bazar ertəsi, 18 oktyabr 2021

Yeni biznes üçün dörd təklif


Orxan Məmmədov


621

Bu gün yerli bazar üçün təzə sayıla biləcək bir sıra biznes sahələri var. Ümumi yanaşsaq, say etibarı ilə onlar çoxluq təşkil edirlər. Ancaq bu yazımda əsasən kiçik və orta büdcə üçün münasib ola biləcək bir neçə işi qeyd etmişəm. Düşünürəm ki, bir çox həvəsli gənclər üçün maraqlı və faydalı olacaq.

1. Yeməli qablar – Son illər dünyada trendə çevrilən bu biznes növü həm böyüklərin, həm də uşaqların böyük marağına səbəb olur. ABŞ və Avropada vafli, şokolad, quru meyvə və çörəkdən hazırlanan stəkan və boşqablar artıq bir sıra kafe və restoranlarda müştərilərə təklif olunur. Eyni zamanda bu yolla təbiətə əlavə tullantı qabların atılmasının, ekologiyanın çirklənməsinin qarşısı alınır. Üstəlik, bunu ev şəraitində də hazırlamaq mümkündür. Ancaq gərək hansı reseptlərdən istifadə edəcəyini əvvəlcədən müəyyən edə və hazırlanma prosesi ilə əlaqəli bir neçə video izləyəsən. Bu, həm də yeni bir biznes sahəsi olaraq da ölkəmizdə rəğbət görə bilər.

2. Audio kitablar və səsli məqalələr – Artıq bu inkişaf etmiş ölkələr üçün adi hala çevrilsə də, bizə görə yeni sayıla bilər. Bu sektora maraq göstərənlər çox olsalar belə, sırf ciddi hesab oluna biləcək işlərin sayı azdır. Səsli formada hazırlanan kitab, hekayə, şeir və məqalələr həm gənc müəlliflər, həm də qiraətçilər üçün də müstəsna bir işdir. Bu üsulla həm tanına, həm də müəyyən müddət sonra gəlir əldə edə bilərlər. İşlərini davamlı şəkildə apararaq audio vəsaitlərin sayını artırdıqdan sonra ödənişli formada xidmətlər göstərə bilərlər. Məsələn bloqlarında aylıq abunə haqqı ödənişi və yaxud dünya ədəbiyyatının seçmə əsərlərini dinləmək üçün oxucudan əlavə ödəmənin tələb olunması kimi. Başlanğıc olaraq isə "Youtube" üzərindən müəyyən sayda səsli kontent hazırlayıb potensial oxucular qazanmaq mümkündür. Bu, həm də görmə məhdudiyyətli şəxslər üçün də faydalı olar. Məsələn Türkiyədə bir sıra tanınmış köşə yazarlarının məqalələri audio şəkildə oxuculara təqdim olunur.

3. Səyyar qəhvə satışı – Bu iş digərlərinə nisbətən daha çox vəsait tələb edir. Çünki iş üçün münasib avtomobili tapmaq və qəhvə, isti şokolad, kokteyl və dondurma hazırlanması üçün lazımı avadanlıqlarla təmin etmək lazım gəlir. Ancaq səyyar formada çalışacağınız üçün daha çox müştəri qazana bilərsiniz. Əlavə maraq cəlb etmək üçün nəqliyyat vasitəsinin zövqlü dizaynı, müxtəlif məhsul çeşidləri və uyğun qiymət də əhəmiyyətli rol oynayacaq. Eyni zamanda səyyar satış vasitəsi ilə pik saatlarda daha çox məhsul satmaq olar. Digər əsas məsələ isə bu cür satış üçün bir sıra qurumlardan lazım olan icazələrin alınmasıdır.

4. Yerli frilans sayt – Xarici frilans saytlarının mövcud təcrübələrini və iş prinsipini yerli biznes şəraitinə uyğunlaşdırmaqla yeni bir saytın qurulması, əsasən, tələbə və məzunların, potensial iş axtaranların böyük marağına səbəb olacaq. Burada əsas məsələ qeydiyyat prosesini asanlaşdırmaq, istifadəçi üçün punktual şəxsi kabinet təqdim etmək və saytın mütəmadi tanıtımını təşkil etməkdir. Növbəti mərhələdə isə layihə rəğbət görərsə, onsuz da, gənclər arasında sürətlə yayılmağa başlayacaq. Çünki bu yerli bazar üçün yeni bir təşəbbüs olacaq və sayt sayılı layihələrdən biri kimi daha çox tanınacaq. Gəlir qazanmaq isə artıq bu saytda bir neçə formada olacaq: qeydiyyat zamanı birdəfəlik ödənişlər, reklam bannerləri və s.

Əgər yeni və fərqli bir biznesə başlamaq istəyirsinizsə, qeyd etdiyim sahələr üzrə iş qurmaq sizin üçün avantajlı ola bilər. Lazım olan vəsait və geniş araşdırma ilə müəyyən nəticələr əldə etmək mümkündür. Bununla həm də öz işinizdə ilklərdən ola bilərsiniz. Həvəsli olan bütün təşəbbüskarlara uğurlar arzulayıram.

Orxan Məmmədov (The Orkhan)

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik