Nə düşünürsünüz düşünün, amma pandemiya əslində bir bəşəri bəladır, intizam, şəxsi gogiyena, müalicə protokoluna əməl etmək, yaxınlara dəyər vermək, məsuliyyəti önə çəkmək, habelə sabahı düşünmək, gerçəkliyi yenidən qiymətləndirmək zamanı gəlib. Biz indi hər şeyi daha qətiyyətli hərəkət etməklə yenidən başlamağa hazır olmalıyıq, perspektivə daha nikbin baxmalıyıq, 2020-ci ilin ən yüksək nailiyyətini, Vətən müharibəsində qələbəni, birliyin yaradıcı gücünü, həmrəylik ruhunu quruculuq işlərinə və əməllərinə istiqamətləndirməliyik. Bu, zamanın tələbidir, tarixin istəyidir, inkişaf və tərəqqinin qarşımıza qoyduğu taleyüklü vəzifələrdəndir.


Marketoloqlar fərqli düşüncəyə malik olmaları sayəsində gələcəyi daha çox düşünürlər. Gələcəyi düşünənlər perspektivi yaxın edirlər. Sabahı yaxın edənlər insanların istehlak tələblərini formalaşdırır və yeni həyat tərzinin qərarlaşmasına təkan verirlər. Yeni təqvim ili ərəfəsində hər kəs yeni ilin təəssüratlarını daha al-əlvan etməyə çalışır. Bu baxımdan biz də bir az qabağa boylanmaq istədik, bizi gözləyən və ya ardınca səsləyən bir neçə məqama diqqəti cəmləmək istədik.



Gələcək mütləq gələcək. Bəs gələcək necə gələcək? İflic olan dünya iqtisadiyyatını necə bərpa etməliyik? Marketinq zirvəsindən baxsaq, pandemiya sonrası yeni bir tarixi müstəviyə qədəm qoyan bəşəriyyət artıq keyfiyyətcə fərqli bir gerçəklikdə olacaqdır. Bu isə o deməkdir ki, insanlar uzunmüddətli oturaq ezamiyyət tərzindən daha dinamik, hərəkətli və sürətli həyat tərzinə keçəcəklər.


Qərarlar daha tez qəbul olunacaq, müzakirələr istər offlayn və istərsə də onlayn formatlarda eyni enerji, təcrübə və ciddiliklə davam edəcək, daha sanballı və irimiqyaslı layihələr gündəmə gələcək, pandemiyadan daha çox ziyan çəkən orta və kiçik biznes yeni həvəslə starta çıxacaqdır. Jeff Beerin (Jeff Beer) fikrincə, yaxın beş ildə marketinq məkanının relyefi inanılmaz dərəcədə dəyişəcək və tanınmaz olacaqdır.



Birincisi, mobil texnologiyalar bir qasırğa sürəti ilə marketinqin təməlini yeniləyəcəklər. Mobil qurğu və cihazların çeşidi və funksionallığı inanılmaz dərəcədə yenilənəcək və dəyişəcəkdir. Şirkətlər indi istehlakçılara real fərdi yanaşmaq imkanı qazanacaqlar. Yeni reytinq praktikası bir nəfərə qədər dəqiqliklə hər istehlakçını fərdi diqqət mərkəzində saxlamağa imkan verəcəkdir. Kiçikekranlı mobil vasitələrə artan tələb diqqəti ciddi şəkildə özünə cəlb edəcəkdir. Bu da, həm marketoloqlardan, həm də reklamçılardan sərt kreativ sıçrayış edə biləcək potensial tələb edəcəkdir. Həyat daha zəngin boyalı və sevilən olacaqdır. Yeni ideyalar ümman kimi dalğalanacaq, hər günü yeni, daha heyrətamiz sürprizlərlə qarşılacağıq.



İkincisi, heç də az əhəmiyyət kəsb etməyən amil ondan ibarətdir ki, yeni marketinqdə brandinq önəmli rol qazanacaqdır. Müştəri ilə brand arasında qarşılıqlı münasibət aynadakı qədər şəffaf və adekvat olacaqdır ki, bu da istehlakçının istehsalçı-istehlakçı münasibətlərində şəffaflığa artan ehtiyaclarını üzvi olaraq dəstəkləyəcəkdir. Müştəri öz həyatında markanın iştirakı fonunda gözləntilərinin qarşılıqlı səmimiyyətini əməli olaraq görəcəkdir. Vicdanlı markaların imici yüksələcək, satışı artcaq və uğurları daha diqqətəlayiq olacaqdır.

Üçüncüsü, yeni marketinq mərhələsində kontentin rolu astronomik səviyyədə durmadan artacaqdır. Yaxşı kontentə ehtiyac günbəgün yüksələcəkdir. Vizual kontentin dominantlığı yeni səviyyədə aktuallaşacaqdır. Marketinqin klassik modeli mövcud demarkasiya xəttindən əhəmiyyətli dərəcədə geriyə çəkilməli və əvvəlki rolunu itirməklə barışmalı olacaqdır. Kontentin yaradılmasında zaman və sürət önəmli olacaqdır. Kreativə göstərilən tələblər adekvat həllər sayəsində özünü müsbət tərəfdən doğruldacaqdır.



Dördüncü, ciddi komponent olmaqla bu məqam xüsusilə diqqətəlayiqdir. İndiyə kimi, bütün klassik və ənənəvi marketinq dövründə brand formalaşması tam olaraq istehsalçının, mal və xidmət təklif edən şirkətin müstəsna səlahiyyətində olmuşdur və şirkət öz funksional fəaliyyətində inhisarçı hüququ ilə bu haqqa sahiblənilmişdi. İndi istifadəçinin kontenti, daha doğrusu, müştərinin kontenti brand kontentini üstələyəcəkdir. Yəni onlayn rəylərdən tutmuş sosial şəbəkə və bloqlardakı postlara qədər hər yerdə istehlakçı təfəkküründə müsbət obrazın yaradılması önəmli olacaqdır. Müştərilərin kontent yaradılmasında brandlərlə birlikdə fəliyyəti sevindirici bir innovasiya üsulu kimi populyarlıq qazanacaqdır.


