facemark.az–ın #SiqaretiTərgitdirən adam Sahil Hüseynov ilə müsahibəsi


- Sahil bəy, belə deyək siqareti başqalarına necə tərgitdirməyə başlamısınız heç özünüz siqaret çəkmisinizmi?


Sualınıza cavab olaraq seminar və konsultasiyalarımda olduğu kimi müsahibəmizə də qəlbdən gələn üzrlə başlamaq istərdim. “Köləsi olduğum 11 il boyunca çəkdiyim siqaret dumanıyla zəhərlədiyim, siqaret təklif etdiyim və yalnış örnək olduğum hər kəsdən bütün qəlbimlə üzr istəyirəm. Nə yazıq ki, siqaret pisliyinə bulaşaraq heç düşünmədən uca yaradanın bəxş etdiyi gözəlliklərə və bərəkətə qarşı nankorca davranmış olmaqdan böyük suçluluq duyuram. Təəssüf ki, keçmişi dəyişdirmək şansına sahib deyiləm. Amma şükür ki, keçmişin acı səhvindən dərs alaraq gələcəyə fayda qatmaq şansından məhrum da deyiləm. Bax bu şansı dəyərləndirmək üçün bu yola çıxdım”.


11 il boyunca siqaret tiryakisi olaraq süründüm. Üzüldüm, siqaret çəkdim. sevindim siqaret çəkdim. Stressə düşdüm, siqaret çəkdim, yemək yedim siqaret çəkdim. Səhər oyanan kimi ilk salamlaşdığım siqaret oldu.U ğursuz olduğum saysız hesabsız tərgitmə cəhdimin ardından, 2010-cu ildə, heç bir çətinlik çəkmədən, iradəmlə dirəşmədən, tərgitmə prosesindən zövq alaraq siqaret labiritindən xilas oldum. Metodumun bütün siqaret tiryakilərinin işinə yarayacağına əmin olduqdan sonra, siqaret tiryakilərini bu bataqlıqdan xilas etməyi özümə missiya seçdim və xidmətimdən faydalanıb siqareti tərgidən insanların diliylə “Siqareti Tərgitdirən Adam” adlandırıldım. Bu işə o qədər bağlandım ki, 2018-ci ildə rəhbər işlədiyim vəzifədən imtina edərək bütün fəaliyyətimi siqaretlə savaşa, “Tütündən Azad Azərbaycan” inşa etməyə səfərbər etdim.


- Sizə müraciət edən şəxslər daha çox hansı kateqoriyadan olan insanlardır? Aralarında azərbaycanlı biznesmenlər var mı?


Xidmətimə bütün kateqoriyadan olan insanlar müaricət edir. Özüm kimi sadə insanlardan tutmuş, məşhur idmançılar, həkimlər, incəsənət xadimləri, idarəçilər, diplomat və dövlət rəsmiləri də xidmətimdən faydalanmışdır. Onlar arasında səfir, deputat, nazir müavini, məhkəmə hakimi, jurnalist, şirkət rəhbərlərini qeyd edə bilərəm. Ölkəmizdə xidmətimə ən çox müraciət edən həkimlər, incəsənət adamları, idmançılar və biznesmenlərdir. Bir neçə tanınmış azərbaycanlı biznesmen də fərdi siqareti tərgitdirmə seansımdan faydalanmışdır.


- Siqareti tərgitmək üçün nə qədər müddət lazımdır? Onlar hansı arqumentlərlə sizə gəlirlər?


