“TikTok” azyaşlılar üçün məxfilik və təhlükəsizlik qaydalarını yeniləyib.


Facemark “TechCrunch”a istinadən xəbər verir ki, dəyişikliklər məxfilik parametrlərinə, şəxsi mesajlaşmaya, videoların yüklənməsinə təsir edəcək.


16-17 yaş arası yeni istifadəçilər üçün şəxsi mesajların qəbulu qeydiyyat zamanı standart olaraq deaktiv ediləcək. Sazlamalar hissəsindən mesaj qəbulunu aktivləşdirmək mümkündür, ancaq sosial şəbəkə əlavə təsdiq tələb edəcək. Dəyişiklik mövcud istifadəçilərə də tətbiq olunacaq. Videonu yayımlayarkən 16 yaşdan aşağı olan istifadəçilərdən videonun kimə göstərilməli olduğunu seçmək istəniləcək: abunəçilərə, dostlara və ya müəllifin özünə. Bu vəziyyətdə "hamısı" seçimi mövcud deyil.


Bundan əlavə, “TikTok” yeniyetmələr üçün bildirişlərini məhdudlaşdıracaq. 13-15 yaş arası istifadəçilər 21:00-dan sonra mesajları qəbul etməyəcək. Bildirişlər 8:00-dən sonra yenidən aktiv olacaq. Dəyişikliklər bütün ölkələrdə qüvvəyə minəcək. Dəqiq tarix isə məlum deyil.


Qeyd edək ki, yeniyetmələrin təhlükəsiziyi ilə bağlı bir sıra yeniliklər “Google” və “YouTube”da da həyata keçirilib.