6 noyabrda “Nə dəyişdi?” mövzusunda növbəti “Digital Marketing Conference (DMC)” keçiriləcək.


Tədbirdə Azərbaycanın qabaqcıl mütəxəssislərindən ibarət 15-dək spiker çıxış edəcək.


Vüqar Sadiq Kapital Bank - İH sədrinin müşaviridir. Həmçinin "Rəqəmsal Transformasiya" panelinin spikerlərindən biridir.



Facemark.az spiker Vüqar Sadiqlə müsahibəni təqdim edir:


1.Son zamanlar “rəqəmsal transformasiya” və ya “digital transformasiya” ifadəsinə tez-tez rast gəlirik. Bu anlayışlar özündə nələri əks etdirir?


Rəqəmsallaşma və ya dijitallaşma hal-hazırda qlobal xarakterli proses olaraq bizim həyatlarımızda hər gün rastlaşdığımız fenomendir. Rəqəmsallaşmanın yayılmasına internetin və kompyuterlərin əlçatan olmasını xüsusən qeyd etmək lazımdır. Əgər informatizasiya mərhələsində yeni texnolji alətlər, yəni, kompyuterlər, əl telefonları, televizorlar və sairə avadanlıqlar həyatımızda yer tutmağa başlamışdır. İnternetin icad olunması bu avadanlıqları bir-birinə hörümçək şəklində birləşdirdi və qlobal səviyyədə insanlar arasında coqrafi sərhədləri sildi.



2. Rəqəmsal transformasiya nə üçün önəmlidir?


Rəqəmsal transformasiya dedikdə ən önəmli olan məqam odur ki, bizim həyatımız tamamilə dəyişir. Bu dəyişikliyin həm müsbət, həm də mənfi cəhətləri var. Əlavə olaraq, onu qeyd etmək olar ki, rəqəmsal transformasiya şirkətləri daha səmərəli şəkildə idarə olunmasına böyük imkanlar verir və yeni texnologiyalara yatırılan sərmayələr düzgün təqdim olunarsa, qısa zamanda özünü doğruldur. Bu texnologiyar iqtisadiyyatın bir sıra sektorlarına- təhsil, maliyyə, tibb, sənaye, ticarətə- təsiri çox güclüdür.


Rəqəmsallaşmanın mənfi tərəfləri də var. Belə ki, yaxın zamanda bəzi ənənəvi peşələr yoxa çıxacaq- müəllimlər, bəzi bank işçiləri, satıcılıar və başqa vəzifələr. Yəni, «əvəz olunmayan işçi» sözün əsl mənasında qalmayacaq. Bundan başqa tam rəqəmsal transformasiya yeni risklərin yaranmasına səbəb olur. Şəxsi və şirkət məlumatları elektron şəkildə saxlandığı üçün kiberhücumlara məruz qala bilər.



3. Azərbaycanda fəaliyyət göstərən şirkətlər bu prosesə hazırdılar mı?


Bu suala bir mənalı şəkildə cavab vermək mümkün deyil. Bizim şirkətlər mövcud biznes və hüquqi müstəvidə fəaliyyət göstərirlər. Şirkətlər ayrı ayrılıqda rəqəmsallaşmanın tətbiqinə nail ola bilməzlər. Mütləq lazımi mühit formalaşmalı, kadrlar hazırlanmalı və şirkət sahiblərinin iradəsi yeni reallıqlarla uyğunlaşmalıdır. Bu məsələdə dövlət strukturlarının rolu böyükdür.



4.Bu sahədə daha çox maariflənmək üçün nələr təklif edə bilərsiniz?


Maariflənməyin bir neçə yolu var. Birincisi, şirkətlərimiz rəqamsallaşma texnologiyaları sahəsində çalışan qlobal şirkətlərlə əməkdaşlıq etməlidirlər. İkincisi, nüfuzlu beynəlxalq konfrans və forumlarda, məsələn, Dünya Ekonomik forumunda, Sinqulariti Universiteti, telekom və texnologiya sərgilərində aktiv iştirak etməlidirlər. Üçüncüsü, Azerbaycan televiziyası və cəmiyyətində bu məsələrlə bağlı intensiv şəkildə diskusiyalar aparmaq və çıxışlar etmək lazımdır.



5. Texnologiyanın növbəti inkişafında bizi nələr gözləyir?


Texnologiyaların inkişafı növbəti mərhələdə süni intelekt, nanotexnologiya, robotlaşma və qenetika ilə bağlı olacaq. Maraqlısı odur ki, hər mərhələ, zaman baxımından, daha az vaxt tələb edir. Başqa sözlə desək, yaxın zamanda biz texnoloji sıçrayışın şahidi olacayıq.