İşçiləri daim təlimləndirmək lazımdır. Təlim almayan işçilər potensial şirkəti yıxan şəxslərdir. Təlimsiz insan qanadı qırılmış quş kimidir. Uça bilər, amma effektiv uça bilməz, tez yorular.
Bəzən şirkətlər şikayət edir ki, işçilərimizi təlimlərə göndəririk, amma onlar şirkəti tərk edirlər. Lakin bunu deyə bilərəm ki, işçiləri təlim verməmək daha çox şirkətə ziyan gətirir, nəinki təlim verilib işçinin şirkətdən getməsi. Bunun bir çox səbəbləri vardır.
1) Təlim almış şəxslər artıq özünün yetişdiyini hiss edir və daha yüksək iş mühiti istəyir.
2) Təlimdə deyilən sözlərlə şirkətin görnüşünün üst üstə düşməməsi. Misal üçün: Əgər təlimdə şirkətin strategiyalarının olması deyilirsə, işçilərə ədalətli davranma barədə bildirilirsə, lakin bunlar şirkətdə tətbiq olunmursa həmin işçi şirkətdə qalmayacaq.
3) Təlimdən alınmış biliklərin şirkətdə tətbiq olunmaması. Əgər işçi aldığı bilikləri şirkətində heç bir halda tətbiq edə bilmirsə, əlbəttə ki, bunu tətbiq edəcəyi iş mühiti axtarışına çıxacaq.
4) Əmək haqqı artımının olmaması. İşçiləri işə bağlayan ən mühüm faktorlardan biri məhz əmək haqqıdır. İşçinin müəyyən zaman ərzində ciddi bilikləri artırsa, lakin buna uyğun adekvat əmək haqqı artmırsa işçi bir müddət sonra işdən çıxma barədə qərar verəcəkdir.
5) Vəzifə artımı və ya imtiyazların olmaması. Bu 1-ci dərəcəli faktor olmasa belə ciddi şəkildə təlim alan, biliklərini artıran şəxs bunların olmasınıda səbrsizliklə gözləyir.
Şirkətin hər il üçün qabaqcadan təlim strategiyası olmalı və bu illik daimi yenilənib, tətbiq edilməlidir. Mənasız sadəcə vaxt öldürmək üçün olan təlimlər seçilməməlidir. İşçilər təlimlərin iş vaxtına salınıb yetər ki, iş vaxtını öldürmək düşüncəsi ilə yanaşmamalıdır. Həmçinin belə şəxslərin kollektivdə olmamasına diqqət yetirilməlidir. Burada İnsan Resurslarının üzərinə çox ciddi məsuliyyət düşür. İnsan Resursları bölməsi sırf təlim planını doldurmaq xatirinə təlimləri keçirməməlidir. Şirkətin təlim planı yazılmadan öncə müəyyən sorğular vasitəsi ilə, performans sistemləri ilə təlim ehtiyaclarını müəyyən etməli və buna uyğun adekvat illik təlim planı yazılmalıdır.
İlkin Mirzəzadə, İnsan Resursları mütəxəssisi