E3 bu ilin virtual tədbirini “Ən çox gözlənilən” oyun ilə yekunlaşdıracağını açıqlayıb. Tədbirdə mükafatlandırma mərasimi də keçiriləcək.


Facemark xəbər verir ki, sərgi şirkəti COVID-19 səbəbiylə keçən il ləğv edilən tədbirini bu il 12 - 15 iyun tarixlərində virtual olaraq qaytarıb.


Yeni oyunların açıqlanması, strimerlərin mətbuat konfransları, proqram təminatçıları ilə görüşlər, panel müzakirələri və s. kimi bölmələr əvvəlki tədbirlərdəki kimi, eyni qalacaq. Lakin bu il yenilik olaraq oyun mükafatları seqmentini də təqdim edilir. Mükafat qalibləri panel iştirakçıları və media sponsorları tərəfindən seçiləcək.


Tədbirdə “IGN”, “GameSpot”, “PC Gamer”, “GamesRadar+” kimi media orqanlarında çalışan və “Ən çox gözlənilən” oyun mükafatını verməkdə məsul redaktorlar da yer alacaq.


“Bu il biz dünyanın qabaqcıl texnologiya-oyun saytları, media orqanları ilə əməkdaşlıq edirik. Onlar “Rəsmi E3 2021 Mükafatlandırma Mərasimi”ni təşkil etməyə və ilin ən çox gözlənilən oyununu seçməyə bizə kömək edəcəklər,” - Bunu “ESA”nın prezidenti və CEO-su Stenli Pier-Luiz bildirib.