çərşənbə axşamı, 21 yanvar 2020

Fərdi İnkişaf Forumunun təşkilatçısı Elvin Dadaşsoy ilə - Müsahibə

693

facemark.az-ın Fərdi İnkişaf Forumu – FİF2019 çərçivəsində “Panda School” MMC Direktoru, biznes təlimçi Elvin Dadaşsoy ilə müsahibəsi.

- Elvin bəy, yeni biznesə başlayanlar ideyanın zəifliyinə, yaxud maliyyə çatışmazlığına görə tərəddüd edə bilər. Sizcə, bu tərəddüdləri necə aradan qaldırmaq olar?

Mənim yanaşmama görə tərəddüd maliyyə çatışmazlığından doğmur. Tərəddüd daha çox bizneslə bağlı bilik azlığından doğur. Məsələn, bir insan hansısa restoranlar şəbəkəsində rəhbər çalışır və 5 restoran qurub. Hamısı gəlirlə çalışır. 6-cını açmaq üçün maliyyə çatmasa necə edəcək? O bir üsul ilə maliyyə tapacaq. Niyə? Çünki lazımi bilik və 5 dəfə restoran açmaq təcrübəsi var. O əmindir ki, 6-cıda gəlir gətirəcəkdir. Bəs bu şəxs ilk restoranı açdıqda belə əmin idimi?

Əminlik təcrübə ilə doğur. Qaranlıq şey hər zaman qorxulu gəlir bizə. Mənə görə biznes qurmamışdan öncə onun təməl biliklərini öyrənmək lazımdır.

- Bu yaxınlarda yeni “Business School”un açılışı oldu. Artıq yeni layihələrinizi görmək davamlı xarakter alıb. Bəs siz ilk biznesinə necə başlamışdınız?

İlk biznesim universitet dövründə olub. Network Marketing sahəsində 600 dollara 1 saat almaqla işə başlamışdım. Daha sonra hərbi xidmətdən qayıdıb gənclər üçün təhsil və karyera mərkəzi açdım. Sonralar isə istiqamətlərim restoran, kosmetologiya, uşaq inkişaf mərkəzləri kimi sahələrə parçalandı.

- Biznesdə zərər etmisinizmi və bu nə qədər olub? Daha sonra pul itkisini necə aradan qaldırmısınız?

Çox olub 100 mini keçər zərərlərim. Səhv qərarlar, səhv insanlar, səhv yerdə icarələr, səhv məhsullar. Pul itkisi çox yaxşı dərslər verib mənə. Təəssüflənmirəm düzü.

- Sizcə, bu gün hansı biznes sahələrinə investisiya qoymaq belə deyək, “Məsləhətlidir”? Bazarda hansı niş bazarların olduğuna inanırsınız?

Mənə görə uğurlu olmayacaq biznes ideya yoxdur. Uğurlu edə bilməyəcək sahibkar, uğursuz zaman və uğursuz məkan var. İnsanlar var olduqca qida, geyim, tibb, əmlak, IT, mebel, təhsil, gözəllik kimi bizneslər böyüyür. Tələbat hər zaman var bu bizneslərdə. Niş bizneslər bir çox sahələrdə var. İzləmək lazımdır ki, hansı işlər üzrə "lift qalxır", hansılarda "enir."

- Biznesdə təsadüflərə inanırsınızmı? Biznes təcrübənizdə belə hallar ilə qarşılaşmısınızmı?

Təsadüflərə inanıram. Təsadüflər şanslı insanlara gəlir. Şans isə çox çalışanlarda olur adətən. Şəxsən mənim başıma çox şanslar gəlib. Bəzilərindən yararlanmışam. Bəzilərini qaçırmışam.

- Elvin bəy, nə qədər komanda ilə biznesə başlamısınız və hazırda onların sayı nə qədərdir?

İlk başlayanda tək idim. Sonra 2 nəfər də qoşuldu. Hazırda 40-dan çoxdur komandamız. Françayz yolu ilə qurduğumuz filiallarda isə 100-dən çoxdur.

- Həyatınıza istiqamət verən və sizi yeni yola aparan hansı sözlər olub?

Bəzi sözlər var ki, ömrümü yönəldir. Məsələn, "yorulanda yox, bitirəndə ayağa dur" " ən yaxşı nitq ən qısa nitqdir" " bir şeyi ürəkdən istəsən, bütün kainat onu sənə gətirməyə kömək edir" və s.

- Həyat missiyanız nədir və qarşıdakı beş ildə hədəfləriniz nələrdən ibarətdir?

İnsanlara biznes qurmaqda kömək etmək - mənim həyat missiyamdır. 5 ildə biznesin verdiyi gəlirlər ilə təqaüdə çıxmaq, qlobal tanınmış biznes müəllif və motivasional çıxışçı olmaqdır hədəfim.

- Gələlim bu yaxınlarda təşkil ediləcək Fərdi İnkişaf Forumuna (FİF2019). Bazarda onsuz da belə forumlar təşkil edən kifayət qədər şirkət var idi. Hətta tez-tez sosial şəbəkə istifadəçiləri deyirlər ki, yeni mövsümdə artıq hər kəs forum təşkil etməyə başlayacaq. Siz belə düşünənlər barəsində nə fikirdəsiniz? Sizi fərqləndirən nə olacaq?

Nə gözəldir belə düşünmək. Qoyun olsun. Fərqli mövzularda maarifləndirici çıxışlar olsun. Xarici ölkələrdə bizdən dəfələrlə çoxdur belə tədbirlər. Belə tədbirlər insanları bir araya gətirir. İnkişaf etdirir. Cəmiyyətə faydalı olur.

Bizim forum "Fərdi inkişaf forumu" adlanır. Məqsəd gənclərə fərdi inkişafın önəmini mesaj olaraq çatdırmaqdır.

- Foruma gəlmək istəyənlərə nə demək istəyirsiniz? Təşkilatçı olaraq nə sözünüz var?

Fərdi inkişaf bir insanın ən çox diqqət ayırmalı olduğu sahələrdən biridir. Noyabrın 3-ü çox faydalı çıxışçılarımız var. Çıxışların samballı mesaj ötürəcəyinə inanıram. Bilet qiymətini minimal qoymuşuq ki, hər gəncə əlçatan olsun. Bəzən 1 fikir sizin həyatınızda fərq yaradır. Bəzən 1 cümlə fərq yaradır. Bu forum fərq yaradacaq mesajlar ilə doludur. Buna əminəm.

Müsahibə üçün təşəkkürlər.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün