətləri etibarilə bu bölgə ilə qaynaşmış müəyyən məhsulu göstərən işarələrdir.

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Coğrafi göstərici (işarə)”— əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarədir.

Bu Qanunda istifadə edilən digər anlayışlar aşağıdakılardır:

əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır);

kollektiv nişan — ittifaqın, assosiasiyanın, hər hansı birliyin adına qeydə alınan nişan və ya nişanların kombinasiyasıdır;

transliterasiya — bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsidir.

Bir bölgənin hər hansı məhsulu, meyvəsi, daşı, mədən digər bölgələrdə istehsal edilən müvafiq məhsuldan fərqli ola bilər və ya bir bölgədə istehsal edilən xalça, kilim, parça, çini və s. hər hansısa səbəblə şöhrət qazanmış ola bilər. Bu məhsulların üzərində o bölgənin adının istifadə edilməsi, istehlakçılar tərəfindən o məhsulun bənzərlərindən fərqli xüsusiyyətlərə sahib olduğu şəklində qəbul edilə bilər. İstehlakçılar müvafiq bölgə adıyla satılan məhsulları o bölgənin adına duyduqları etibar hesabına, eyni növdəki digər məhsullardan seçimə bilərlər.

Bu mənada coğrafi işarətlər təkcə məhsulun adını deyil, eyni zamanda ənənəvi istehsal formalarının, ixtisaslaşmanın nəticəsi olan bilginin müəyyən məhsul nümunəsində formalaşdığı, paketləndiyi, alındığı və satıldığı meyara çevrilir. Məhsulun keyfiyyəti, ənənəvi istehsal metodu və coğrafi mənbəyi arasında qurulan bağlılığı simvollaşdıran zəmanətdir.

Bir məhsulu digər məhsullardan ayıran ad, simvol, anlayış, rəng, dizayn və ya bunların müxtəlif kombinasiyası olmaq baxımından coğrafi işarətləri markaya bənzətmək mümkündür. Müasir iqtisadiyyat şəraitində bazardakı məhsul və xidmətlərin sayı və çeşidləri artdıqca markalaşmanın əhəmiyyəti daha da artır. Məlum olduğu kimi vizual (görsəl) ünsürlərlə yanaşı bu ünsürlərə yüklənmiş anlam və duyğuların vəhdəti markalaşma adlanır. Ümumiyyətlə məhsul beynin sol, yəni rasional tərəfinə yönəlirkən, marka beynin sağ, yəni emosional (duyğusal) tərəfinə yönəlir. Bu nöqteyi nəzərdən coğrafi işarətlərin markalaşması həm o məhsulun bazar payının artırılması, həm də müvafiq yaşayış məntəqəsinin tanıdılması baxımından çox əhəmiyyətlidir.

Azərbaycan coğrafi mövqeyi və xüsusiyyətləri ilə həmçinin köklü mədəniyyətiylə coğrafi işarələr baxımından olduqca böyük potensiala malikdir. Qısa məsafələrdə qeydə dəyər müxtəliflik ərz edən təbii zənginliyi, tarix boyunca müxtəlif mədəniyyətlərə ev sahibliyi etməsi, müxtəlif etnik qrupların yaşaması kimi xüsusiyyətlər sayəsində hələlik 13 coğrafi göstəricinin (2017-ci il) qeydiyyatdan keçirildiyi ölkəmizdə irəlidə bu rəqəmin daha çox artacağını söyləmək mümkündür. Çünki, Azərbaycan zəngin və qədim tarixə malikdir.

Min illər ərzində Azərbaycanın ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş özünəməxsus rəngarəng mədəni irs yaradılmışdır. Azərbaycanda hər bir bölgənin özünəməxsus xüsusiyyətləri - etik dəyərləri, yaşam tərzi və qaydaları o cümlədən yerli və ya beynəlxalq brend olmaq potensialı daşıyan məhsulları var.

