Reklam agentlikləri


1.Yerli Agentliklərin yaranma səbəbi və son 5 ilə nəzər;


Öncə smm xidməti göstərən agentliklərin yaranma perioduna nəzər salaq. Görürük ki, 2010-cu ildən başlayan bu trend hər il sürətlə artmağa başlayıb. Şirkətlər başlarda smm idarəetməsini azsaylı kadrlar hesabına görməyə çalışıblar. Kadrlar xarici ölkələrin onlayn resursları vasitəsilə özlərinin bu sahədəki bilik və bacarıqlarını artırmağa nail oldular. Bu da daha sonralar bazarda ixtisaslı kadrların yetişməsinə səbəb oldu. 5-10 il öncəki dövrdə bu sahəsinin əsas spesifikliyi sektorda çalışan kadrlarına azlığı idi. Buna görə də, daxili smm idarəetməsi maddi cəhətdən bahalı və təşkilati işlər baxımından çətin idi.


Professional smm xidməti zərurətindən yerli agentliklər yarandı. Smm xidmətini daha münasib qiymətə təklif edərək bazarda öz yerlərini tutmağa başladılar.


Yerli sosial media, həmçinin, yerli agentliklərin fəaliyyəti 2017-2018-ci illərdə öz yüksəliş və inkişaf dövrünü yaşadı. Həqiqətən 2017-2018-ci illərdə indi belə unudulmayan çoxsaylı gözəl işlər ortaya qoyuldu. Artıq agentliklər arasında yaradıcı kontent uğrunda sözün əsl mənasında rəqabət hiss olunurdu.


2.Trendin dəyişməsinə səbəb və sektora ziyanları


Son iki ildə isə yenidən şirkətdaxili smm idarəetməsinin yüksək trendini müşahidə edə bilirik.


Səbəblər müxtəlif olsa da əsas səbəblərdən biri bazarın özünü tənzimləmə mexanizminin yetərli olmamasıdır. Yəni, bazara həddindən artıq çox oyunçu (agentlik) daxil oldu. Bu isə bazardakı qaydaları tənzimləməkdə çətinlik yaratdı. Əsasən qiymət üzərindən gedən rəqabət qismən də olsa keyfiyyətə təsir etdi. Və nəticədə şirkətdaxili smm idarəetməsinə təkrar zərurət yarandı.


In-house smm xidməti ölkəmizdə təbii inkişaf yolundadır. Yəni, bir zamanlar smm xidməti üzrə agentlik xidmətlərindən istifadənin əsas səbəbi sahə üzrə kadr sayının az olması və şirkətdaxili idarəetmənin sərfəli olmaması idi. Artıq sektorda kifayət qədər dizayner, kontent menecer, smm menecerin olması, həm freelance xidmətləri daha münasib edib, həmçinin agentlik təcrübəsi olan kadrların uyğun qiymətə şirkətdaxili smm idarəetməsinə cəlb olunmasına şərait yaradıb.


Yəni, illər öncə yaranma zərurətləri ucuz və keyfiyyətli xidmət vermək olan agentliklərin agentliklərarası ucuz qiymət mübarizəsi sektorun, həmçinin müəyyən inkişafına mane oldu və ya deformasiya uğramasına da səbəb oldu. Əvvəlki illərdə olduğu kimi, artıq daxili smm xərcləri ilə və xarici smm xərcləri arasında böyük fərqlər olmadığından, şirkətlərin yalnız onlar üçün çalışan düşünən komanda yaratmasına səbəb oldu.


In-house idarəetmənin zəif tərəfləri;


İstərsə, yeni agentlik quranların, istərsə də daxili idarəçilik arzu edən şirkətlərin mənə görə ən əsas səhvi agentliyin rəngarəng ofis, dizayner, copywriter, smm menecerdən ibarət olduğunu düşünməsindədir.


