İndi gündəlik tələbat malları bazarının ən dinamik inkişaf etməkdə olan istiqamətlərindən biri halal məhsul istehsalı, habelə onun durmadan artan istehlak perspektivləridir. Müsəlman dünyasında insanların güzəranı yaxşılaşdıqca halal məhsullara da tələb sürətlə artacaqdır. Digər tərəfdən, halal məhsulların tələbkar istehlakçısı olan yaşlı əhalinin də maliyyə durumu yüksəldikcə, cəmiyyətin maddi rifahı ürəkaçan olduqca halal məhsulların çeşid rəngarəngliyinə meyl güclənəcəkdir.


HALAL qida nədir? Müsəlmanlar üçün halal (ərəb dilindən "icazə verilir") hər şeydə, ilk növbədə qidada saflıq, təmizlik, paklıq deməkdir. Buna görə istehlak edilən qida "təmiz" olmalıdır, yəni yüksək və sərt standartlara cavab verməlidir.


Dünya bazarına ümumi ötəri baxış onu göstərir ki, sözü gedən sahədə - halal məhsulun istehsalı, ümumi artım tendensiyası və istehlak həcmi bu günün özündə kifayət qədər nikbin trayektoriyaya sahibdir. Təkcə onu demək kifayətdir ki, bu ilin sonuna kimi qlobal halal məhsullar bazarının ümumi həcminin 1,7 trilyon dollara qədər artacağı gözlənilir.


Rəqəmlərə müraciət etsək, onu da aydın görərik ki, bu sahədə canlı artım dinamikasının artımı aydın görünür. Belə ki, indi Yer kürəsinin müsəlman əhalisi 1,7 milyard nəfər təşkil edir (bu da dünya əhalisinin 24%-i deməkdir). Bu tendensiya genofondu sağlam olan xalqlar və millətlər hesabına sürətlənəcəkdir. Müsəlman əhalisinin reproduktivliyinin yüksək olması buna güvən və etibarlı zəmin yaradır.


2030-cu ilə qədər dünyanın müsəlman sakinlərin sayının 2,2 milyard nəfərə (dünya əhalisinin ümumi sayının 26%-i) qədər artacağı proqnozlaşdırılır. Deməli, halal məhsul istehsalı və istehlakı da bu tempə uyğun olaraq artacaqdır.



Amma bir problem də göz qabağındadır və acı təəssüf doğurur. Belə ki, satış məkanlarında heç də həmişə halal məhsul zəruri çeşiddə təklif olunmur. Üstəlik də olunursa, bu hədəf kütlə ehtiyaclarını qane edəcək qədər geniş seçimli deyil. Bu isə o deməkdir ki, indinin özündə belə, halal məhsulların bazar payını əhəmiyyətli dərəcədə artırmaq olar. Bu da müsəlman istehlakçılarına imkan verəcəkdir ki, mağaza rəflərində ehtiyac duyduqları halal məhsulu tapa və ala bilsinlər.


Ekspertlər qeyd edirlər ki, müsəlman ölkələrində qida istehlakı (xüsusilə ət məhsulları) dünyada mövcud orta istehlak tendensiyalarını qabaqlayır və bu sektor daha sürətli böyüyür. Məsələn, müsəlman ölkələrində yalnız quş ətinin illik istehlakı 6 milyon tonu keçir. Bu da dünya quş əti istehlakının ümumi həcminin 15%-i deməkdir.


Əlavə edək ki, 2009-2014-cü illərdə dünya ət istehlakı da BƏƏ-də 33%, Misirdə - 28%, Pakistanda - 54%, İndoneziyada - 16%, Malayziyada - 15% artmışdır. Ədalət naminə deyək ki, sadalanan ölkələrdə halal standartlarına uyğun istehsal olunmayan ət məhsulları, demək olar ki, yox dərəcəsindədir. Halal qida məhsullarına getdikcə artan maraq, halal məhsulların ekoloji cəhətdən təmiz olması və sərt standartlara tam uyğunluğudur.



Eyni zamanda, bazarın daha sürətli inkişafına mane olan mühüm problemlərdən biri də vahid dünya halal qida standartlarının olmamasıdır. Əslində hər bir müsəlman ölkəsinin öz sertifikatlaşdırma təşkilatı var. Hazırda Malayziya, İndoneziya, Sinqapur, Tayland və Filippin kimi müsəlman ölkələrində 120-dən çox halal sertifikatlaşdırma qurumu fəaliyyət göstərir. Üstəlik, sertifikatlaşdırma standartları fərqlənir, bu da əlavə xərclərə səbəb olur və beynəlxalq ticarət imkanlarını azaldır. ASEAN ölkələri mənfi təsirləri aradan qaldırmaq üçün standartlarını birləşdirməyə çalışırlar, ümumi standartlaşdırmaya keçmək istəyirlər.



Bütün bunlar onu söyləməyə əsas verir ki, artan halal məhsul bazarının genişlənməsi üçün bütün maneələr aradan qaldırılmalıdır. Başqa sözlə:


- standartlaşdırma və sertifikatlaşdırma siyasəti elə yönləndirilməlidir ki, digər məhsullarla müqayisədə halal məhsullar nə qeydiyyatda izafi xərclərə məruz qalmasın, nə də market daxilində sərgilənmədə mövqe itirməsin,


- halal məhsullar, hər şeydən əvvəl, ekoloji təmiz məhsullardır, qatqıların yol verilməzliyini təşviq edən məhsuldur,


- insanlara kommunikasiya prosesində bu qəbildən olan məhsulların yalnız müsəlmanlar üçün deyil, sağlam qidalanan hər kəs üçün faydalı məhsul olaraq mövqeləndirilməsi aktualdır,


- halal məhsulların irəlilədilməsi xüsusi vurğulanmaqla, sağlam yaşa, yüz yaşa çağırışı kimi nikbin səpkidə həyata keçirilməlidir,


- əhalinin aztəminatlı, əngəlli və yaşlı təbəqələrinin bu qida məhsullarını ala bilməsi üçün halal məhsul istehsalında maya dəyərinin əhəmiyyətli dərəcədə aşağı salınması istiqamətində real addımlar atılmalıdır.


- halal məhsullar mentalitetin göstəricisidir, genofondun qorunmasıdır, sağlam insanların aktiv həyat mövqeyinin təminatçısı kimi çıxış edən komponentlərindəndir.


Halallıq diləyi ilə,


Teymur Məmmədov,


Marketinq konsultantı,


Adver.az