Beşincisi, sosial şəbəkələr gələcəyin internetinə çevriləcəklər. Sosial şəbəkələr marketinqin daha geniş və ayrılmaz hissəsi olacaqlar. Çünki onların təsir gücü durmadan və inamlı surətdə artmaqdadır. Bir çox brendlər marketinq tədbirlərini sosial şəbəkəyə köçürməkdədirlər. Belə düşünmək olar ki, sosial şəbəkələr real gücə və dominanta çevriləcəklər. Bu da onu söyləməyə əsas verir ki, sosial şəbəkələr yeganə marketinq məcrası kimi daha qabarıq planda çıxış edəcəklər.



Altıncısı, brendlər öz hədəf kütləsinə sahiblənəcəklər. Başqa sözlə desək, birliklər yaradaraq və müştərilərlə birbaşa dialoqa keçərək, şirkətlər hədəf kütlə ilə yeni müstəvidə qarşılaşacaqlar. Belə ki, onlar öz auditoriyalarını idarə edə biləcək, hədəf kütlənin loyal cəmiyyətlərini formalaşdıracaq və brandin vəkillərinin geniş təbəqəsini yetişdirəcəklər. Brand özü markaların və marketinqin «eşidən qulağı» qismində müştərilərin söylədiklərini eşidəcək, məhz bunun əsasında reklam kampaniyaları həyata keçiriləcəkdir. Müştəri sevdiyi markanın məhsullarından istifadə edəcək və onun şöhrət qazanması üçün əlindən gələni əsirgəməyəcəkdir.


Yeddincisi, brendlər yalnız «ikimininicilər» nəslinə arxalanmamlıdırl. Nəzərə almaq lazımdır ki, bu nəsil artıq gənc deyil, onların yerinə səhnəyə yeni nəsil çıxmışdır. Yeni gəncliklə yeni zamanın dili və jarqonunda danışmalı, onların loyallığını indidən təmin etməyin qayğısına qalınmalıdır, yeni nəslin qəlbinə çığırlar aranmalı, yollar salınmalıdır. Əks halda, bütöv bir nəsil marka üçün itirilmiş ola bilər.



Səkkizincisi, yaxşı markaların dövranıı dəyişiləcəkdir. İndi onlar özlərini yaxşı istehsalçı kimi aparacaqlar. Xidmət şirkətlərinin missiyası müştəriyə xoşbəxt anlar yaşatmaqdır. Onlar hər dəfə müştəriyə özünü sübut etməyə can atmalıdır, istehsal şirkətləri isə bunu investisiyalar vasitəsilə həyata keçirirlər. Başqa sözlə, xidmət mədəniyyətini təkmilləşdirməklə bərabər, istehsalçı şirkərtər, həm də müştəri üçün əlavə dəyərlər yaradılmasına investisiya qoyurlar. Şirkətlər onlara daha yaxın və doğma olmaq istəyindən bir an da olsa geri çəkilmirlər.


Doqquzuncusu, fərdə yönəlik, informasiya ilə daha zəngin olan marketinq aktual olacaqdır. İnformativ marketinq «qırsaqqız» marketinqi demək deyildir. Fərdə yönəlik marketinqdə informativlik daha çox xeyirxah bələdçilik, qayğıkeş məsləhətçilik kimi özünü təzahür etdirəcəkdir. Yəni səmimi şirkətlər «çağrılmamış qonaq olmayacaqlar», hər kəsin «xoş gəldin» deyə qarşılayacağı bir dost kimi dəyərləndiriləcəklər.



Onuncusu, müştəri loyallığının ölçü meyarları da yenilənəcəkdir. Bu günü milyonlarla layk, repost, tvit göstəriciləri ilə lovğalanan şirkətlər bu metrikadan imtina edəcəklər. Exspertlərin fikrincə, düşünmək olar ki, axtarış və analizin daha praktiki və etibarlı parametrlərinin tam yeni metrik sistemi meydana çıxacaqdır. Bu da mükəmməl təhlil aləti olaraq, marketoqlara məlumat bazası ilə daha dəqiq ölçülər zəminində işləməyə real imkan yaradacaqdır.


On birincisi, yeni zamanın marketinqində kreativ ciddi rol oynayacaq, texnoloji alət və vasitələrlə daha effektiv kontentlər yaratmağa özündə cəsarət tapacaq, müştərilərə fərdi yanaşmanın yeni konseptual kreativ strategiayalarının yaradılmasına əsaslı təkan verəcəkdir.


Bütün bunlar onu qətiyyətlə söyləməyə əsas verir ki, bizi yeni və vüsətli inkişaf konturları səsləyir. 2021-ci il dünya marketinq tarixində yeni və tam fərqli bir inkişaf yolunun başlanğıcı olacaqdır. İstəsək də, istəməsək də hər şey dəyişəcək. Biz də dəyişirikmi?


Zaman dəyişənlərin, çeviklərin, manevr edə bilənlərin, nikbinlərin, sabahı bu günə yaxınlaşdıranların, həyatı sevənlərin, eksperimentlərdən çəkinməyənlərin, özünə güvənənlərin, şəxsi inkişafı önə çəkənlərin, dinamik həyat tərzini sevənlərin, bir sözlə, yaradıcı və iradəli insanların zamanıdır.


Pozitiv duyğularla,


Teymur Məmmədov,


Marketinq konsultantı,


Adver.az