cümə, 14 may 2021

Türkün əsrlərdən süzülüb gələn zəka və strategiya oyunu - Manqala


Fərrux Rəhimov


359

Manqala bütün dünyada tanınan və çox müxtəlif formaları olan masaüstü strategiya oyunudur. Hazırda masaüstü oyun olmağına baxmayaraq ilk formalarının yerdə çuxurlar qazılaraq kiçik çay daşları ilə oynanıldığı məlumdur. Oyundakı çuxur və istifadə daşların sayı hər millətdə müxtəlifdir. Dünyada “Mancala”, “Mankalah”, “Mangala” və bənzər adlarla adlandırılır. Türkiyədə və Türk dünyasındakı ümumi adı “Köçürmədir”. Oyun, min il əvvəl yazılan Qaşqarlı Mahmudun “Divan-ı Lüğət-i Türk” adlı kitabında da bu ad istifadə edilmişdir. Türkiyədə və Türk dünyasinda; “Qala”, “Quyu”, “Quyu qayası”, “Quyuçu”, “Mankala”, “Manqala”, “Melle qayası”, “Güc oyunu”, “Qırrık”, “Toxuq korqool”, “Doqquz kumalak” və s. adlarla adlanılır və hələ də oynanılır. Keçmişin dərinliklərindən gələn; əsrlərdir oynanan Türkistan (Orta Asiya) xalqlarının zəka və strategiya oyunu Manqala, küçələrdən Türk saraylarına, 7-dən 77-yə qədər geniş oyunçu kütləsinə malikdir (Vikipedia-1).

Tarixi araşdırmalar bu oyunun Sakalar, Hunlar və Göytürklər dövründə oynandığını göstərir. Koroğlu və Manas Dastanlarında Manqala oyunundan bəhs edilir. Türklər oturaq həyata keçib şəhərlərdə yaşamağa başladıqdan sonra da bu oyunu oynamağa davam etmişlər. Belə ki, Qaraxanlılar, Səlcuqlular və nəhayət Osmanlıların da “Manqala” adıyla oyunu davam etdirdiyi məlumdur (Şəkil-1). XVI əsrə aid Osmanlı miniatürlərində də bu oyunu görmək mümkündür (Şəkil-2 və 3). Mətin Andın fikrincə bu oyunun manqala oyunlarından bəhs edən ilk əsərlərdən olan Min bir gecə nağıllarında təsvir edilən (15. gecə) “mankala” ilə birbaşa əlaqəli ola bilər. Qərb qaynaqlarda isə manqala haqqında ilk dəfə 1694-cü ildə İngilis şərqşünas Thomas Hydenin yazılarında bəhs edilmişdir. Jean Antoine Guerin 1747-ci ildə Parisdə nümayiş olunan “Moeurs et usages des Turcs” (Türklərin ənənə və vərdişləri) adlı əsərində, oyundan “Mangola” olaraq bəhs edilir. İngiltərədə 1860 əvvəllərində “Mangola” yeni oyun olaraq tanıdılmış və Jaques şirkəti tərəfindən nümayiş olunmuşdur (Vikipedia-2).

“Mankala” kəlməsi türkcə köçürmə sözünün ərəbcəsidir. Bununla birlikdə Mətin And bu sözün daşların sıralanması mənasında Türkcədə ən kiçik hərbi birlik üçün istifadə “manqa” sözündən və ya daşların qoyulduğu çuxurlar mənasında “manqal” sözündən törədilmiş ola biləcəyi şərhini verir. Türk dilində m>b bənzəməsi səbəbindən “minkale” (min qala) sözündən törədiyi də düşünülür. (Murun> burun, binkale> minkale).

Şəkil 1. Qaziantəp qalasında olan Manqala oyunu daşı – (20-ci əsrdə

Qaziantəpdə əyləncə həyatı - Gonca Tokuz)

Şəkil 2. 1582-ci ildə Nəqqaş Osman və qrupu tərəfindən çəkilmiş Surname - i Hümayun adlı əsər[1]

Şəkil 3. Osmanlı Qəhvəxanaları ilə əlaqədar ən qədim bir vizual qaynaq 16. əsrin sonunda İstanbulda çəkilmiş akvarel bir şəkildir.[1]

[1] Şahzadə Mehmədin sünnət toyunda İstanbulda Osmanlı sənətkarların təsvir edildiyi miniatür. Əsli 367a nömrəli qeydlə Topqapı Sarayı Muzeyindədir

[2] Şəkilin orijinalı Dublində Chester Beatty Kitabxanasında, 439 nömrəli qaynaqda saxlanılır. Şəkildə Manqala oynayanlar görülür.

