Ötən günlərdə facebook profilimdə avropada aparılmış elmi araşdırmadan bir qrafik paylaşmışdım. Qrafik eyni anda bir-neçə işi görmənin yaratdığı effektiv vaxt itkisini göstərirdi. Gələn şərhlərdən gördüm ki, mövzu çox aktualdır, həmçinin “eyni zamanda bir-neçə işi görməyi” “multitasking” ilə səhv salırıq. Həmin qrafiki yenə aşağıda paylaşıb mövzu üzərinə öz fikirlərimi əlavə etmək və müzakirələr zamanı yanlış anlaşılmalara aydınlıq gətirmək istərdim.



Qrafikin izahına keçməzdən öncə “eyni anda görülən işlər” sözünün anlamına baxaq. Yuxarıda yazdığım kimi müzakirələrdən gördüm ki, “multitasking” (bu sözü düzgün azərbaycan dilində necə demək olar bilmədiyimə görə olduğu kimi yazıram) ilə bu ifadəni səhv salırıq. Multitask məsələsini sadə dildə belə izah edək. Deyək ki, Siz hansısa şirkətdə çalışırsız. Gün ərzində rutin işlərinizdən əlavə başqa 2-3 proyektdə də proyekt menecerisiz. İşdən sonra və ya istirahət günlərində əlavə işlərlə məşğul olursuz. Hətta eyni iş yerinizdə müxtəlif səpkili işləri də görə bilirsiniz. Multitask bacarığı həm də stressə dözümlü ola bilməkdir. Çünki multitask işlər eyni tərkibli olmadığından sizin beyniniz bir formatdan digərinə keçir mütəmadi olaraq. Məsələn, Siz iş olaraq həkimsiniz, eyni zamanda boş zamanınızda qəşəng şerləri internetdə axtarıb saxlayırsızsa, bu bir-birindən fərqli iki iş kimi beyninizə də öz təsirini göstərir. 15 dəqiqə öncə kiminsə kəsilmiş əlinə müalicə yazırsız, sonra komputer başında romatik şerdən həzz alma moduna keçirsiz. Bu beyin üçün də çox çətindir, amma mümkündür.


Eyni anda görülən işlərin isə multitask-lə oxşarlığı yoxdur. Araşdırmada bu ifadəni işlədərkən eyni zaman kəsiyində davamlı olaraq bir neçə işə keçid etmə nəzərdə tutulub. Bunu da misalla izah edək. Deyək ki, bir şirkətdə menecer olaraq çalışırsız. 10-15 dəqiqədir ki, bazar araşdırmasına dair hesabatı oxuyursuz ki, yekunda rəyinizi yazasız. Bu anda içəri biri girir, qonşu otaqda iclasa dəvət edir, gedirsiniz həmin görüşə, sonra gəlib araşdırmanı oxumağa davam edirsiz. Az müddət keçir, telefona zəng gəlir, kimsə, nəyisə soruşur, onun üçün filan sənədi açıb baxmaq lazım olduğunu 15 dəqiqəyə geri yığacağınızı deyirsiz. Açırsınız həmin sənədi, baxırsız. Sənədə baxa-baxa telefonu gələn bildiriş üzərinə açırsız, digər bir işlə bağlı kimsə facebook və ya whatsappda yazıb, Siz də oxuyub onu cavablandırırsız. Və təkrar sənədləri eşələyib bayaqkı adamın sualına cavab vermək üçün geri zəng edirsiz. Təkrar bayaqkı araşdırmaya keçid edirsiz. Sonra yadınıza düşür ki, kiməsə nahara qədər hansısa sənədi hazırlayıb göndərəcəyinizi söz vermişdiz. Cari araşdırma işiniz qaçmır deyə, söz verdiyinizə görə o işi tez edib göndərirsiz. Tələsdiyiniz üçün o işi də yarım-yamalaq edib təhvil verirsiz. Bir daha bayaqkı araşdırma işinə qayıdıb bitirməyə çalışırsız. Təxminən bu tip situasiyadan söhbət gedir. Yuxarıdakı qrafik isə bizə kobud desək “bir məcrada olun, olduğunuz yerdə də 100% olmağa çalışın” deyir.


İndi isə qrafikin izahına keçək. Araşdırma deyir ki;


- Əgər Siz eyni anda bir iş görürsüzsə, o zaman həmin işə ayırdığınız vaxt 100% olur, arada vaxt itkisi yaşanmır.


- Əgər Siz eyni anda iki iş görürsüzsə, o zaman həmin 2 işə ayırdığınız vaxt hərəsinə 40% olmaqla, toplam 80% olur, 20% vaxt isə o işlərin birindən o birinə keçid edəndə itir.


- Əgər Siz eyni anda üç iş görürsüzsə, o zaman həmin 3 işə ayırdığınız vaxt hərəsinə 20% olmaqla, toplam 60% olur, 40% vaxt isə o işlərin birindən o birinə keçid edəndə itir.