Mənim fərdi siqareti tərgitdirmə proqramımın müddəti 3 saatdır. Yəni, siqareti tərgitmək üçün mənim proqramımla 3 saat yetərlidir. “Siqaret çəkməyəndə çox əsəbi oluram” Bu cümləni seansıma qatılan müştərilərimdən çox tez-tez eşidirəm. İndi sizə siqaret tələsinin çox incə və hiyləgər sirini açıqlayacam. Siqaret tiryakiləri elə zənn edirlər ki, siqaret çəkmədikləri üçün əsəbi olurlar. Həqiqət isə ondan ibarətdir ki, siqaret çəkdikləri üçün daim əsəbi və gərgindilər. Bir müştərim mənə söylədi ki, Sahil bəy, Atam yanımda olarkən avtomobili çox sürətli idarə edirəm. Atam sual verir ki, oğlum niyə əsəbisən? Bu hirslə avtomobil idarə etmək olmaz axı. Deyir daha atama deyə bilmirəm ki, ata, sən yanımdasan deyə avtomobildə siqaret çəkə bilmədiyim üçün maşını sürətli idarə edirəm. Amma siqaret çəkməyənlərin belə bir problemi yoxdur. Bir insan gündə 20 ədəd siqaret çəkirsə bu o deməkdir ki, bu adam gündə 20 dəfə hüzursuzluq hiss edir. Nə üçün hüzursuzluq hiss edir? Siqaret tiryakisi olduğu üçün. Amma siqaret tiryakisi bunun əksini başa düşür. Zənn edir ki, gündə 20 ədəd siqaret çəkdiyi üçün özünü hüzurlu hiss edir. Bu bir yanılmadır. Tiryaki, öncə bu yanılmalardan qurtulmalıdır ki, siqaretdən də qurtula bilsin. Hə, yeri gəlmişkən sizə yaxşı bir xəbər deyim. Öfgəni necə idarə etməyi bildiyin halda, öfgə zənn etdiyimiz kimi yaramaz yox, olduqca sağlam, qoruyucu bir duyğudur. Dost bildiyiniz birinin əslində dost qiyafəsində biri olduğunu öyrənərkən öfgələnirsiniz. Amma bu pis bir duyğudurmu? Təbii ki, xeyr, əksinə, qorunması gərəkən dəyərlərinizə təhlükə olduğu haqqında bilgi sahibi oldunuz. Nəticə: Öfgəni siqaretlə idarə edə bilməzsiniz, əksinə, siqaretlə öfgənizə olan nəzarəti itirə bilərsiniz və qoruyucu bir duyğu olan öfgənizi, siqaret tiryakiliyiniz səbəbindən dağıdıcı gücə çevirə bilərsiniz.


- Seanslarınızda indiyə qədər müştəriləriniz ilə hansı maraqlı hadisələr baş verib?


Seminar və konsultasiyalarımda iştirak edən müştərilərimlə rastlaşdığım ən maraqlı hadisələr adətən qadın pasiyentlərlə olan seanslarda yaşanır. Bir dəfə fərdi seansımdan faydalanan qadın pasiyentə sual verdim ki, niyə siqaret çəkirsiniz? Cavabında təbəssümlə dedi ki, Sahil bəy siz işsiz qalmayasız deyə. İşsizliyə töhfə vermək üçün.  Məndə söylədim ki, sizin siqaret çəkməyinizin bədəli, mənim işsiz qalmağımdan daha ağır bədəldir. Məni işlə təmin etmək üçün bu qədər ağır bədəl ödəməyə dəyməz. Xanım yenə təbəssümlə cavab verdi ki, Sahil bəy inanın ki, elə məndə sizlə deyişmək üçün yox, siqareti tərgitmək üçün seansınıza qatılmışam. 


- Siqareti tərgidən insanların sonrakı prosesini necə izləyirsiniz və heç yenidən siqaret çəkən olubmu? Və yenidən yenidən Sizə müraciət edən?