Manqalanın Türklərin dünya görüşünü əks etdirən etnoqrafik oyun olduğu da nəzərdən qaçmamalıdır. Dünyada millətlərin öz milli zəka oyunlarının olması, milli əlifbalarının olması qədər əhəmiyyətli mədəni xüsusiyyətdir. Manqala şans oyun deyil. Burada taktika və öncəgörmə vacibdir. Bütün oyunu bircə gedişlə dəyişə bilərsiniz. Məlumdur ki, "Manqala" oyununa oxşar oyunlar Afrikada, Yaxın Şərqdə və bəzi Uzaq Şərq xalqlarında "Bao", "Deka", "Vari" və "Ovari" adları ilə mövcuddur. Türk dünyasında yüzlərlə il boyunca “9 Korqol”, “Tokuz korqol”, “Eson korqol”, “Nine kumalak”, “Kale”, “Altı ev”, “Meneli daş”, “Evcik”, “Mere köçdü” adlı oyunlar mövcud olmuşdur. Bu oyunların hamısı ərəbcə "nəql" kökündən yaranan "mankala"- nəql etmə adlanır.

Türk dünyasında oynanılan Manqala oyunun digərlərindən bir neçə mühüm fərqi var:

Digər manqala növlərində daşlar ümumiyyətlə "toxum" adlanır, daşları hərəkət etdirmək isə "toxum atmaq" olaraq ifadə edilir. Bu da o cəmiyyətlərin əkinçiliklə məşğul olduğunu göstərir. Halbuki Türk Manqala oyununda daşlar "əsgər" hesab edilir; bu da oyunun əkinçilik oyunu deyil, döyüş oyunu olduğunu sübut edir.

Türk Manqalasının digər bir fərqi isə ələ alınan daşların bir dənəsinin öz otağına, yəni çuxuruna qoyulması qaydasıdır. Digər manqala oyunlarında öz çuxuruna daş buraxmaq qaydası yoxdur. Manqalada öz çuxuruna bir daş buraxmaq qaydası, Türk ictimai həyatındakı ata ocağına sahib çıxmaq ənənəsinin təzahürüdür. Daş qazanmaq üçün rəqibin daşlarını cütləmə qaydası isə Türk inanc və dövlət sistemi tarixindəki ikili anlayışı simvollaşdırır və Türklərin ənənəvi dünya görüşünə uyğun gəlir. Qədim Türklərin göyü ata, yeri ana olaraq qəbul etməsini; Türk dövlət sistemindəki “Töles-sol” və “Tardus-sağ” ilə idarəetmədəki “yabqu” və “şad” sistemi kimi cütlükləri buna nümunə göstərə bilərik.

Oyunun materialları hər yerdə və ya praktik olaraq tapıla bilməyi; oyunun yayılmasına və mədəniyyət fərqi olmadan oynanmasına zəmin hazırlamışdır. Belə ki, oyunu oynamaq üçün 48 ədəd daş (adi çay daşı), və hər birində 6 ədəd kiçik, bir ədəd nisbətən böyük quyu olmaq 14 quyudan ibarət oyun sahəsi və iki nəfər tələb olunur. Oyunçular 48 daşı hər bir kiçik quyuya 4 ədəd olmaqla paylayır. Oyunda hər oyunçunun öz qarşısında olan yan-yana 6 kiçik quyu, o oyunçunun bölgəsidir. Digər tərəfdə olan 6 kiçik quyu rəqibin bölgəsidir. Oyunçular xəzinələrində (öz böyük quyusundan) ən çox daşı yığmağa çalışır. Oyun sonunda ən çox daşı toplayan oyunçu o partiyanı qazanmış olur (e-zeka).

Oyunun 4 əsas qaydası vardır (Şəkil-4).

1. Püşkatma nəticəsində başlamaq haqqı qazanan oyunçu öz bölgəsində olan istədiyi quyudan 4 ədəd daşı əlinə alır. Bir ədəd daşı həmin quyuya buraxıb saat əqrəbinin əksi istiqamətdə, yəni sağa doğru hər bir quyuya bir ədəd daş ataraq əlindəki daşlar bitənə qədər paylayır. Əlindəki son daş xəzinəsinə gəlirsə, oyunçu təkrar oynamaq haqqı qazanır. Oyunçunun quyusunda bir ədəd daş varsa, növbəsi çatanda bu daşı növbəti quyuya daşıya bilər. Həmlə sırası rəqibinə keçir. Hər dəfə oyunçunun əlində qalan son daş oyunun taleyini müəyyən edir.

