İyunun 23-də UNEC-in təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransının açılış mərasimi olub.


23-26 iyun tarixlərində UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı, PAŞA Holdinq Şirkətlər qrupunun baş sponsorluğu, Fil Agency-nin təşkilati dəstəyi və kreativ tərəfdaşlığı, Facemark MMC-nin təşkilati dəstəyi ilə IV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransının ilk günü artıq başa çatıb. “Baku Marriott Hotel Boulevard”da təşkil olunan konfransın açılışında təhsil nazirinin müavini Firudin Qurbanov, UNEC rektoru professor Ədalət Muradov, millət vəkilləri, dövlət və özəl qurumların nümayəndələri, alim və tədqiqatçılar iştirak ediblər.


Konfransın keçirilməsində əsas məqsəd elmlərarası tədqiqatların inkişafının dəstəklənməsi, elmin müasir meyilləri üzrə fikir mübadiləsinin aparılmsı və təcrübə paylaşımı, tədqiqatların əlçatanlığının və keyfiyyətinin yüksəldiməsi, eləcə də elmi əməkdaşlıq əlaqələrinin qurulması və yeni beynəlxalq elmi platformanın yaradılması ilə bağlıdır. Konfransa ABŞ, Almaniya, Fransa, İtaliya, İsveçrə, Çin, Macarıstan, Polşa, İspaniya, İsrail də daxil olmaqla, dünyanın 30-a yaxın ölkəsindən 600-dən çox tədqiqat işi təqdim edilib.


Konfrans Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Dövlət İqtisad Universitetinin Rektoru Professor Ədalət Muradovun açılış nitqi ilə tədbir açıq elan edilib. Daha sonra tədbir Təhsil nazirinin müavini Firudun Qurbanov və Paşa Holdinq şirkətlər qrupunun baş iqtisadçısı Elman Eminovun çıxışı ilə davam edib.


İki paneldən ibarət olan konfransın ilk günündə “Elm, Təhsil, İnnovasiya və Sahibkarlıq” və “Dairəvi İqtisadiyyat və Yaşıl Artımın Maliyyələşdirilməsi" adlı panel çıxışları baş tutub. Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Neman Muradlının moderatoru olduğu ilk paneldə spikerlər - prof. Rafael Salazar Novo, prof. Ana Maria Salinas və Dr. Simon Best çıxış ediblər. Birinci panelin sonunda spikerlərin hər birinə plaketlər təqdim olunub.


İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf şöbəsinin müdiri Hüseyn Hüseynovun moderator olduğu “Dairəvi İqtisadiyyat və Yaşıl Artımın Maliyyələşdirilməsi" adlı ikinci panel zamanı spikerlər - Hassan Partow, Daniel Bozuas, Osman Xaliyev, Zaur Ələkbərov, Sabit Zeyniyev və Anar Bayramov mövzu ilə bağlı fikirlərini bölüşüblər. “Təmiz Şəhər ASC”-nin sədr müavini Sabit Zeyniyev “Təmiz Qala”, “Balaxanı Sənaye Parkı”, “Bakı Məişət Tullantılarının Çeşidlənməsi Zavodu”, “Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonu”, “Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu” kimi layihələr haqqında məlumat verib.


İyunun 26-dək davam edəcək konfransda dünyanın müxtəlif ölkəsindən olan 50-yə yaxın mütəxəssisin, dövlət, özəl sektor və ali təhsil müəssisələrinin mütəxəssislərinin iştirakı ilə 12 “workshop” təşkil olunacaq. “Workshop”larda universitet-sənaye iş birliyi, biznes idarəçiliyində agile yanaşma, metavers və təhsil, tələbə sahibkarlığı, ali təhsildə rəqəmsal bacarıqlar, enerji amili və davamlı iqtisadi inkişaf, pandemiyanın sosial iqtisadi təsirləri, innovasiya ekosistemi və universitetlər, süni intellekt və iqtisadiyyatda təsirləri, davranış iqtisadiyyatı, səhiyyə menecmenti və rəqəmsal iqtisadiyyat mövzularında maraqlı müzakirələr keçiriləcək.


Qeyd edək ki, konfransın rəsmi Facebook və Youtube səhifələri vasitəsilə workshopları izləyə və suallarınızı spikerlərə ünvanlaya bilərsiniz.


Konfransın ilk günündən görüntüləri təqdim edirik!