Bu günə kimi seansımdan minlərlə insan faydalanıb və təəssüf ki, bu qədər insanı izləmək, nəzarətdə saxlamaq bir nəfər üçün fiziki olaraq mümkün deyil. O insanları uzun müdətli izləyə bilirəm ki, onlar özləri tez-tez proses haqqında məlumat verirlər. O ki, qaldı seansımdan faydalanıb yenidən siqaret çəkən olubmu sualına, təəssüf ki, bəzən təkrar çəkənlərdə olur. Amma təkrar çəkən müştərilərim üçün əlavə dəstək seansı təyin etməklə bu problemi aradan qaldırırq. Bu şərtlə ki, təkrar çəkən şəxs bu barədə məlumat versin. Bəzən olur ki, valideynləri tərəfindən könülsüz seansıma qatılan və əslində siqareti tərgitmək istəməyən yeniyetmə və gənclər özlərini, valideynlərini və mənidə aldadaraq tərkitdiklərini deyirlər. Amma sonra təsadüf nəticəsində öyrənirəm ki, əslində yalan danışıblar, yəni tərgitməyiblər. Ümumilikdə götürdükdə isə seansımdan faydalanıb təlimatıma yüzdə yüz əməl edən hər kəs siqaretdən yüzdə yüz qurtulur. Onuda qeyd edim ki, əlavə dəstək seansları ödənişsizdir.


- Necə düşünürsünüz bu işiniz siqaret istehsalçılarına necə təsir edir onların sizə münasibəti necədir? Sizcə, onların “bazarını öldürürsünüzmü?”


Bunu siqaret istehsalçılarından soruşmaq lazım. Mənim onlarla hər hansı bir ünsiyyətim olmadığından mənə olan münasibətləri haqqında bilgi sahibi deyiləm. Amma onlarda düşünsə ki, mənim fəaliyyətimi izləyən doğmalarının da siqaret bataqlığından xilas olmasına yardımçı ola bilərəm, etiraf etməsələr belə heç olmasa qəlblərinin dərinlikərində məni dəstəkləsələr daha sağlam davranış sərgiləmiş olarlar. Sizə maraqlı bir fakt deyim, bir neçə ay öncə tütün şirkətində işləyən bir şəxs seansımdan faydalanaraq siqareti tərgitdi və fəaliyyətimə görə mənə təşəkkür etdi. Çünki siqaret istehsalçıları özləri də etiraf edirlər ki, bizim istehsal etdiyimiz məhsul sağlamlığınızı təhdid edir. Siz siqaret firmalarının saytında bu etirafı görə bilərsiniz. O ki, qaldı onların bazarını öldürməyə, təəssüf ki, mənim siqaretlə savaşım onların bazarına bir o qədər də ciddi təsir etmir. Ona görə ki, hər gün siqaretə başlayan insanların sayı, mənim bir gündə siqareti tərgitməyə yardımçı olduğum insanların sayından dəfələrlə çoxdur. Amma mən məsələyə bu pəncərədən baxıram ki, mənim atəşə atdığım bir damla su atəşi söndürməsə də ən azından tərəfimiz bəli olsun. Hər kəs bacardığını edir, onların bacardığı insanları odun içinə atmaqdırsa, mənimdə bacarığım onlardan birinin atəşdən xilas olmasına yardımçı olmağa çatır.


- Gizli deyilsə, Sahil bəy bir seansınızın ödənişi neçəyə başa gəlir?


Mənim xidmətim hər kəs üçün əlçatandır. Mən bu işə biznes kimi yox, sosial iş kimi baxıram. Dünyanı bir qədər daha yaxşı edə bilmək üçün bu yola çıxmışam. Elə buna görə də bütün imkansız şəxslər, hərbiçilər və şəhid ailələri üçün xidmətim 100 faiz ödənişsizdir. Təkcə 2019-cu il ərzində yüz nəfərə ödənişli xidmət göstərmişəmsə, ən azı üç yüz nəfərə də ödənişsiz xidmət göstərmişəm. Yəni demək istəyirəm ki, ödənişsiz xidmət göstərdiyim insanların sayı, ödənişli xidmət göstərdiyim insanların sayından dəfələrlə çoxdur. Bu işdə pul axırıncı yerdə gəlir. Bu işin sosial və mənəvi dəyəri mənim üçün istənilən maliyyə vəsaitindən daha dəyərlidir. Ona görə də fürsətdən istifadə edərək sizin vasitənizlə maddi imkanı olmayan hər kəsdən xahiş edirəm ki, xidmətimə müraciət etməkdən çəkinməsinlər. Hər şey pulla ölçülmür. Çox şeyi pulla ala bilərəm. Amma xidmətimdən faydalanıb siqaret bataqlığından xilas olan birinin xeyir duasını heç bir pulla ala bilmərəm. Həyatda heç bir şey yerində qalmır, hər şey dəyişir. Bu gün mən sizə dəstək olaram, sabah elə bir iş olar ki, siz mənə dəstək olarsınız. Həyat bumeranqdır. Etdiyin yaxşılıq və ya pislik, bir gün hansısa formada sənə geri dönəcək. Ətrafımıza boylansaq, bu prinsipin hər gün gerşəkləşdiyini görərik. O üzdən xidmətimə ürəklə müraciət etsinlər.