2. Həmlə sırası gələn oyunçu öz quyusundan aldığı daşları payladığı əlində daş qaldısa, rəqibin bölgəsindəki quyulara da daş yığmağa davam edir. Oyunçunun əlindəki son daş, rəqibinin bölgəsində gəldiyi quyudakı daşların sayını cüt rəqəm etsə (2, 4, 6, 8) oyunçu bu quyuda olan bütün daşların sahibi olur və onları öz xəzinəsinə qoyur. Həmlə sırası rəqibinə keçir.

3. Oyunçu daşları payladığı əlində qalan son daş, öz bölgəsindəki boş bir quyuya qoyulduqda və əgər boş quyusunun qarşısındakı quyuda da rəqibinə aid daş varsa, həm rəqibinin quyusundakı daşları alır, həm də öz boş quyusuna buraxdığı daşı götürüb xəzinəsinə qoyur. Həmlə sırası rəqibinə keçir.

4. Oyunçulardan hər hansı birinin bölgəsindəki daşlar bitdikdə oyun bitir. Oyunda öz bölgəsində daşları ilk bitən oyunçu, rəqibinin bölgəsindəki bütün daşları da qazanır. Bu səbəbdən, oyunun şiddəti son ana qədər aşağı düşmür.

Manqala oyunu 5 tur oynanılır. Tur qazanan oyunçu (1) bal uduzan (0) və heç-heçə (0.5) bal alır. Sonda ən çox xalı toplayan qalib olur.

Tədqiqatçı Philip Tovnshendin fikrincə cəmiyyətdə, insanlarda ən çox bəyənilən və nümunə alınan xüsusiyyətlərdən yeddisi Manqala oyunuyla əlaqədardır: 1-açıq gözlülük; 2-ayıq-sayıqlıq; 3-əvvəldən görmə; 4-elastiklik; 5-müqavimət göstərmək; 6-ehtiyatlılıq; 7-yaddaş (Küçükyıldız: 2011).

Şəkil 4. Manqala oyunun qaydaları.

Qaydaları yuxarıda izah edilən oyunu oyanaq üçün tələb olunan materiallar da çox asanlıqla əldə edilə bilər. Belə ki, müxtəlif internet saytlarından oyunu sifariş verməklə yanaşı ev şəraitində də hazırlamaq mümkündür (Şəkil 5).

Şəkil 5. Ev şəraitində manqala oyunu hazırlamaq. (E-zeka)

Qazaxıstan və Türkiyədə geniş yayılan və Türkiyədə federasiyası da olan Manqala oyunu 2020-ci ilin sonlarında UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na da daxil edilib(8). Bununla oyun beynəlxalq səviyyədə tanınaraq müvafiq status da qazanmış olur.

Zəka səviyyəsi, strateji və analitik düşünmə qabiliyyətlərinin gücləndirilməsi üçün müstəsna rolu olan, 7-dən 77-yə hər yaşda insanın rahatlıqla öyrənə və oynaya biləcəyi Manqala oyunu Türk millətinin əsrlərdən süzülüb gələn milli sərvətlərindən biridir. Manqala oyunu həmçinin əldə edilməsi və ya düzəldilməsi asan olduğuna görə hər yerdə çox istifadə edilə bilər. Hətta, heç bir vasitə olmadığı təqdirdə torpaq üzərində müvafiq oyuqları açaraq təbii daşlarla oynanıla bilər. Oyunun həmçinin müvafiq internet saytı vasitəsi ilə və ya kompüterə yaxud mobil telefona yükləyərək də oynamaq mümkündür(Manqala oyna). Hesab edirik ki, bu cür oyunların Ölkəmizdə də kifayət qədər tanınması və gənc nəslə öyrədilməsi çox vacibdir.

Ədəbiyyat:

  • “Mangala-Turk Zeka ve Strateji Oyunu” – 3 rəng təşkilatı,
  • Vikipediya -1 https://tr.wikipedia.org/wiki/Mankala / Tarix: 04.09.2017
  • Vikipediya -2 https://tr.wikipedia.org/wiki/Mangala / Tarix: 04.09.2017
  • E-Zeka - http://www.e-zeka.net/2014/05/mangala-oyunu-nedir-nasil-oynanir/ Tarix: 04.09.2017
  • Küçükyıldız Arslan “Satrancın Atası Türk Zeka Oyunu “Mangala” Türk Yurdu jurnalı dekabr 2011.
  • https://www.academia.edu/10711098/Mangala-Turk_Zeka_ve_Strateji_Oyunu
  • Manqala oyna - http://www.mangalaoyna.com.tr/ Tarix: 06.09.2017
  • https://azertag.az/xeber/Turkiyenin_Manqala_oyunu_UNESCO_nun_qeyri_maddi_medeni_irsi_siyahisina_daxil_edilib-1668809

Qeyd: Məqalə “Birlik” dərgisinin № 05-06 (29) 2017-ci il tarixli nömrəsində çap edilmişdir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün