Facemark.az Teymur Məmmədovun "Gözəl qadın" adlı yeni yazısını təqdim edir!
Qadın baxımlı, sığallı, düzənli olur, deyilmi?
Qadın daim şux və cəlbedici olmalı, qədəm qoyduğu mühitə pozitiv aura daşımalı, hər zaman gözəl təsir bağışlamalıdır. Bu da qadın təbiətinin özündən irəli gəlir. Təbii ki, gözlənilən qadın gözəlliyi özü-özünə formalaşmır, qadın gözəlliyinin yaradıcıları, ustad memarları var.
Söhbət gözəllik salonlarından gedir. İlk baxışdan elə görünə bilər ki, bu çox sadə və asanlıqla uğura qovuşan biznes fəaliyyəti sahəsidir. Yanlış təsəvvürdür. Bu sahədə insandan çeviklik, trendin axarında olmaq, yüksək peşəkarlıq tələb olunur. Çünki bu sahə yüksək səviyyədə rəqabətin mövcud olduğu bir sahibkarlıq sektorudur.
Amma istənilən uğura qovuşmaq üçün, yəni populyarlıq qazanmaq, gəliri çoxaldan müştəri bazasını durmadan genişləndirmək, imici yüksəltmək, dəbdə olmaq üçün müəyyən addımlar atılmalıdır. Teatr paltarasılandan, gözəllik salonu isə qeydiyyatdan başlayır. Gözoxşayan interyer, rahat məkan və gülərüz personal, səriştəli xidmət mədəniyyəti önəmlidir. Elə bir özəl format düşünmək olar ki, xidmətdən faydalanan insanlar salonun xüsusi guşəsində selfi etsinlər və ilk təssüratlarını elə oradaca paylaşsınlar.
Ustaların müştəri ilə səmimi rəftarı, gözəllik dünyasının tendesiyaları və yenilikləri barədə ətraflı məlumatlı olmaları, müştərilərə gerçək və maraqlı həyat hekayələrini söyləmələri, öz fərqli zövqlərini xidmət mədəniyyətinə orqanik daxil edə bilmələri, intellekt səviyyələrinin yüksəldilmələrinə qayğı ilə yanamaları gözəllik salonunun uğura doğru aparan yol xəritəsinin zəruri elementləri kimi diqqət mərkəzində qalmalıdır.
Ekspertlər yekdildirlər ki, elə salonun özündə, sərfəli qiymətlər əsasında tərəfdaş şirkətlərin, habelə digər istehsalçıların yüksək keyfiyyəti ilə seçilən məhsullarının nümayişini və satışını həyata keçirmək əlavə gəlir və imic resursu ola biilərdi. Məkan imkan verirsə, bu təkliflərə kreativ sərgiləməklə yanaşmaq daha çox fayda verərdi. Üstəlik, adekvat qiymət siyasəti yürütmək gözəllik salonları üçün önəm kəsb edən faktordur. Belə ki, aşağı qiymətlər gəliri, yuxarı qiymətlər müştərini itirməyə rəvac verir. Odur ki, optimal həll tapılmasının alternativi yoxdur desək, yanılmarıq. Çeviklik üçün bonus proqramları və endirim şərtləri düzgün qərar ola bilərdi.
Adi görünsə də, müsabiqələrin keçirilməsi, salonun özündə gözəl tərtib olunan rəy və təkliflər güşəsi, əməkdaşların zahiri görünüşü – diqqəti çəkəcək dress-kodun tətbiqi, yəni fərqli və nümunə ola biləcək gözoxşayan stil, paket formatında xidmətlər toplusnun təklif oluması, salonun mükəmməl dizayn zəminində tərtibatı, hər bir elementin və detalın məhz bu salon üçün xarakterik olması, saç düzümünün və makiyajın kompüterdə də nümayiş zəminində seçilməsi, ödənişsiz açıq qapı günlərinin keçirilməsi geri dönüşə stimul verəcəkdir.
Salonun özündə, mütəri istəyi olursa, makiyaj, saç düzümü və digər xidmətlərin nümayişi üçün fotosesiya təklif oluna bilər. Şübhəsiz, bununla müştərilərdə müsbət təəssüratlar formalaşır, onların salona təkrar dönüşü üçün təməl yaradılır. Təbii ki, fotosessiya salon tərəfindən müştəri üçün unudulmaz hədiyyə jesti kimi düşünülməlidir.
Mütəxəssislərin fikrincə, özəllik salonunun lokal reklamı da ciddi əhəmiyyət kəsb edir. Belə ki, müştərilər, adətən, ya salona yaxın yerdə yaşayır, ya da yaxınlıqda işləyirlər. Bu baxımdan müştəri axını olan və salondan uzaq olmayan yerlərdə yaxşı tərtibata malik reklam daşıyıcılarının olması diqqət çəkəcəkdir. Bundan əlavə, yaxınlıqdakı aksesuar mağazaları ilə tərəfdaşlıq zəminində qarşılıqlı endirimlərin tətbiqi, binaların giriş hissələrində kreativ reklam çağırışlarını əks etdirən posterlərin, əl elanlarını mövcudluğu, müştəri məlumat bazasının yaradılması, remarketinqin tətbiqi maraq doğur.
Bizcə, gözəllik salonunun internetdə tanıtımı və irəlilədilməsi, potensial müştərilərin məlumatlandırılması və mağazaya cəlb olunması üçün zəruri olan kontent marketinqin həyata keçirlməsi, sayt və ya sosial mediada diqqətçəkən səhifələrin yaradılması, salonun əməkdaşları tərəfindən maraqlı bloqların aparılması, sorğuların təmkin və peşakarlıq əsasında cavablandırılması, müştərilərin razılığı əsasında onların fotolarının səhifələrdə yerləşdirilməsi məsləhətdir.
Targetinqin və SEO-geolokasiyanın tətbiqi, digər resurslarda salonun tanıtımı, mal və xidmət saytlarında qeydiyyatdan keçilməsi, mütəmadi olaraq, onlayn formatda – vebinarlarda ustad dərslərinin keçilməsi, axtarış sistemləri kataloqlarında salonun saytının qeydiyyatdan keçirilməsi və sairə bu kimi istiqamətlərdə doğru həllər, yanaşmalarda komplekslilik və sistemlilik öz bəhərisini verəcəkdir, gözəllik salonu hədəfə daha da yaxın olacaqdır.
Nəticə olaraq, söyləyək ki, biznes canlı orqanizmdir, həmişə hərəkətdə olmalı, zamanın ritminı uyğun irəliləməli, çevik həllər tapmalı, dinamik olmalı, hər gün, hər an, bir addım öndə olmağa can atmalı, yenilənmli, təkmilləşməlidir. Əks halda, yerində saymalı olacaqdır, bu isə geriləmək, rəqabətə tab gətirməmək, bazardan çıxmaq deməkdir.
Hələ ki həyat var, hələ ki qadınlar var, hələ ki gözəllik dəbdədir, deməli, gözəllik salonları, zövqlü qadınların xəyalnın gerçık memarlarına – gözəllik xidməti ustalarının xidmətinə tələb olacaqdır. Deməli, rəqabət durmadan güclənəcəkdir. Gözəllik qurban yox, ustad istəyir, peşəkarlara ehtiyac duyur, yeksək zövqə meyillidir.
Teymur Məmmədov