Facemark.az Xanım Şabanovanın ''Fərqindəlik möcüzəsi'' mövzusunda yazısını təqdim edir.


Fərqindəliyimizi artırmaqla həyatımıza möcüzələr gətirə biləcəyimiz barədə heç düşünmüsünüz?


Özümü daha yaxından tanıdıqca, kəşf etdikcə son 3-4 il ərzində uzun bir yol qət etmişəm. Bu yolda başa düşdüm ki, önəmli olan bilmək yox, bildiklərinin fərqində olmaqdır. Mən yaxşı pianino çala bilərəm, amma daha önəmlisi bu bacarığımın fərqində olmaqdır. Çünki fərqində olmadığımız bilik və bacarıqlar əslində bizim deyil, bunu “yetim qalan məlumat” da adlandırırlar. Bəzən isə fərqindəliyi gözümüzdə çox böyüdürük, bu heç də bəsirət gözümüzün açılıb, başqa aləmləri görə bilməyimiz anlamına gəlmir. Özümüzü, həyatımızı, imkanlarımızı və fürsətləri görə biləcək qədər baş verənlərin fərqində olmaq yetərlidir. Fərqindəliyi də bir yerə qədər izah etmək mümkündür, gerisini yaşamaq lazımdır.


Fərqindəlik insanın özünü daha yaxından tanıması ilə başlayır. Hər şeyin təməlində fərqindəlik dayanır, əsasən dəyişikliyə yol açır və bizi ilhamlandırır. Burada önəmli olan özümüzün fərqində olduqca heç nəyi mühakimə etmədən olduğu kimi qəbul etməkdir, yəni neytral vəziyyətdə qala bilməkdir. Çünki fərqindəlik bizə sadəcə güclü tərəflərimizi, potensialımızı yox, həmçinin bizim inkişafımıza mane olan tərəflərimizi, boşluqları da göstərir. Qazandığımız fərqindəliklər bəzən bizim üçün məmnunedici olmaya bilər. Amma öz dəyərlərimizin, potensialımızın, bizi gözləyən fürsətlərin fərqinə vardıqca bu proses ilhamverici olmağa başlayır.


Bəs fərqindəliyi artırmaq üçün tətbiq edəcəyimiz hansı texnikalar var?


Tətbiq edə biləcəyiniz ən sadə və sizə faydalı olacaq bir üsulu paylaşıram. Yaxın 3 dostunuz və ya iş yoldaşınız ilə görüşüb sizinlə bağlı 2 suala cavab verməsini rica edə bilərsiniz:


Sizin 3 ən güclü tərəfiniz hansıdır?


Bu güclü tərəfləri istifadə edə biləcəyiniz daha hansı fürsətlər var?


Bu araşdırmanın açar nöqtələri cəsarətli olmaq və dostlarınızın fikirlərini sorğu-sual etmədən sadəcə dinləməkdir. Hər 3 dostunuz ilə görüşdükdən sonra apardığınız qeydləri nəzərdən keçirin. 1 vərəqdə düşüncələrinizi və sizdə yaranan fərqindəlikləri qeyd edin.


Frederik Hudson deyir ki, insanın vizyonu müqavimətindən daha qüvvətli olduğunda uğur gətirir. Deməli, fərqindəliklərin sizə əlavə dəyər qatması üçün mütləq hərəkətə keçmək, aydın bir plan hazırlamaq lazımdır. Yaranan fərqindəliklərlə özünüzü kəşf etməyə başladıqda həyatınızda baş verənlərə özünüz belə təəccüblənəcəksiniz. Fərqindəliyin möcüzəsi sosial və iş həyatınızda, ailəniz, dostlarınız, sevgilinizlə olan münasibətlərdə özünü qabarıq şəkildə göstərəcəkdir. Bütün bu dəyişikliklər sizi daha da ruhlandıracaq, məsuliyyətinizi artıracaq və ən önəmlisi yaşadığınız həyatın hər dəqiqəsinin önəmini anlayacaqsınız.