facemark.az krizis dövründə satışlar ilə bağlı “SAT Group” şirkətinin rəhbəri Azad Qəhrəmanovdan müsahibə alıb.


Azad bəy, sual budur, hazırki krizis dövründə satış və e-ticarət satışlarının mənzərəsi və nə gözləniləndir?


“Hazırkı vəziyyətdə fərqli sahələrdə satışların durumu da fərqlidir. Hətta müəyyən sahələrdə bildiyiniz kimi satışlar artıb. Bunlara aptekləri, marketləri misal gətirmək olar. Əksər sahələrdə isə satışlar az və ya kəskin şəkildə düşüb. Mən şirkətlərin, satış adamlarının öz satışları ilə bağlı 2 vacib tapşırığı yerinə yetirməli olduqlarını düşünürəm. 1-cisi çətin dövrdə müştərilərini qoruyub saxlamağı. 2-cisi alternativ yollarla mümkün olan qədər satışlar yaratmağı.


1-ci məsələdə vacib olan budur ki, bu çətin dövrdə müştərimiz unudulduğunu və ya onun düşdüyü çətin vəziyyətdən sui-istifadə edildiyini hiss etməsin. Hər iki halda müştərilərin itirilməsi mümkündür. Hətta müştərilərinə öz malını satmaq imkanı tamamilə tükənmiş şirkətlər belə müştəriləri ilə əlaqəni bir şəkildə davam etdirməlidirlər,müştərilərinə qayğılarını ifadə etməli və ya göstərməlidirlər.


Türkiyə qış boyu bütün dünyanı Türkiyəyə istirahətə dəvət edən reklamlara güc vermişdi. Lakin koronavirus təhlükəsi yaranandan sonra turistləri səyahətə gəlməməyə səsləyən roliki reklama qoydu. Hətta belə bir mesajı oldu ki, bu tarixi abidələr sizin yolunuzu yüz illərlə gözlədilər, lakin hazırda ən vacib olan sizin sağlamlığınızdır, evinizdə qalın.


2-cisi satışlar etmək üçün alternativ yollar axtarmaq. Müştərilər üçün alternativ məhsullar, alternativ xidmətlər, məhsulları əldə etmək və yararlanmaq üçün alternativ yollar hazırlamaq. Müştərimiz hələ də alış etməyə hazırdır. Sadəcə onun davranışı kəskin şəkildə dəyişib.


Əgər öz resurlarımız daxilində bu durumda onun üçün maraqlı və faydalı olan təklif hazırlayarıqsa satışlar ola bilər və artıq bunu edən onlarla şirkətlər var. Nümunə üçün evlərə yemək çatdırılmasını gücləndirən restoranları, online satışlarını gücləndirən elektronika, məişət texnikası mağazalarını göstərmək olar.


Böhran bizi dəyişməyə və təkmilləşməyə vadar edir. Uğurlu olsun!”.