İllərdir planlaşdırılan ilk “Google” mağazası sabah Nyu-Yorkda açılacaq.


Facemark bildirir ki, Manhattanda varlığı ilə seçilən “Amazon”, “Samsung”, “Microsoft”, “Apple” kimi həmkarlarından sonra, nəhayət, “Google” da özünə yer tapa bilib. Yerli vaxt ilə səhər saat 10-da açılacaq mağaza 460 kvadrat metrdir. Bu məkan daha əvvəl poçt və “Starbucks”a da ev sahibi olub.


Mağazanın tərtibində müştərilərin rahat olmağına xüsusi diqqət göstərilib. Şirkətin ortaq məhsulları dizaynda ciddi yer alır və portfolio xarakteri daşıyır. Piksel telefonlar, ev əşyaları, Stadia, WearOS və Fitbit məhsullarını almaq üçün müştərilər bu mağazaya yaxınlaşa bilərlər.


Qeyd etmək lazımdır ki, pandemiya şərtləri səbəbindən mağazanın ilk təqdimatı onlayn olub. Oflayn açılışda isə şirkət bütün tədbirlərə ciddi əməl edəcəyini və təhlükəsizliyi tam qoruyacağını bildirib.


COVID-19 planlaşdırılmış açılışı ləngitsə də, “Google” sabahdan etibarən ciddi və çevik iş təqdim edəcəyini bildirir. Şirkət 50 işçisi ilə birgə bir neçə sınaq həftəsindən sonra iş gününə tamamilə hazırdır.