Facemark.az Aqualink şirkətinin icraçı direktoru Orxan Mikayıl ilə müsahibəni təqdim edir:



1. Orxan bəy, salam. Sizi daha yaxından tanıyaq.


Salam, mən Orxan Mikayıl, Aqualink şirkətində icraçı direktor vəzifəsində çalışıram. İxtisasca iqtisadçı, eyni zamanda iqtisad elmləri üzrə fəlsəfə doktoruyam. Təhsilimi həm ölkəmizdə, həm də xaricdə almışam. 2004-cü ildən etibarən müxtəlif dövrlərdə fasilələrlə özəl sektorda fəaliyyət göstərmişəm, daha sonra təhsilimi davam etmək məqsədilə Almaniyaya köçmüşəm. 2010-cu ildə geri qayıdaraq, peşəkar fəaliyyətimə başlamışam. 2011-ci ildə İqtisadi İnkişaf Nazirliyində, 2014-cü ildə Kənd Təsərrüfatı Nazirliyində, 2018-ci ildə isə Qida Təhlükəsizliyi Agentliyində aparıcı vəzifələrdə çalışmışam.



2. Aqualink şirkətinin fəaliyyəti haqqında məlumat verərdiniz zəhmət olmazsa. İnsanlar niyə məhz Aqualink şirkətini seçim etməlidirlər?


Aqualink şirkəti ölkəmizdə su təmizləmə və kimyəvi maddələrin təchizatı sektorunda 2010-cu ildən fəaliyyət göstərir. Fəaliyyətimiz ərzində regionda 170-dən çox içməli və çirkab (tullantı) sularının təmizlənməsi layihələri icra etmiş, Azərbaycanda qabaqcıl və ətraf-mühitə dost texnologiyalar və kimyəvi maddələrin tətbiqinə nail olmuşuq. Şirkətimiz regionda bir çox beynəlxalq aparıcı şirkətlərin rəsmi nümayəndəliyini həyata keçirməklə ölkəmizdə hər zaman ən qabaqcıl smart (rəqəmsal) texnologiyaların tətbiqinə üstünlük vermişdir. Biz su təmizlənməsi sahəsində beynəlxalq institutların çağırışlarına sadiq qalaraq hər zaman ətraf-mühitə dost həllərin tətbiqini həyata keçirmişik. Bununla yanaşı, Aqualink komandası olaraq, ölkəmizdə qabaqcıl və səmərəli həllərin tətbiqi məqsədi ilə davamlı olaraq inkişaf edir, əməkdaşlarımızın bilik və bacarıqlarının artırılmasına diqqət yetirir, sektorda sağlam rəqabəti dəstəkləyirik. Eyni zamanda, müştəri məmnuniyyətinə önəm veririk. Şirkətimiz sahəsində bütün beynəlxalq və yerli sertifikat və lisenziyalara malikdir. Şirkətimiz İSO 9001:2015 beynəlxalq sertifikatına malikdir və müvafiq sektor üzrə müxtəlif elmi-tədqiqat layihələrini ən yüksək keyfiyyətlə icra etməkdədir.



3. Bu il ölkəmizdə ilk dəfə olaraq Bakı Su İnnovasiya Forumu keçiriləcək, maraqlıdır, forumun ideyası necə yarandı?


Qeyd etdiyim kimi, sahə üzrə əldə etdiyimiz bilik və bacarıqları, təcrübəni və ən müasir texnologiyaları davamlı olaraq sektor çalışanları ilə paylaşmağa çalışırdıq. Lakin sektorda bir dağınıqlıq mövcud idi. Davamlı olaraq, yerli təchizatçılarımızın seçimlərdə yol verdikləri yanlışlıqları, köhnəlmiş, səmərəsiz texnologiyalar ilə davam etmələrini gördükcə, maarifləndirməyə ehtiyac olduğunu düşünürdüm. Beləliklə, ətrafıma partnyorlarımı yığaraq belə bir niyyətimin olduğunu bildirdim və hər kəs bu sahəyə maraq göstərdi. Bu ideyadan çıxış edərək, budur Bakı Su İnnovasiya Forumunu təsis etdik.



4. Forumun sloqanı – gələcək üçün sudur. Sizcə forum suyun hazırki dövrümüzdə olan problemlərini, bugünümüz və gələcəyimiz üçün olan əhəmiyyətini vurğulaya biləcəkmi?


Bəli, forumda 3 panel var.


Şirkətimizin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Bakı Su İnnovasiya Forumu” (Water Innovation Forum Baku) keçiriləcəkdir. Forum ölkəmizdə içməli və çirkab (tullantı) sularda müasir (smart) və səmərəli həllərin təşviq edilməsi, çirkab (tullantı) suların təkrar emalı vasitəsi ilə ətraf mühitə olan negativ təzyiqlərin (footprint) azaldılması, bu sahədə olan qabaqcıl və mütərəqqi texnologiyaların, o cümlədən beynəlxalq təcrübənin öyrənilməsi, tətbiqi, müvafiq sahə üzrə dövlət və özəl sektorun sıx əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində yaradılmış müzakirə platforması olacaqdır. Gələcək üçün suyumuzu qorumaq elm, texnologiya və təfəkkürümüzdən keçir. Biz su hazırlanması, tullantı (çirkab) sularının təkrar emalı və ətraf mühitə təsirləri mövzularında insanlarımızı maarifləndirməli, şirkətlərimizi yeni nəsil texnologiyalara yatırım etməyə təşviq etməliyik. Dövləti isə bu sahədə həm özəl şirkətlərimizi, həm də istehlakçılarımızı dəstəkləməyə çağırmalıyıq.