- Əgər Siz eyni anda dörd iş görürsüzsə, o zaman həmin 4 işə ayırdığınız vaxt hərəsinə 10% olmaqla, toplam 40% olur, 60% vaxt isə o işlərin birindən o birinə keçid edəndə itir. Təsəvvür edin ki, eyni anda 4 iş görürsüzsə, günün yarısından çoxu iş keçidlərində itir.


Yox əgər eyni anda beş iş görürsüzsə, o zaman həmin 5 işə ayırdığınız vaxt hər işə 5% olmaqla toplam 25% edir. Qalan 75% isə iş keçidlərində itir. Bu o deməkdir ki, gününüzün 3/4-ü qeyri-effektiv keçmiş olur.


Mənim şəxsi qənaətimə gəlsək, bu fikirlə tam razıyam ki, eyni anda bir neçə iş görərkən mütləq mənada fokus dağınıqlığı olduğundan itkilər olur, əlavə stres verir, natamamlıq kompleksi yaradır. İtirlən faizlər mənasında birmənalı fikir söyləyə bilmərəm, amma itkinin olması 100%-dir. Əvvəllər mən də demək olar yuxarıda yazdığım formada çalışırdım, hətta deyərdim ki, multitask kimi gördüyüm işlər eyni anda gördüyüm işlərlə qarışıb daha faciəvi vəziyyət yaratmışdı. Bu bir müddət belə davam edəndən sonra fiziki və psixoloji olaraq çökdüyümün fərqinə vardım. O an bir müddət çarə axtarışında çırpınarkən maraqlı araşdırmalar oxudum. Və nəticədə yaranmış problemin həllini özüm üçün tapdım deyə bilərəm.


Şəxsi təcrübəmdən irəli gələrək xüsusən fərqli sahələrdə bir neçə layihə üzrə çalışan insanlar üçün aşağıdakı 3 tövsiyyəni acizanə şəkildə bildirmək istərdim:


1. Plansız olmaq səhvin başlanğıcıdır


Bu yaşa gəldim planlı heç bir işimdən ziyan görmədim. Planlı işlərimdə nəticə olmasa belə məyus olmadım, özümü günahlandırmadım. Plansız işlər isə Sizi yekundə çox sayda “bəlkə”lərlə üz-üzə qoyacaq. Bəlkə filan işi qabağa keçirsəm nəticə olardı, bəlkə o işə daha çox vaxt ayırmalı idim və s. və s. Odur ki, çalışın ümumi maraq dairəniz daxil olmaqla bütün işlərinizi ilk öncə kateqoriyalara bölün. Xüsusən multitasker birisinizsə, mütləq işlərinizi kateqoriyalara bölün və daha sonra onları vaciblik dərəcəsinə sıralayın. Sonra o sıralmaya əsasən onların hər birinə ayırmalı olduğunuz zamanı günlük, həftəlik, aylıq və bəzən də illik olaraq bölə bilərsiniz. Məsələn, elə işiniz, maraq dairəniz ola bilər ki, özünüzə plan qoyarsınız ki, o işi ildə bir dəfə edəcəm və filan vaxt edəcəm vəsəllam. Bunu da bildiyiniz üçün məhz həmin iş yadınıza düşəndə nəyisə çatdırmadığınızı düşünmürsüz, bilirsiniz ki, onu filan vaxta planlamısız. Planlama vacib olduğu kimi ona riayət də vacibdir. Özünüzə çox sərt tələb qoymalısınız ki, maksimum və maksimum plana riayət edəcəksiz. Bir müddət çətin olacaq, amma sonra öyrəşəcəksiniz, həyat tərzinizə çevriləcək. Məsələn, mən illərdir özümə günə minimum 50 səhifə kitab oxuma şərti qoymuşam. İşdən gec də gəlsəm, gözüm də yumulsa, o şərtimə xəyanət etmirəm. Artıq öyrəşdiyim üçün də elə bilirəm ki, belə də olmalıdır. Təbii ki, elə hallar olur ki, onları heç cürə planlaşdırmaq olmur. Ortadan işlər çıxır. Ona görə planlama edərkən günün, həftənin, ayın tam saat və günlərini plana tökməyin. Məsələn, mən günün 20%-ni, aktiv oyaq olduğum vaxtın kobud desək 2-3 saatını boş buraxıram. Və görürəm ki, o zaman mütləq ki, nəyəsə plansız şəkildə gedir.


2. Ruh halınızı daim yüksək saxlayın


İnsanın ruh vəziyyətini yüksək saxlayan şeylərdən biri idmandır. İdman insanın özünə güvənini artırır, onu daha çox işlər görməyə sövq edir. Adicə bir yerimiz ağrıyanda gözümüzə heç nə görünmür. Gördüyümüz işin də faydası, effekti olmur. Odur ki, bədəni düzgün tərbiyə etmək çox vacibdir, onun kontroldan çıxması bütün işinizə sirayət edə bilər. Ruh halını yüksək tutan bir digər məsələ isə mənə görə mütaliədir. Ümumiyyətlə iş adamı mütaliəni dayandırdığı an öldü bilsin. Eyni işi eyni formada 20 il görmək Sizi bu sahədə uzunmüddətli təcrübə yiyəsi etmir. İş görüşmələrində sahibkarlardan “mən 20 ildir bazardayam, bilmirəm nə deyirəm?” sözünü xüsusi intonasiya ilə eşitdiyim anlar olub. Bir devalvasiyanın 20 ili necə alt-üst etdiyini də gördük. Daim yeniliklər edə bilmək, özünüzü də mənəvi olaraq zənginləşdirmək üçün mütləq mütaliə edin. Mütaliə təkcə sahənizə aid ədəbiyyatlar olmamalıdır. Hətta ancaq öz sahəsinə aid kitab oxuyanlar bir müddət sonra bunun fəsadını hiss edəcəklər. Dünyanın ən gözəl işi belə bir gün insanı bezdirir. Bir gün sadəcə əlinə tilov alıb balıq tutmaq istəyirsən və başqa da heç nə düşünməməyə ehtiyacın olur. Bunun üçün fantaziyalarınızı genişləndirmək, həm də beyinə “format vermək” üçün digər sahələrə, xüsusilə bədii ədəbiyyat oxumağa vaxt ayırın. Çox qısa müddətdə faydasını görəcəyinizə söz verə bilərəm.


3. Bir məcrada olun, olduğunuz yerdə 100% olun


Bir məcrada olmaq məsələsini yuxarıda yazmışdım. Bu o deməkdir ki, əlinizdə bir iş görürsüzsə, onu bitirməmiş qəti şəkildə başqa işə keçməyin. O işi bitirmə əsnasında kənar müdaxilələri maksimum minimumlaşdırmaq lazımdır. Məsələn, mən özümdə bunu fərqli cür tənzimləyirəm. Bir işi görərkən adətən adama 2 cür müdaxilə ola bilər. Ya telefona zəng, bildiriş gələr, ya da iş gördüyünüz yerə, otağa kimsə daxil ola bilər. Telefon məsələsi asandır, məsələn, mən bütün əsas bildirişləri bağlamışam, ekrana çıxmır. Ancaq özüm o məcralara girəndə bildirişlər gəlməyə başlayır. Bu arada bu həm də telefonun batareyasına qənaətə səbəb olur . Bəzən eşidirəm ki, deyirlər bildirişi necə bağlamaq olar, bəlkə vacibdir? Əmin olun ki, əgər hansısa məsələ çox vacibdirsə, mütləq Sizi bir yolla tapacaqlar. Diqqətinizi dağıtmaması üçün telefonu əl məsafəsindən uzaq qoymaq da işə yarayır. Əlinizin altında olanda mütəmadi alıb baxa bilərsiniz. Uzaqda olanda isə 5 haldan ən az 3-də ərinəcəksiz. Zəngləri isə nə yalan deyim, çox vacib deyilsə, həmin an cavablandırmıram. Elimizin “sizə geri dönərəm” kimi gözəl adəti var, nə problemdi ki, sonra zəng etmək/ O ki qaldı iş yerinə kimlərinsə gəlməsi məsələsinə, bunu da maksimum planlamağa çalışmaq lazımdır. Əvvəla plansız görüş niyə olmalıdır ki, əgər çox-çox vacib deyilsə. Bir dəfə də yazmışdım, yenə deyim ki, heç kimin boş vaxtı yoxdur, ayıra biləcəyi və ya bilməyəcəyi zaman var. Kimsə Sizə boş vaxtım yoxdur deyirsə, bilin ki, o an üçün prioritet deyilsiz. Çok acı. Həqiqətən də hansısa bir işi kəsintisiz, fasiləsiz 1 saat belə başınızı aşağı salıb görəndə nə qədər effektli olduğunu o saat hiss edirsiniz. İnsan beyni eyni anda çox siqnala reaksiya verə bilir, amma onu mütəmadi o vəziyyətdə saxlayanda yorur adamı.


Yekunda isə bir fikri də Sizinlə bölüşməkdə fayda görürəm. Dünyada görüləsi o qədər çox iş var ki. Onların hamısını görməyə insan ömrü yetməz. Siz hər şeyə çata bilməzsiniz, rahat olun, çatdıra bildiklərinizin sadəcə həzzini yaşamağa çalışın. İnsan ömrü harda bitəcək bilinməz, anı yaşamaq lazımdır. Ömür bitəndə isə çatdırmaq istədiyiniz işlərin, kəslərin heç biri Sizə kömək ola bilməyəcək.