Siqareti tərgitdirmə seansı dünyada ən bahalı xidmətlərdən biridir. Amma mənim təklif etdiyim qiymət dünya qiymətləri bir tərəfə dursun, qardaş Türkiyədə olan bu tip xidmətlərin qiymətindən ən azı iki dəfə ucuzdur. Türkiyədən olar məşhur Türkiyəli həkimlər, Türkiyəli iş adamları, sadə Türkiyə vətəndaşları da ölkəmizə gələrək xidmətimdən faydalanıblar. Onlarda etiraf ediblər ki, sizin təklif etdiyiniz qiymət Türkiyədə olan eyni tip xidmətlərin qiymətindən dəfələrlə ucuzdur. Amerikada, Avropada yaşayan həmvətənlərimiz də ölkəmizə gələrək xidmətimdən faydalanıblar və onlar etiraf ediblər ki, sizin təklif etdiyiniz xidmət yaşadığımız ölkədəki eyni tip xidmətin qiymətindən dəfələrlə ucuzdur. Xidmətimin Keyfiyyəti isə heçdə o ölkələrdəki xidmətin keyfiyyətindən geri qalmır.


- Facebook və Instagramda siqaret reklamları qadağan olunubdur, lakin fərdi istifadəçilər, yəni daha çox bloggerlər bunu səhifələrində reklam edə bilirlər. Amma yaxın həftələrdə Facebook şirkəti bunu da qadağa edəcəyi ilə bağlı məlumat yaydı. Sosial mediada bloggerlərin siqaret reklamları ilə qarşılaşmısınız mı? Ümumiyyətlə, belə hallara reaksiyanız necədir?


Xeyr, qarşılaşmamışam. Amma belə hallara münasibətim yaxşı deyil. Ümumiyyətlə mənim hər bir fəaliyyət sahəsinə baxış tərzim belədir ki, mən hər bir fəaliyyətin yalnız maddi gəlirə hesablanmasını doğru hesab etmirəm. Mənim paradiqmama görə istənilən fəaliyyətin maddi olduğu kimi mənəvi qazancı da olmalıdır. Yəni, məşğul olduğumuz iş maliyyə bank hesabımızı yüksəltməklə bərabər, emosional bank hesabımızı da yüksəltməlidir. Maliyyə bank hesabımızı yüksəldib, emosional bank hesabımızı müflis edən heç bir fəaliyyət insan oğlunu xoşbəxt edə bilməz. Maliyyə bank hesabımızın qayğısına qaldığımız kimi emosional bank hesabımızın da qayğısına qalmalıyıq. Xoşbəxtliyimiz bu balansda gizlidir. Ola bilsin ki, siqareti reklam edən blogger maliyyə bank hesabını bir qədər yüksəltsin, amma qarşılığında emosional bank hesabını xərcləyəcək. Özündən soruşsun, buna dəyərmi? Siqareti reklam edən blogger onu da düşünsün ki, sabah övladım siqaret çəksə onu bu yoldan çəkindirməyə haqqım olacaqmı? Ümumiyyətlə övladım məni dinləyəcəkmi? Bax bu sualları özünə versə yalnış yolda olduğunu mütləq görəcək.


- Azərbaycanda siqareti tərgitmək üçün sosial çarxların və küçə bannerlərinin azlığına necə baxırsınız? Nə etməli?


