29 Mart 2022-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində "Gənc MÜSİAD Azərbaycan" komandasının ənənə halına gətirdiyi, tələbələr tərəfindən böyük marağa səbəb olan “ÜFÜQ AZƏRBAYCAN” - Gənclərin iş dünyasına inteqrasiyası adlı panel diskussiyası həyata keçirilib.


Tədbir Gənc MÜSİAD Azərbaycan, UNEC Tələbə Həmkarlar İttifaqı və UNEC Ömürboyu Təhsil Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində baş tutub.


Tədbirin aparıcısı Məhəmməd Fərəcov ev sahibliyinə və dəstəyə görə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru prof. Ədalət Muradova, UNEC Həmkarlar İttifaqının rəhbəri Rüfət Süleymanlıya və UNEC Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədliyə təşəkkür edib. "ÜFÜQ AZƏRBAYCAN" panelinin gənclər üçün mahiyyəti bildirilib.


Tədbir UNEC Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədli Gənc MÜSİAD Azərbaycan sədri Tural Süleymanlıya və MÜSİAD ailəsinə birgə əməkdaşlıq üçün təşəkkür edib, gələcək fəaliyyətlərdə uğurlar arzu edib. Panel açılış nitqindən sonra qonaqların çıxışları ilə davam edib.


UNEC Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) dekanı Prof. Dr. Mehmet Yüce tədbir iştirakçılarına xüsusən də tələbələrə təhsil və karyera sahəsində öz inkişaf yolundan danışdı və tələbələrə şəxsi inkişafları üçün özlərinin komfort zonalarını tərk edib müxtəlif sahələrdə özlərini yoxlayaraq karyeralarında düzgün seçim etməyi tövsiyyə etdi. Uzun illər ərzində təhsil fəaliyyətini davam etdirdiyini və hələ də oxumağa davam etdiyini bildirən professor, gənclərə təhsilin insan üçün əhəmiyyətindən bəhs etdi.


"Özgün Yapı AŞ." Azərbaycan müdiri və MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvü Alim Şentürk isə çıxışında gənc iştirakçıların əsas da 1-ci və 2-ci kurs tələblərinin öz karyeralarına başlamadan öncə təcrübə proqramlarında iştirakın, müəyyən layihə və təşkilatlarda könüllü olmağın tələbələr üçün üstünlüklərini vurğulayıb. O, həmçinin MÜSİAD -ın təşkil etdiyi Azərbaycan və Türkiyə iş dünyasında tanınan şirkətlərin təcrübə proqramlarından danışaraq gəncləri bu istiqamətdə aktiv olmağa və proqramlarda iştiraka dəvət edib.


UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin ( BMDM ) direktoru i.f.d. dosent Fariz Əhmədov mərkəzin fəaliyyəti və inkişafı ilə bağlı iştirakçılara xüsusən də 3-cü və 4-cü kurs tələbələrinə akademik karyera ilə bağlı öz təcrübəsini bölüşüb. Tələbələrin istənilən təhsil pilləsində universitetin beynəlxalq təhsil proqramlarından yararlanaraq müxtəlif mədəniyyətlər, fərqli baxış bucaqları ilə tanış olmaq, özlərini qlobal müstəvidə təkmilləşdirmək istiqamətində izləməli olduqları yolları, fürsətləri vurğulayıb.


"Deluxe Kamin" şirkətinin direktoru Fuat Kayhan şəxsi biznesin qurulması üçün gənc iştiraçıların özlərini inkişaf etdirmək və təhsili praktik mühitdə tətbiq edərək bizneslərini qurmağın üsulları haqqında təcrübələrini və fikirlərini bölüşüb. O, eyni zamanda tələbələrin iş dünyası ilə bağlı təsəvvürlərini formalaşdırmaq və təcrübələrini artırmaq üçün öz təkliflərini səsləndirib.


Sonda iştirak edən qonaqlara sponsorlar, Gənc MÜSİAD Azərbaycan və UNEC tərəfindən hədiyyələr təqdim edilib.


Qeyd edək ki, "SÜVARİ Azərbaycan", "Özgün Yapı AŞ. Azərbaycan", "Buta Group", "Deluxe Kamin MMC" şirkətləri tədbirin sponsorları olub.