3D infraqırmızı kameraları süni intellekt alqoritmləri ilə birləşdirən "Biped" məkan səs texnologiyası ilə görmə qabiliyyəti zəif olanlar üçün bələdçi rolunu oynayır.
Facemark xarici xəbərə istinadən xəbər verir ki, İsveçrədə yerləşən "Biped" startapı görmə qabiliyyəti zəif olan şəxslərə daha çox hərəkət azadlığı təklif etmək üçün avtonom avtomobil texnologiyasından ilhamlanan bir ideya irəli sürür. Necə ki, avtonom avtomobillər piyadaları və ya digər nəqliyyat vasitələrini vurmamaq üçün kameralarından istifadə edir, "Biped" görmə qabiliyyəti zəif olan şəxsləri yeriyərkən bələdçilik edir.
İstifadəçinin çiyninə yerləşdirilən süni intellekt dəstəkli cihazın qarşısında yerləşən 3D infraqırmızı kamera 170 dərəcə bucaq altında şəkillər çəkə bilir. Süni intellektə əsaslanan proqram istifadəçini məkan səsləri vasitəsilə bir neçə saniyə əvvəl ətrafdakı stasionar və ya hərəkət edən obyektlər barədə xəbərdar edir. "Biped"in kamerası ətrafdakı cisimləri, maneələri və ya insanları müəyyən edib məlumat verməklə yanaşı, GPS sayəsində öz istifadəçilərinə ağıllı telefon vasitəsilə marşrut çəkir. Təxminən 900 qram ağırlığında olan "Biped"in litium batareyaları bir dəfəyə 6 saat istifadə imkanı verir.
Videoya buradan baxa bilərsiniz.