Məni onların sayından çox keyfiyyəti maraqlandırır. Sayları çox olub keyfiyyətsiz olandan sonra nə işə yarayacaqlar ki. Tütün sənayesi öz qurbanlarının sayını artırmaq üçün sözlərin gücündən istifadə edərək insanların şüur altına təsir edirlər. Beyin yuma texnikalarından faydalanaraq yeniyetmə və gəncləri siqaret tələsinə salırlar. Siqaret tərgitmək üçün hazırlanan sosial çarxlar və küçə banerləri hazırlayanlar da sözlərin gücündən faydalanıb şüraltına təsir göstərməyi hədəfləməlidirlər. Bax o zaman siqaretlə mübarizədə onların effekti olacaq. Digər tərəfdən də bir adımı digər addım dəstəkləməlidir, sabotaj etməməlidir. Təsəvvür edin ki, hansısa yeniyətmə metroda siqaretlə mübarizəni hədəfləyən faydalı banerlə tanış olur və metrodan çıxıb marketə girəndə görür ki, onu ilk qarşılayan dəbdəbəli siqaret vitrinləridir. Bax elə ordaca banerin müəlliflərinin əziyyəti yerlə bir olacaq. Sözümün mustafası odur ki, metroda gördüyümüz gözəl işi, marketdə gördüyümüz yalnış işlə sabotaj etməyək. Səmimi olaq, ikiüzlü olmayaq, metroda siqaretə şeytan deyib, marketdə şeytanı ən hörmətli yerdə yerləşdirərək onu mələk kimi göstərməyək. Məsələn, mən öz siqareti tərgitdirmə xidmətimin reklam banerini marketdə kassa aparatlarının arxasında siqaret vitrinlərinin yanında vermək istəsəm əmin olun ki, buna imkan verməzlər. Demək istəyirəm ki, “Siqareti Çəkdirən Adamların “Siqareti Tərgitdirən Adamdan” üstün tutulduğu cəmiyyətdə hansısa küçə banerinin az və ya çox olmasının siqaretlə mübarizəyə hansısa töhfəsindən danışa bilmərik.


- Son olaraq, hazırda siqaret çəkənlərə, belə deyək aylıq büdcəsindən buna pul ayıranlara nə demək istəyirsiniz?


Sonda siqaret bataqlığında olan hər kəsə kömək əlimi uzadaraq deyirəm ki, bitməkdə olan 2019-cu il ərzində daha gözəl nəfəs ala, daha gözəl qoxa, daha gözəl örnək ola, daha gözəl yaşaya bilərdiniz. Amma olmadı, siqaret tiryakiliyi bu gözəlliklərin önünə keçdi. Əvəzində sizə nə verdi? Əziyyətlə qazandığınız pulun müəyyən hissəsini bu ildə siqaretə verərək çəkdiniz, çəkdiyiniz siqaretlər həyatınıza nə qatdı? Nə işinizə yaradı? Dürüst olub özünüzü aldatmasanız əminəm ki, hər biriniz HEÇ BİR ŞEY cavabını verəcəksiniz. Amma bu yalnışlığa son verərək çoxdan unutduğunuz bir keyfiyyətdə yaşamaq seçimi öz əlinizdədir. Gəlin 2019-cu illə birlikdə, siqareti də bitirək. Birlikdə atəşlənən birlikdə bağlanır. O zaman istəmədiyimiz bağlantıları qoparmaq da öz əlimizdədir. Siqaretə olan bağlantılarınızı qoparın ki, həyata, insanlığa, yaşamağa, yaşatmağa olan bağlarınız qopmasın. Keçmişdə olsa, Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə hər kəsi ürəkdən təbrik edir, sağlam və həyat dolu ömür arzulayıram.


Hər il dünyada 8 milyon insanı süründürərək öldürən, bəşəriyyətin ən qorxunc kütləvi qırğın silahı olan siqaretlə mübarizə mövzusuna diqqət çəkdiyinizə və Maraqlı suallarınıza görə sizə təşəkkür edirəm.