3M ( Minnesota Mining and Manufacturing Company) ABŞ-da Minisota ştatında dağ-mədən sənayesi və istehsalla məşğul olan çoxmillətli korporasiyadır. Burada 84000 işçi işləyir ki, 55000 sayda məhsul istehsal edirlər. Bura aiddir: yapışqan, laminat, stamatoloji məhsullar, elektron materialları, tibbi məmulatlar, avtomobil qulluğu üçün məhsullar və s. 3M şirkətinin 60dan çox ölkədə, o cümlədən Azərbaycanda da nümayəndəliyi fəaliyyət göstərir.


Bu şirkətin daima yeniliyə can atması onu əfsanəyə çevirmişdir. Şirkətin hər üçüncü reklam kompaniyası “ Yeniliklər sizin üçün” sözləri ilə başlayır. Amma yenilik bu şirkət üçün sadəcə reklam məqsədli fırıldaq deyil. Yeni məhsullar bu şirkətin qanı-canıdır. Hər il bu şirkət bazara 200 yeni məhsul buraxır. Əvvəlki 4 il bazara çıxarılmış yeni məhsulların satış həcminin 30% - ə çatdırılması şirkətin əsas məqsədidir. Nə qədər də təəccüblü olsa da, adətən bu məqsədə çatılır. 2002-ci ildə satışın 1/3i ( 16 mlrd dollar) məhz bu məhsulların hesabına olunmuşdur. Bundan başqa 3M “Fortune” siyahısında yenilikçi olmasına görə birinci olmuşdur.


Şirkət özünün bu cürə müvəffəqiyyətlərini bir neçə faktora borcludur. 3M şirkəti yeniliklər üçün münasib şəraitin yaradılmasına və təşviqata xüsusi diqqət ayırır. Hər il ümumi satışın 6% gəliri elmi-tədqiqat proqramlarına yatırılır. Bu isə digər şirkətlərin yatırımının orta gostəricisinin iki mislidir.


Şirkət bütün işçiləri yenilikçi olmağa səsləyir və bunun üçün də işçilərin iş vaxtının 15%-inin onlar üçün xüsusi maraq kəsb edən proyektlərə sərf etməyə imkan verir. Bununla belə rəhbərlik həmin proyektlərin şirkət üçün əhəmiyyəti olub-olmayacağından asılı olmayaraq bunu edir. İşçilər qrup şəklində birləşir və öz proyektlərinin inkişafı üçün əllərindən gələni etməyə başlayırlar. İşçilər arasında belə bir deyim var: “ Öz Şəhzadəni tapmaq üçün çoxlu qurbağa öpmək gərəkdir.” Bu deyim həm də şirkətdə səhv etmək hüququnun olmasını göstərir. Səhvlər burda işin ayrılmaz hissəsi kimi qəbul edilir və hətta “Yalnız heç nə etməyən adam səhv etməz” prinsipi üstün tutulur.


Və məlum oldu ki, məhz səhvlər və uğursuzluqlar şirkətin ən uğurlu məhsullarının yaradılmasına səbəb olmuşdur. Burda kimyəvi labaratoriyada çalışan bir xanımın başına gələn hadisəni hamı bilir. Xanım ehtiyatsızlıqdan yeni kimyəvi maddəni öz tennis ayaqqabısının üstünə tökür. Bir neçə gün sonra xanım müşahidə edir ki, kimyəvi maddə tokülən yerdə parça çirklənmir. Evrika! Bir qədər vaxt sonra bu maddə bugün parçalar üçün qoruyucu vasitə kimi tanınan Scotchgard adı altında istifadə olunmağa başlandı.


Başqa məhşur bir hadisə isə keyfiyyətli yapışqan yaratmağa çalışan, amma bunun yerinə heç nəyə lazımınca yapışmayan bir maddə alan alim Spenser Silver haqqındadır. İlk baxışdan heç bir işə yaramayan maddəni alim başqa tədqiqat labaratoriyasına göndərir. Bir neçə il sonra digər alim Artur Frayın problemi və bu problemin həlli ideası yaranır. Belə ki, Artur yerli kilse xorunda oxuyurdu və tez-tez kilse mahnılarının məcmuəsi üçün səhifə nişanını itirirdi. Artur bu nişanlardan birinin üstünə Spenser Silverin icad etdiyi zeif yapışqandan çəkərək nişanın lazımlı səhifəyə xəfif yapşdırdı ki, bu da nişanın itməsinin qarşısını aldı. Lazım gəldikdə isə nişan heç bir iz buraxmadan səhifədən qopa bilirdi. Beləliklə də, bugün ofis üçün ən populyar məhsul - Post-it Notes yarandı.


3M rəhbərliyi işçilərə düşünmə və işə yaradıcı yanaşmağa imkan verir. Hər bir işçinin fikrinə, ideasına dəyər verilir. Eyni zamanda işçiyə təziq göstərilmir. Lakin bu o demək deyil ki, elmi-tədqiqatlara sərf olunan məbləğ kontrol olunmur. Baş icraedici rəhbər Cim Mak-Nerni ciddi hesabat və individual yaradıcı azadlıq arasında incə balansı qoruyub saxlayır. Hər şirkət kimi bu şirkətin də rəhbərliyi xərclərin azaldılması yollarını axtarır və zaman-zaman şirkətdə ştatların bəzilərini ixtisara salır. 3M şirkəti öz sahəsində qabaqcıl olmağa iddialıdır və bunun üçün də əlindən gələni edir.


Hazırladı: Seyla Həsənova