90-cı illərə düşüb uşaqlığımız. Uşaq yaşda olmuşuq, amma uşaqlıq yaşamışıq sayılmaz o qədər də. Hər şeydən 1 ədəd olub 1 il boyu. Azı 1 il. Bir “razmer” böyük alınırdı paltarlar ki, çox getsin. Allaha qurban olum, o da elə edirdi ki, elə qolu, balağı uzun-uzun əynimizdə köhnəlirdi. Yəni əynimizə tam oturan vaxtını görmək nadirən qismət olurdu. Oyuncaq da yox idi düz əməlli. Pul yox idi, amma olsa da almağa seçim yox idi. Ona görə taxta, məftil, qazan qapağı nə tapsaq fantaziyamızla birləşdirib bir şeylər düzəldirdik. Məktəbdə və məhlədə topu olan, Dendisi, Seqası olan uşaqlar “yaxşı oğlan” sayılırdı, daha axırıncı model telefon işlədən, təkər qaldıranlar yox. Lounge falan yox idi, məktəbdən sonra 1 stəkan alça, qorjik, kətə və xımırqurdunu eyni anda ala bilirdinsə, bugünün şərtlərində elə bil 10 nəfəri yığıb qonaqlıq vermiş sayılırdın.


Həqiqətən pis vaxtlar idi. Pul ilə uşaq yaşda, həm tanış olmuşduq, həm sınanmışdıq, bir az da pərt olmuşduq. Məsələn, “pul verib qabaqda oturmaq olar”ı gəlib evdə deyəcək qədər düşünə bilirdik. Və ya məsələn, müəllim, səsli olaraq “filankəs sən daha neçə gün fond pulunu uzadacaqsan?” deyəndə indiki ağlımla o uşağın nələr çəkdiyini, hadisənin onda nə kimi iz qoyduğunu təsəvvür etmək çətin deyil. “Süpürgə pulu”na görə dərsə girməyənlər də olurdu hətta. İndiki uşaqlara bir söz deyirsən 1 ay səni danışdırmır. O vaxt sinif rəhbəri və sinif yoldaşları ilə gəzintiyə çıxanda “mən getmirəm” sözünü deməyi bacarmış uşaqlarıq e vallah. Mən hələ sinif rəhbərlərindən danışmıram. Bizimki lap üzqarası idi. O qədər pərt etmişdi ki, özümə söz vermişdim ki, böyüyəndə onu “başa salacam”. Böyüdüm, amma o da gözümdə “kiçildi” deyə qisas marağım qalmadı. Bəzi uşaqlıq xatirələri bizi bax beləcə pərt elədi, amma həm də sərt elədi.


Sonra nə başınızı ağırıdım, gəldik gənclik, yeniyetmə dövrlərinə. Kitabın birini tapanda, o birini tapmırdın. Bir kitabı oboy kağızı ilə nə qədər üzləmək olardı ilahi. Bitmiş dəftərlərin olaydı ki, 1-2 səhifəsi yazılamamış qalaydı. Onu cırıb saxlayırdıq sonra qaralama kimi istifadə etməyə. Yayda o vaxtkı “aeroportdan” hər şey sayla alınırdı. Qələmin birinin çernili vaxtından əvvəl buraxdısa batdın. Müəllimdən it kimi qorxurduq. Dərsə getməyəndə evə zəng edirdilər a kişi. Evə e. İndi camaatın 100 min kredit borcu olur, evə zəng edib narahat etmirlər heç. Sinifdə bir varlı qız olardı, bir də çox ağıllı qız. Bütün oğlanlar o varlı qızı sevərdi, ağıllı qızı da sevən tapılırdı. Amma o “ağıllı qız” da onu sevəni sevməzdi. O da təəssüf ki, başqa varlı oğlanı sevərdi. Film gibi yani.


Əyləncə var idimi düşünürəm, çox da xatırlamıram. Teyplər var idi. Batareya ilə işləyirdi, kaseti qoyub batareyanın son nəfəsinə kimi istifadə edirdik. Axır-axırda mahnıları zadı əzik-üzük oxuyurdu batareya zəif idi deyə, amma yenə də axıra kimi qulaq asırdıq. Mən hələ o kasetlərin arasına öz səsimizi yazıb sonra dəfələrlə ona qulaq asmağımızı demirəm. Həmişə mindiyimiz bir avtobus vardı. Sürücü bir mahnını çox xoşlayırdı deyə, bütün kasetə o mahnını dalbadal yazdırmışdı ki, hər dəfə başa fırlatmaq məcburiyyəti olmasın. İndi “replay”i basırsan və nə qədər istəyirsən təkrar qulaq as. 1 sms yazmaq üçün bilmirdin hansı sözü qısaldasan ki, demək istədiyin sözü tam ötürə biləsən. Göy ketalarımız olardı, hamısının da sonu bir cür olurdu – burunu cırıq-cırıq olurdu. Lazer, palaroid, Yupi, kisel, tetris, montana sportivniylər, turbo saqqızı, pistonlu tapança, raqatka, salka, samokat və daha nələr-nələr. Bir az dərindən fikirləşsək, o dövrə ironik olaraq “baqquş dövrünün uşaqları” adını vermək olar.