Misal üçün: Bakı-Abşeron bölgəsində Zirə yemişi, Hövsan soğanı, Bilgəh zəfəranı, Maştağa zəfəranlı çayı, və s; Gəncəbasar bölgəsində Gəncə tərxunu, Gəncə paxlavası, Gədəbəy kartofu, Daşkəsən balı, və s; Qarabağ bölgəsində Qarabağ kətəsi, Qarabağ şabalıdı, Qarabağ xalçaları, Qarabağ xoşabı, Qarabağ atı, Ağdam xoruzu, və s; Naxçıvan bölgəsində əsasən mineral sular Badamlı, Sirab, Vayxir, Naxçıvan təndir lavaşı, Naxçıvan plovu, Ordubad maş şorbası, Ordubad qozu, və s; Şirvan bölgəsində Göyçay narı, İsmayıllı ədviyyatı, “Çuxuryurd” suyu (Şamaxı rayonu), “Bədo” suyu və Namazgah” suyu (İsmayıllı rayonu), İsmayıllı pendiri, İsmayıllı şoru, İsmayıllı balı, Lahıc kəndində qalayçılıq və misgərlik məmulatları, və s; Quba-Xaçmaz bölgəsində Bölgə daha çox xalq seleksiyası yolu ilə onlarla meyvə növü yetişdirilmişdir. “Cibir alması”, “Cırhacı alma”, “Şirvan gözəli”, “Mehdiqulu cır alması”, “Qış qar armudu”, “İspik armudu”, “Nar armudu”, “Abasbəyi”, “Yay qar armudu”, “Sərçə Əbud armud” və s. Quba xalçası, Quba alması, tıxması, Quba həlimaşısı, və s; Lənkəran bölgəsində geniş çeşiddə plovlar (“daşma-plov”, “süzmə plov”, “boranı plov” və s.) və müxtəlif ləvəngilər (balıq ləvəngisi, toyuq ləvəngisi), Lənkəran limonu, və s; Şəki-Zaqatala bölgəsi Şəki pitisi, Şəki halvası, Şəki paxlavası və s; Kəlbəcər-Laçın bölgəsində Kəlbəcərdə “İstisu”, Laçında “Turşsu”, və s; Aran bölgəsində Sabirabad qarpızı və s. kimi markaya çevrilə biləcək məhsullar mövcuddur.

Sevindirici haldır ki, son illərdə ölkəmizdə coğrafi göstəricilərin əmtəə nişanı kimi qeydə alınmasında dair qanunvericilik hazırlanıb və müvafiq addımlar atılmağa bağlanıb. Prezident İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamına əsasən bu sahədə qarşıya qoyulan vəzifələrdən biri “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi idi. 2016-cı il oktyabrın 5-də isə Prezident İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmanla yerli məhsulların xarici bazarlara çıxarılması işinin təşkili, bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası, həmçinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq edilib.

Hazırda ölkəmizdə 13 coğrafi göstərici qeydiyyatdadır. Bunlar “Badamlı”, “Duzdağ”, “Sirab”, “İrəvan xalçası”, “Əştərək xalçası”, “Zəngəzur xalçası”, “Vayxır”, "Yalxı ispirək kəlağayısı”, "Duvağ kəlağayısı”, "Heyratı kəlağayısı”, "7 rəng kəlağayısı”, "Qoşa haşiyə" və "Abbasəli kəlağayısı”dır . (Şəkil 1.)

Coğrafi göstəricilərin qeydiyyata alınması və düzgün istifadəsi, həmçinin qeyri-qanuni istifadəsinin qarşısının alınması kimi addımlar gələcəkdə istər ayrı-ayrı şəhər və rayonların markalaşması, istərsə də bütövlükdə Ölkənin markalaşması baxımından mühüm addımdır. Bu cür məqsədyönlü fəaliyyətlər sayəsində yaxın zamanda ölkəmizdə bir çox yerli, regional və qlobal markaların yaranacağını söyləmək mümkündür.

Ədəbiyyat

1. N.G. Məmmədov “Toponimika” (dərslik), Bakı Dövlət Universiteti nəşriyyatı, Bakı 2007

2. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Milli Məclisi, Qəbul edilmə tarixi:12.06.1998. http://www.e-qanun.az/framework/3293#

3. Türk Patent İnstitutu “Coğrafi işarətlər”, Ankara, 2016

4. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2017-ci ildə görülən işlərə dair hesabat. http://smp.gov.az/content/uploads/2017-ci%20ilin%20Hesabat%C4%B1.pdf

5. Coğrafi göstərici statusu verilə biləcək əmtəə və məhsulların siyahısı hazırlanıb. http://marja.az/news/10589

Fərrux Rəhimov – Azərbaycan Dövlət Aqrar Universiteti Menecment və aqrar marketinq kafedrasının assistenti.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün