Facemark.az "Otomall" komandasının Milli Marketinq Forumu 2022 ilə bağlı yazdığı yazısını təqdim edir!


Milli Marketinq Forumu 2022 ilə bağlı fikirlərimizi sizinlə paylaşmağa davam edirik. Bu məqaləmizdə Könül Əliyevanın moderatorluq etdiyi “Data və İstehlakçı davranışı” panelində spiker qismində, forumun II günündə isə solo çıxış edərək diqqəti üzərinə çəkən "FutureBright Group"un təsisçisi Akan Abdulanın fikirlərini sizinlə bölüşəcəyik. Gəlin, əvvəlcə onun “The age of anxiety” mövzusundakı nitqindən seçdiyimiz hissə ilə tanış olaq.


“Dünya yaşlanır və bu, istehlakçıların da yaşlanması deməkdir”. Akan Abdullanın marketoloqlara bu cümlə ilə səslənməsi kifayət etdi ki, hər kəs diqqətini onun nitqinə cəmləsin. Data analizindən çıxardığı nəticələrlə marketinqin yaxın gələcəyi haqqında məlumatları bizlərlə bölüşən Akan Abdula urbanizasiyanın çoxlu mənfi təsirlərinin olacağını, bunlardan birinin də kənd təsərrüfatından uzaqlaşma nəticəsində ortaya çıxan qida çatışmazlığından yarandığını bildirdi. Onun fikrincə, dünyanın istehsal etməklə bağlı ciddi problemləri var.

Panelin sonunda Akan bəyə yaxınlaşaraq həmsöhbət olduq və söhbət əsnasında sizinlə bölüşə biləcəyimiz bir neçə kitab tövsiyəsi aldıq:

Richard H. Thaler və Cass R. Sunstein-dan “Nudge”
Gerald Zaltman-dan “Marketing Metaphoria”
Jonah Lehrer-dən “The Decisive Moment”

Forumun II günündə isə solo çıxışı ilə yadda qalan Akan Abdula bu dəfə təhtəlşüurdan və beynimizin bizi necə idarə etdiyindən bəhs etdi. Akan Abdula deyir:

“Bütün istehlakçı qərarları emosional zəkaya bağlıdır. Sağ və sol beyinlərin rasional və emosional olaraq bölünməsi düzgün deyil. Ön və arxa beyin anlamları daha uyğun ifadələrdir. Bir insan həyatı boyu qərarlarının 90%-ni emosional zəkaya dayanaraq verir. Lakin uzun müddət marketinq istehlakçının rasional düşündüyünə inanıb. Emosional zəka bütün dünyada eyni olsa da, rasional zəka regiona görə dəyişə bilir.

1. Mütləq dəyər yoxdur. Bir məhsula dəyər qoya bilmək üçün onu digərlərilə qarşılaşdırmaq lazımdır. Məsələn, “iPhone” və “Samsung”.
2. Beyin çərçivələr içində düşünür. Buna görə də müştəriyə nə söylədiyinizdən daha çox necə söylədiyiniz önəmlidir.
3. Beyin tamamlanmaq istəyir. Beyin yeniliyə can atmır, status-kvonu qorumağa çalışır. Məsələn, “10 kupon topla” yerinə, “2 kupon məndən, 12-yə sən tamamla” ifadəsi bir şirkət üçün satışın 7 qat artmasına səbəb olmuşdur.
4. Maraqlarımız - Reaktiv deyil, proaktiv olmaq lazımdır. Ən əsası, müştərilərə şəffaflıq və asanlıq təmin etməlisiniz.
5. Kanallar - Kanallar markalar qədər önəmlidir. Müştərilərin sizin məhsullarınızı tapacağı kanallara investisiya edin.

Maarifləndirici və bir o qədər də maraqlı çıxışın sonunda Akan bəy bütün sualları ən incə detalına kimi cavabladı. Biz də öz növbəmizdə təqdirəlayiq çıxışı üçün Akan Abdulaya təşəkkür edirik!