“2019-cu ilin şəxsəm özüm üçün normal keçdiyini deyə bilərəm. Amma 2019-un bizneslər üçün kifayət qədər ağır olduğunu düşünürəm. Bu il hökumətin apardığı ciddi dəyişimlərlə xarakterizə olunan bir ildir”.


Bu barədə facemark.az-a YelloAD-ın həmtəsisçisi, Azərbaycan Marketinq Peşəkarları Assosiasiyasının İdarə Heyətinin Sədri Namiq Bayramov başa çatmaqda olan 2019-cu il marketinq sektoru üçün nə ilə yadda qaldı? sualını şərh edən zaman deyib.


Namiq Bayramov deyib ki, 2020-ci ilə hesabat ili də demək olar:


“Ölkəmizdəki biznes mühiti hələ ki, tam sağlam və dayanıqlı olmadığından istənilən addım və istənilən şaiyə ona təsir edir. Ancaq görünən odur ki, dövlətin atdığı addımlar həm siyasi, həm iqtisadi, həm də mədəni makromühitin yaxşılaşmasına yönəlib. Bu da bizə 2020-ci ilin 2019-la müqayisədə çox-çox yaxşı olacağına inanmaq üçün əsas verir.


Digər tərəfdən 2020-ci il strateji yol xəritəsinin 1-ci fazasının son ilidir. Buna hesabat ili də demək olar. Bu xəritədə qoyulmuş hədəf indikatorların bəzilərinə demək olar ki, nail olunub. Hədəflərin hamısına nail olmaq üçün dövlətin bütün gücünü səfərbər etməsi bizneslərə də meydan açır. Hazırda dövlət tərəfindən atılan bəzi addımları 5 il öncə xəyal belə edə bilməzdik”.


Mütəxəssis deyib ki, 2019-cu ildə bizneslərimizdə brendləşmə təfəkkürü getdikcə artıb:


“İqtisadiyyatımızın ixrac yönümlü olmasına yönəlik səylər də bizneslərimiz qarşısında yeni imkanlar açır. 2019-cu ildə müşahidə etdiyim maraqlı məqamlardan biri də bizneslərimizdə brendləşmə təfəkkürünün getdikcə artmasıdır. Bu, həyatının 15 ilini marketinq kommunikasiyalarına və istehlakçı davranışlarına həsr etmiş bir marketoloq kimi məni sevindirməyə bilməz. Artıq bir çox sahibkarlarımız sadəcə istehsalçı olmaq istəmir. Onlar əlavə dəyər yaradaraq daha çox qazanmaq istəyir”.


“Bu isə bizə də öz bizneslərimizdə yeni üfüqlər açmaq imkan yaradır. Çünki 2020-ci ildə bizim xidmətlərimizə daha çox ehtiyac olacaq. Ona görə də, mən 2020-ni Yello Advertising üçün də uğurlu bir il kimi görürəm...”, - deyə o, sözlərinə əlavə edib.