Facemark.az "Otomall" komandasının Milli Marketinq Forumunun II günü haqqında yazdığı yazını təqdim edir!


Milli Marketinq Forumu ilə bağlı fikirlərimizi paylaşdığımız geniş məqalənin sonuncu hissəsindəyik. Forumun ikinci günündə fərqlənən “Ziddiyyətlərin debatı” paneli ilə davam edirik. Dj Fatehin moderatorluq etdiyi bu panel 3 spikerin - “Söhbətgah” layihəsinin həmtəsisçiləri Əli XəyyamTural Yusifov və “Cırtdan şou”nun quruluşçu rejisoru İlham Qasımovun müzakirələri əsasında keçirildi. "Söhbətgah" və “Cırtdan” layihələrinin ziddiyyətli tərəfləri müzakirə olundu.


“Söhbətgah” Əli və Turalın fərqli mövzulara həm öz aralarında, həm də qonaqları ilə müxtəlif baxış bucağından baxdıqları podkast formatıdır. Burada biznes, sağlamlıq, həyat tərzi, fəlsəfə və psixologiya və s. mövzular müzakirə olunaraq uyğun pleylistlərdə cəmlənir. Aparıcıların fikrincə, danışıq janrı həm radioda, həm də podkastda həmişə dəbdə olacaq. Əsas məsələ nəyi necə danışmağından ibarətdir.





Tural müəllim “Söhbətgah”ın formatını İbtidai icma quruluşu ilə müqayisə edərək onu ocaq başında oturub qəbilə yoldaşlarımızla etdiyimiz söhbət kimi təsvir edir. O deyir ki, Əli ilə oturub kofe içərkən bizim gündəlik söhbətlərimiz bu tərz mövzular ətrafında cərəyan edirdi. Buna görə biz qərara gəldik ki, fikirlərimizi başqaları ilə də bölüşək. Tural müəllim onu da əlavə etdi ki, layihəni maraqlı edən ona fərqli yanaşma tərzidir. Bütün layihələrdə yaradıcı yanaşma önəmlidir. Bizi fərqləndirən cəhət söz oyunu oynaya bilməyimizdir. Elə bunun üçün də “Söhbətgah” uğurludur.





Əli Xəyyam bildirir ki, biz söhbətə başlayarkən onu bitirmək üçün özümüzə vaxt limiti qoymuruq. Müəyyən bir mövzu haqqında 2 saat danışa bilirik deyə, xronometraj 2 saat olur. Elə bu səbəbdən bəzi söhbətlər 55 dəqiqədir, bəziləri isə 2-3 saat.


Forum iştirakçılardan birinin verdiyi “Rəqabətsiz olmaq kontenti keyfiyyətsiz etmirmi?” sualına “Söhbətgah”ın həmtəsisçiləri belə cavab verdilər:


“Real rəqib olmadığına görə fərqli formatlı yeniliklərdən faydalanırıq. Bizim rəqimiz tamaşaçının və dinləyicinin diqqətidir. Təkrarçılıq etməmək üçün mütəmadi olaraq gündəmi izləyir və yeniliklərlə tanış oluruq. Türkiyənin podkast sektoru güclü olduğu üçün “Söhbətgah Türkiyə” ilə ora da daxil olmağa çalışırıq”.






Əli müəllim bildirir ki, “Söhbətgah”ın tək rəqibi radio deyil. Bu podkast həm musiqi, həm də yeri gələndə dost məclisi ilə belə rəqabət apara bilər.


Hər kəsə maraqlı olan “Söhbətgah”ın yerli "Youtube" trendlərində nə vaxt olacağı ilə bağlı suala Əli Xəyyam "Youtube"un podkast trendinə baxmaq üçün düzgün yer olmadığı cavabını verdi. Bizim trenddə rəqabət aparacağımız yer musiqi və ya podkast platformalarıdır. Burada əsas məsələ baxış sayının ölçülməsi yox, insanların danışıq məzmununu hansı səviyyədə bəyənib paylaşmasıdır.


Çıxışının sonunda Tural Yusifov gənclərə səslənərək müəyyən bir işə başlayarkən qətiyyətli olmağı, prosesə kreativ düşüncə ilə yanaşmağı tövsiyə etdi. Əgər başlanğıcda “uğurlu olmaram” desəniz, həqiqətən də uğurlu olmayacaqsınız.


Panelin digər qismində İlham Qasımov “Cırtdan şou”nun ideyası və fəaliyyəti ilə bağlı fikirlərini bizimlə bölüşdü. Layihəyə bazar araşdırması edərək bazarın boş olduğunu, həmin mövzuda layihələrin olmadığını müəyyənləşdirdikdən sonra başlayıblar. Həm “Söhbətgah”, həm də “Cırtdan şou” layihələri bəlli seqmentdə bu tip konseptlər olmadığı üçün zərurətdən yaranıb. “Cırtdan şou”nun yaranmasındakı spesifik məqsədlər isə aşağıdakılardır:


- Uşaqları teatra alışdırmaq.


- Mobil cihazlarla rəqabət aparmaq.


- “Yeni il kultu”nu həyata keçirmək üçün məkan yaratmaq.


Dj Fateh sual verir ki, İnsanlar teatrdan məmnun qayıdır, lakin ssenari ilə bağlı soruşduqda cavab verə bilmirlər. İlham bəy isə cavabında qeyd edir:


“Biz planşetlə mübarizə aparırıq. Önəmli olan tamaşanın yadda qalması deyil. Əsas odur ki, insanlar bundan zövq alsın və müəyyən səviyyədə loyallıq yaransın”.


Digər panellərdən fərqli olaraq bu panel təcrübənin bölüşülməsi cəhətdən faydalı və bir o qədər də informativ xarakter daşıyırdı. Təkli çıxışlardan fərqli olaraq burada müzakirə debat fomatında getdiyi üçün axıcı formada irəliləyirdi.


Marketinq Forumunun bizə görə növbəti uğurlu paneli “ELSEO”nun rəhbəri Elşən Cəfərovun moderatorluq etdiyi “Rəqəmsal Marketinq” paneli oldu. Bu paneldə Göktuğ SarıMustafa Dalcı spiker qismində çıxış edirdilər.