Microsoft “Microsoft 365” və “Office 365” xidmətlərinin qiymətlərini qaldıracaq. Bu, son 10 ildə qiymət siyahısında ilk dəyişiklikdir.


Facemark xarici mediaya istinadən bildirir ki, “Microsoft 365 Business Basic”in qiyməti hər istifadəçi üçün 5 dollardan 6 dollara, “Microsoft 365 Business Premium” 20 dollardan 22 dollara, “Office 365 E1” 8 dollardan 10 dollara, “Office 365 E3” 20 dollardan 23 dollara, “Office 365 E5” 35 dollardan 38 dollara, “Microsoft 365 E3” 32 dollardan 36 dollars qalxacaq.


Yeni qiymətlər 1 Mart 2022-ci ildən qüvvəyə minəcək və yalnız ticarət məhsullarına təsir edəcək; təhsil müəssisələri və fiziki şəxslər üçün qiymətlər əvvəlki kimi qalır. “Microsoft” qiymət artımını bu müddət ərzində istifadəçilərə təqdim etdiyi rabitə, təhlükəsizlik və avtomatlaşdırma sahəsindəki yenilikçi inkişaflarla izah edir.


Rəsmi məlumatlara görə, “Office 365” xidmətinin 10 il əvvəl istifadəyə verilməsindən bu yana 300 milyondan çox abunəyə sahibdir.


Qeyd edək ki, 2021-ci ilin oktyabr ayında “Microsoft” yenilənmiş dizaynı ilə “Windows 11” əməliyyat sistemini təqdim etməyi planlaşdırır. Şirkət əvvəlki qlobal proqram yeniləməsini 2015-ci ildə təqdim etmişdi.