O gün bir dostuma deyirəm ki, uşaq olanda biz elə bilirdik ki, dünyada və həyatımızda nə baş verir-versin, böyüklərimiz həll edəcək. Uşaq ağlı ilə dönüb baxırdıq ki, qohum-əqrəbada bu qədər kişi var, “neujeli” bir problemim olsa, biri çıxıb kömək etməyəcək. Onlar bizim qəhrəmanlarımız idilər. Biz bilmirdik atamız nə qədər qazanır, ailə neçə manata dolanır. İndiki uşaqlar evdəki pulun sayını və yerini də bilirlər bəlkə. Ax sizi indiki uşaqlar. Amma razılaşaq ki, indiki uşaqlar doya-doya uşaqlıq yaşaya bilir. Ən azı ən kasıb adam belə qəşəng parklarda pulsuz uşağını oynada bilər. Düzəməlli park yox idi a kişi. Nə varlısı, nə kasıbı üçün. Məktəbin həyətində iki tərəfli dəmir yelləncək var idi. Neçə uşaq bəlkə də instituta girhagirdə gemaroy oldu o dəmirlərin ucbatından.


Hey arzulayırdıq ki, nəsə olsun, məktəb bağlansın. İldə 1-2 dəfə qar yağanda tez buraxırdılar, sevincimiz yerə-göyə sığmırdı. Az qala 11 il 6-cı günlər də məktəbə getmişik. İndi deyirlər ki, bəs 5 bütöv gün uşaqları çox yorur, azaltmaq lazımdır. Bəs biz nəydik o vaxt görəsən? Biz uşaq deyildik? Yoxsa, o vaxt alimlər fikirləşə bilmirdilər ki, 6-cı gün uşağı məktəbə yollamaq olmaz?! Tətil olurdu, qayıdan kimi inşa yazdırırdılar ki, bəs “yay tətilimi necə keçirdim”. Necə keçirdəcəm, evdə, həyətdə, arada bir də evdəkilərlə bazarda.


İndi oxuyuram ki, məktəbləri daha 1 ay tətil elan etdilər koronavirusa görə. Bizim vaxtımız olsaydı, əminəm ki, virus zad qanmadığımızdan 2 ay məktəb olmadığına görə qanad taxıb uçurduq. İndiki uşaqların baxıram vecinə deyil. Qardaşım qızına xəbəri eşidən kimi dedim ki, bilirsən məktəb daha 1 ay olmayacaq, “hə bilirəm” deyib keçdi getdi sakitcə. Bax budur bizim fərqimiz. Çünki indi istəyəndə uşağı rahatca məktəbə göndərməyə bilirlər. Uşaq ürəyi istəyəndə o lüksü yaşayır deyə, məktəbin 1 ay olmaması da ona təəccüblü gəlmir. İndi uşaqlar böyüklərə telefondan istifadə qaydasını hərf tanımaya-tanımaya öyrədir. Amma bizim başımızı taxta telefonlarla aldadıblar a kişi, heç nə yox ona yanıram. Götürüb həvəslə danışırdıq. Snikersi ad günündə falan yeyərdik. İndi çayxanada snikers yoxsa, mürəbbə deyəndə mürəbbə seçirik. O vaxt mürəbbənin üzünə də baxan yox idi. İndi uşaqlar YOX sözünü bilmir az qala.


Yazımın məqsədi indiki uşaqlıqla 90-ları müqayisə etmək deyildi. Sadəcə olduğu kimi yazdım ki, qalsın. Ümumiyyətlə mən gələnlərin gedənlərdən daha yaxşı olduğuna inanıram. Yəni hər nə qədər çox da başa düşməsək, inanıram ki, indiki gənclik bizdən daha cəsarətli olacaq, daha sözünü deyən və mərd olacaq. Savad baxımından da eyni fikirdəyəm. Hər şeyi bilmək önəmli deyil, lazım olanı bilmək kifayətdir.


Əlqərəz, çalışın bugünlərdə özünüzü qoruyun. Hər nə mənədir bilmirəm, amma istər həqiqət olsun, istər şou arada test siçanı olmayaq deyə ehtiyatlı olmalıyıq. O gün status da yazmışdım ki, maskalı adamların immuniteti güclü olur. Çünki onlar sovetin #danos37-ni görüblər, #covid19 nə edəcək ki bizə.