facemark.az komandası olaraq 1 aylıq təcrübə (xarici təcrübələr də belə proqramların bir-neçə ay davam etməsinin tərəfdarıdır) proqramı elan etdik. Və onu deyim ki, ONLAR-LA CV-i aldıq. İstər gələn CV-lərin dəyərləndirilməsi, namizədlər ilə təkbətək görüşlərin keçirilməsi və qəbul olunan təcrübəçilər ilə 1 ay ərzində özüm məşğul olmuşam. Şəxsən bu mənim üçün də həyəcanverici idi, çünki İnsan Resursları Mütəxəssislərinin (HR) işçiləri seçim prosesi həmişə mənə maraqlı olub və onların bu çətin işini yüksək qiymətləndirirəm.


Artıq onu deyim ki, tərübəçilərin 1 aylıq təcrübə proqramı bu həftə yekunlaşır və qərara gəldim ki, bu haqda bir yazı hazırlayım. Ümumiyyətlə, təcrübə proqramı nədir və bu, həm şirkətlərə, həm də təcrübəçilərə nəyi qazandırır?


Bu gün təcrübəçilər şirkətlərə yarım və tam iş günü olaraq çalışmaqdadırlar. Yeni 2020-2021 dərs ilinin başladığını nəzərə alsaq, təcrübəçilərin sizinlə əməkdaşlıq etdiyi zaman dilimi yarım iş günü olacaq.


Gəlin, birinci ondan başlayaq


- Ödənişli və ödənişsiz təcrübə proqramlarının fərqi nədir?


İki cür təcrübə proqramı mövcuddur: ödənişli və ödənişsiz. Təcrübə proqramlarının çoxu isə ödənişsizdir, buna səbəb isə təcrübə keçən şəxsin (əsasən, tələbələr olur) pul qazanmaq üçün deyil, lazım olan bilik və bacarıqları əldə etmək üçün orda olmasından qaynaqlanır. Məsələn, facemark.az təcrübəsində biz proqramı ödənişsiz nəzərdə tutduq. Burda məqsədimiz o idi ki, tutalım təcrübəçinin ilk hədəfi məhz burda təcrübə keçməkdirsə, növbəti hədəfi isə pul qazanmaq olmalıdır. Bir növ təcrübəçiləri motivasiyada tutmaq qərarına gəlmişdik. Uyğun gördüyümüz namizədlərə də TƏCRÜBƏ PROQRAM-ı bitdikdən sonra, bizimlə ödənişli əsaslarla əməkdaşlıq etmələri üçün təklifimizi etmişdik.



- Mən Təcrübə Proqramını necə tapa bilərəm?


Bu 1 ayda mənim də imkanım oldu ki, gəncləri analiz edim. Mənə elə gəlir ki, Təcrübə Proqram-ını seçməmişdən öncə, nə istədiyimizi bilmək çox vacibdir. Məsələn, bizdə elə təcrübəçi olmuşdu ki, o LinkedIn üzərindən bizə yazmış və Təcrübə Proqram-ının ona nə qatacağı ilə bağlı maraqlanmışdı. Daha sonra isə CV göndərməklə, bizdə təcrübə proqramına qatılmışdı. Ona görə də, nə istədiyinizə qərar verməlisiniz. LinkedIn kimi peşəkarlar üçün nəzərdə tutulan platforma üzərindən də belə proqramlar tapa və onlarda iştirak edə bilərsiniz.


- Öyrəndiklərinizi tətbiq etmək şansı


Siz universitetdə nəzəri biliklər əldə etdiniz. Əla! Amma bu məlumatları dostcanlı iş atmosferində tətbiq etmək sizə üstünlük qazandıracaq, eləcə də sahəniz üzrə püxtələşəcəksiniz.


- Özünə karyera yolu çizmək


Bizim təcrübəçilərdən biri universitetlərin birində marketinq üzrə təhsil alır və bura gələnə qədər deyirdi ki, mənə universitetdə yalnız 4P-ni keçiblər. Hətta oxuduğu marketinqə belə marağı yoxa çıxıb, fərqli sahələri (proqramlaşdırma) öyrənməyə başlayıb. Amma facemark.az və Fil Agency-də təcrübə proqramı çərçivəsində gələcəkdə də marketinq üzrə irəliləyəcəyini deyir və hətta bu ixtisasa sevgisi yenidən artıb.


- Bazarda özünüzə bir üstünlük qazandırın


Təcrübə proqramının ən vacib faydalarından biri onsuz da təcrübə şəkilində iş təcrübəsinə malik olan univeristet tələbələrinin peşəkarların gözündə önə çıxmasıdır. Təcrübə proqramı ərzində siz daha çox məsuliyyət üzərinizə götürürsünüz. Bu isə sizə gələcəkdə bir RƏHBƏR-in gözündə potensial işçi kimi yüksəldə bilər.


- Bacarıqlarını kəşf et və zəif cəhətlərini analiz et


Məsələn, təcrübə proqramının rəhbəri özüm olduğundan, onlara hansı tərəflərdə zəif və güclü olduqlarını deyirdim. Düşünürəm ki, bu onlara qarşıdakı illərdə zəif tərəflərini daha da gücləndirməyə kömək olacaq.


- Siz təcrübə proqramını vasitəsilə qazana bilərsiniz


Bir çox təcrübə proqramları ödənişlidir, bu isə o deməkdir ki, siz eyni vaxtda, həm təcrübə toplaya, həm də pul qazana bilərsiniz. Bu ödənişlə isə özünüzün cüzi də olsa universitet xərclərini qarşılaya bilərsiniz.


- Sahənin peşəkarları ilə kommunikasiyada olmaq şansı qazanırsınız


Təcrübə proqramı ərzində siz sahəsinin peşəkarları ilə kommunikasiyada olmaq şansı qazana bilərsiniz. Eləcə də bazardakı digər peşəkarları da tanıya bilərsiniz. Məsələn, marketinqdə oxuyan bir tələbə, məncə, ən azı marketoloqları tanımalıdır, onların fəaliyyətini izləməlidir. Nə də olsa, gələcəkdə onlara rəqib olacaq.


- Şirkətin gələcəkdəki əməkdaşı ola bilərsiniz


Bu gün şirkətlərin daim aktiv vakansiyaları olur. Hətta təcrübə keçdiyiniz bir şirkət belə, bu gün sizinlə yollarını ayırsa da, gələcəkdə sizinlə əməkdaşlıq edə bilər. Çünki siz təcrübə proqramı ərzində doğrudan da çox çalışmısınız, özünüzü sübut etmisiniz. Onsuz da bazar balacadır, dəyərli, bir dəfə də olsun əməkdaşlıq etdiyimiz kadrlara isə həmişə ehtiyac var.


Sonda Təcrübəçilər üçün onu deyim ki, motivasiyalarını daim yüksəkdə saxlasınlar. Unutmayaq ki, qazandığınız hər bir bacarıq Sizə yeni bir yol açır.


facemark.az ilə əməkdaşlıq edən hər kəsə təşəkkür edirəm, 1 ay ərzində, həm siz bizə, həm də biz sizə dəyər qatdıq.


Ən əsası onu deyim ki, gələcəkdə onlar bizimlə könüllü da davam etmək niyyətindədirlər. Düşünürəm, bu həyatda İNSAN qazanmaqdan dəyərli nə ola bilər?!


Gələcək, karyeranızda uğurlar!


Növbəti yazılarda görüşənədək!


facemark.az baş redaktor, Ülviyyə Əlizadə