Doğrudur, daxili komandanız məhsul və xidmətlərinizi agentlikdən daha yaxşı tanıya bilər və agentlikdən daha tez kommunikasiya qura biləcəyiniz vasitə ola bilər. Mənə görə isə agentliyi agentlik edən onun yaradıcı mühitinin olmasıdır.


Agentliklər müxtəlif sektor müştərilərini tanıdığından yaranan kontenti müqayisə etmək imkanına malik olurlar. Agentlikdə çalışanlar çox yaxşı bilirlər ki, ideya çox zaman müzakirələr zamanı yaranır. Agentlikdə çalışan hər bir şəxs kontent yazarı üçün dəyərləndirmə edəcəyi müştəri tipidir.


Amma misal olaraq, mebel mağazasının, elektronika mağazasının yaradıcı komandası yalnız spesifik mövzularda düşündüyündən fərqli viral olacaq kontent yaratmaqda çətinlik çəkə bilərlər. Çünki şirkətlərin satın ala bilməyəcəyi yeganə şey məhz yaradıcı mühitdir.


Kiçik və orta şirkətlər ilə işləməkdə olan çətinliklər;


Kiçik və orta şirkətlərdə böyük şirkətlərə nisbətən yüksək ixtisaslı marketinq kadrların olmaması prosesə öz mənfi təsirini edir. Bəzən Agentlik ilə müştəri arasında kommunikasiya üçün şirkət tərəfindən ümumi adminstrativ işlərinə baxan şəxsin məşğul olması tapşırıla bilir.


Yəni, agentliklər məcbur olaraq şirkətin məhsul və xidmətləri təhlil edərək bəzən müştərinin əvəzinə marketinq hədəfləri qoymalı və o hədəfə çatmaq üçün büdcə və həll təklif etməli olurlar. Bu isə qeyri-müəyyənlik və güclü marketinq idarəetməsinə mane olur. Ənənəvi olaraq isə reklam agentlikləri böyük korporativ şirkətlər ilə müştəri tərəfindən verilən brif və ya illik marketinq strategiyası əsasında işləyiblər.


Yeni inkişaf dönəminə keçid zərurəti;


Son olaraq istər, agentlik işçiləri, istərsə də agentliklər şirkət olaraq mütləq şəkildə yeni dövrün tələblərinə cavab verməlidir. Yəni, bu facebook və ınstagram üzrə reklam idarəetməsi etməyi bilən şəxsin google ads öyrənməyi ola bilər. Və ya bu günə qədər smm xidmətinin icraçısı olan agentliklərin böyük şirkətlərə və qurumlara smm strategiyası yazılmasında konsaltinq xidməti verməsi ola bilər.


Yəni, əgər şirkətdaxili idarəetmə trendi yüksəlirsə agentliklər bu şirkətlərə strategiya icrasını şirkətdə saxlamaqla illik smm strategiya yazılması və ya daxili smm idarəetməsin üzrə audit xidmətini təklif edə bilər.


Daxili marketinq komandası olan böyük banklar, holdinglər isə mütləq şəkildə yeni ideyaların, fikirlərin qəbulu üçün və ideyaların dəyərləndirməsi mühitini yaratmalıdır. Bunu il ərzində 1-2 dəfə tender elan edərək, iştirakçı agentliklərə maddi mükafat qarşılığında yeni ideyaları təqdim etməsi mühitini yaratmaq olar.


Yəni, əsas məqsəd məcazi mənada qapıdan daha çox yeni ideyanın daxil olmasını təşkil etməkdir.


Daxili komanda, ideyalarınız nə qədər yaxşı olsa da alternativ fikirlər satın almağı tövsiyə edirəm. Bununla öncəki illərdə olan yaradıcı rəqabət mühiti yenidən bərpa olacaq və siz məhsul və xidmətlərinizin reklamından daha çox fayda görəcəksiniz.


Müəllifin facemark.az-ın təşkil etdiyi SMM Konfransındakı çıxışına isə aşağıdakı videodan baxa bilərsiniz.