Kompaniya Deciem kosmetik markasındakı payını 76%-ə çatdırmağı planlayır. Və qarşıdakı 3 ildə markanın qalan hissələrini alacaq.


Facemark.az xəbər verir ki, Financial Times nəşrinin yazdığına görə, Estée Lauder şirkəti The Ordinary kosmetika ticari markasını idarə edən Deciem-i almağa hazırlaşır.


Kosmetika istehsalçısı şirkətdəki payını 29%-dən 76%-ə yüksəltməyi planlaşdırır və şirkətin inkişafına 1 milyard dollar sərmayə qoyacaq.


Razılaşmadan sonra Estée Lauder, Deciem-də nəzarət payını alacaq və kosmetika markasının təxmin edilən dəyəri 2,2 milyard dollara çatacaq.


Şirkətlər bu ilin iyununa qədər müqaviləni bağlayacaqlar. Estée Lauder qalan səhmləri yaxın 3 il ərzində geri alacaq.


Deciem 2013-cü ildə yaradılıb və portfoliosunda 6 kosmetika markası var. Onlardan ən əsası isə The Ordinary markasıdır və dəriyə qulluq vasitələri hazırlayır.


Estée Lauder — Amerika şirkətidir, 1946-cı ildə yaradılıb. Kosmetika və parfümeriya məhsullarının hazırlanması və satışı ilə məşğuldur.


Onun portfelinə Clinique, MAC və s. markalar daxildir. Deciem-dəki birinci payını (29%) 2017-ci ildə əldə edib.