“AquaLink” MMC-nin təşkilatçılığı, “Nijhuis Saur Industries”, “A. O. Smith” və “Hach” şirkətlərinin dəstəyi ilə keçiriləcək forumda 3 panel olmaqla, hər panel üzrə yerli və dünyanın aparıcı şirkətlərinin, aidiyyəti dövlət qurumları, əlaqədar digər təşkilatların, müvafiq sahədə fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, o cümlədən bütün maraqlı tərəflərin iştirakı təşkil ediləcəkdir.


Tədbirdə ilk panel “Suyun idarəedilməsi, səmərəli həllər və mütərəqqi texnologiyalar”, ikinci panel “Çirkab (tullantı) suların idarəedilməsi, təkrar emalı və ətraf mühitə təsirləri” üçüncü panel isə “Suyun keyfiyyətinin idarəedilməsi, ölçü və nəzarət texnologiyaları” mövzularına həsr ediləcəkdir. Panellərdə “AO Smith” şirkətinin rəhbəri, “Nijhuis Saur İndustries” şirkətinin regional rəhbəri, “Hach” şirkətinin regional nümayəndəsi tərəfindən təqdimat ediləcək, daha sonra aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə müzakirələr aparılaraq, tədbirdə iştirak edən yerli və xarici şirkət nümayəndələrinin sualları cavablandırılacaqdır.



5. Forumda çıxış edəcək mütəxəssislərdən danışaq. Ümumi neçə spiker nəzərdə tutulub? Spikerlər hansı kriteriyalara əsasən seçiləcək?


Forumda beynəlxalq partnyorlarımız da daxil olmaqla 17 spikerin çıxış etməsi nəzərdə tutulmuşdur. Hər panel üzrə mövzulara uyğun beynəlxalq mütəxəssis, yerli mütəxəssisimiz, dövlət qurumlarından nümayəndə və bu sahədə ictimai fəaliyyət göstərən şəxslərdən ibarət spikerlər seçilmişdir ki, mövzuları hər tərəfli əhatə edə bilək.



6. Forumdan nə kimi gözləntiləriniz var və hazırlıqla bağlı təşkilati işlər hansı mərhələdədir?


Forumdan gözləntilərimiz ətraf-mühitə və gələcək üçün suyumuza daha çox diqqətin ayrılmasına nail olmaq, ictimai maarifləndirməni aparmaq, bu sahədə dövlət-özəl əməkdaşlığını dərinləşdirməkdir. Təşkilatı işlərdə bizə dost şirkətimiz olan "Fil Agency" dəstək verməkdədir. Hazırda hər iş plan üzrə gedir.



7. İlk dəfə keçiriləcək Bakı Su İnnovasiya Forumu ilə bağlı hansı riskləri gözə almısınız?


Gərgin iş və məsuliyyətimiz çoxdur. Təbii ki, risklər də var, lakin həyata keçirdiyimiz iş sektorda fəaliyyət göstərən həmkarlarımız tərəfindən müsbət qarşılanır və bu maarifləndirmə, təcrübə mübadiləsinə ehtiyac olduğundan risklərimizi sığortalamağı bacarmışıq deyə düşünürük.



8. Sizcə Su İnnovasiya Forumunun keçirilməsinin ölkəmizə, eyni zamanda yerli şirkətlərə və ümumillikdə bazara hansı faydaları olacaq?


Yerli şirkətlərin davamlı olaraq təcrübə mübadiləsində iştirakı, bu sahədə bilik və bacarıqların, işçilərin peşəkarlığının artırılması yerli təchizatçıların yerli şirkətlərə inamını artıracaq. Bu isə öz növbəsində sağlam rəqabətə, daha müasir və mütərəqqi texnologiyalara keçid etməyə imkan yaradacaqdır.



9. Yaxın gələcəkdə bu tipli başqa forumların keçirilməsi nəzərdə tutulurmu?


Gələcək üçün də planlarımız var, ümid edirəm planlarımızın davamını bu forumun uğuru daha dəqiq müəyyən edəcəkdir.



10. Forumda iştirak etmək istəyən şəxslər necə müraciət etməlidirlər?


Tədbirimiz dəvətnamə əsasında təşkil edilir. İştirakçılar wifbaku.az internet səhifəsindən istifadə etməklə qeydiyyatdan keçməli, elektron dəvətnaməni aldıqdan sonra forumda iştirak haqqını qazanacaqlar. Təəssüf ki, tədbir məkanında yerlərin sayı məhdud olduğundan dəvətnamə əldə etməyən iştirakçılar Facebook səhifəmiz üzərindən canlı olaraq forumu izləyə biləcəklər.