Facemark.az Rafiq Hunaltayın “Stiv Cobs kimi düşün“ adlı yeni yazısını təqdim edir.


Həftəsonu Daniyel Smitin yazdığı “Stiv Cobs kimi düşün” kitabını oxudum. Oxuduqca kitabdan vacib hesab elədiyim hissələri qeyd edirdim. Daha öncə İsaksonun yazdığı kitabı da oxumuşdum, amma bu kitab özü də qısa olsa belə önəmli məqamlara təkrar diqqət yetirməyə çox kömək oldu.


Kitabdan bəzi alıntıları şərhlərimlə bərabər aşağıda Sizinlə paylaşıram;


Bu dünyanı 3 alma dəyişdi. Birinci Həvvanı aldatdı, ikinci Nyutonu oyatdı, üçüncü isə Stiv Cobsun diqqətini çəkdi


Alma adının seçilməsi Cobsun dostunun alma fermasına ziyarəti ilə yaranır. O başqaları kimi ad qoymaq istəmirdi. Amma Voz bu ada etiraz edir, səbəb də Beatles qrupu ilə işləyən səsyazma şirkətinin – Apple Records adında şirkətin artıq mövcud olması idi. Voz yanılmamışdı da, çünki Beatles onları məhkəməyə verməyə hazırlaşırdı. Sonralar bu proses Apple-a 25 milyon dollara başa gəlir. Yalnız 2010-cu ildən sonra Beatles mahnıları İtunes-da olur. Amma buna baxmayaraq Cobs rəqiblərindən fərqli yanaşma edə bilmişdi. İBM və Microsoft birbaşa məhsulun izahı ilə bağlı adlara müraciət edərkən Cobs illərdir tətbiq etdiyi prinsipə – “fərqli düşün”ə sadiq qalmışdı. Hətta ölümündən əvvəl Apple baş ofisində alma bağı salmaq ideyası da var idi. Lakin layihə bitməmiş vəfat etdiyindən onu görmək qismət olmadı.


Cobsun uğuru həm də onda idi ki, o texnologiya dünyasına estetika, dizayn, zövq gətirməyi bacarmışdı. Məhsulun xüsusiyyətlərindən, funksionallıqlarından daha çox onun dizaynı üzərində işləyirdilər. O hətta dizayn zərifliyni göstərmək üçün Apple təqdimatlarının birində komputeri ofislərdə istifadə edilən sari qovluğun içindən çıxarmışdı. Təsadüfi deyil ki, çıxışlarının birində “Biz ekrandakı düymələri o qədər gözəl etmişik ki, Siz onları yalamaq istəyəcəksiz” deyirdi. Amma bu o demək deyil ki, hər şey sadəcə dizayndan ibarət idi. “Dizayn məhsulun necə göründüyü və necə qəbul edildiyi deyil. Dizayn məhsulun necə işləməsidir” fikri də Cobsa məxsus idi. Apple məhsullarında dizayn və funskionallığın vəhdəti insanın xəyalından da irəli gedə bilirdi. Məhz bu bacarıqlarına görədir ki, çox vaxt Cobs müştərinin nə düşündüyünü “çox da diqqətə almırdı” desək yanılmarıq. O icad etdiyi məhsullara müştərilərdə yeni tələbat yaradırdı.


“Stivin uğurunun ən yaxşı sübutu odur ki, bütün dünya onun ölümünü özünün icad etdiyi alətlərdən öyrəndi” Barak Obama


1976-cı il 01 apreldə Apple şirkət olaraq qeydiyyatdan keçir. Cobs Voz ilə gələcəkdə idarəetmədə mübahisə olması halında xaos yaranmaması üçün 3-cü bir adamı da (Ueyn) dəvət edir, ona menecer vəzifəsi və şirkət səhmlərindən 10% pay verir. Amma maraqlıdır ki, çox keçmir ki, Ueyn 10%-lik səhmini sonradan 2500 dollara satır. Yəqin şirkətin böyüyüb milyard dollarlıq bir şirkət ola biləcəyinə inanmamışdı. 2010-cu ildə şirkətin gəliri 14 milyon, 2011-ci ildə 365 milyon dollar olur. Gələcək mübahisələrin qabağını almaq üçün 3-cü tərəfin olmasını təmin etmə istəyi də Cobsun idarəçilik intuisiyasının olmasını sübut edirdi. Şəriki Stiv Voznyak (Voz) Apple yarananda HP-də işləyirdi. Onlar investisiya cəlb etmək üçün İntelin marketoloqu olmuş Markkula ilə tanış olur və Markkula onlara Vozun özünü tamamilə Apple-a həsr edəcəyi halda 250 min dollar kredit təmin edəcəyinə söz verir. Voz çox çətin olsa da aylıq stabil maaşlı iş yerini tərk edir. Buradan bir başqa dərs də odur ki, bir işdə uğurlu olmaq üçün, xüsusən də o iş yaranma ərəfəsindədirsə, tam fokusun o işdə olması önəmlidir. Düşünürəm ki, bu günümüzün biznes şərtləri üçün də keçərlidir.


“Yaxşı rəssamlar yamsılayır, dahilər isə oğurlayırlar” Pikasso


Cobs ideyalara çox önəm verirdi. Hətta yaxşı ideyaları götürüb təkmilləşdirməyi daha çox sevirdi. Pikassonun dediyi “yaxşı rəssamlar yamsılayır, dahilər isə oğurlayırlar” sözünü tez-tez işlədirdi. “Biz bütün ideyaları oğurlayırdıq” sözünü tez-tez işlədirdi. Tez-tez rəqiblərini ziyarət edir, onların istehsal edib, amma fərqində olmadıqları yenilikləri daha da təkmilləşdirmək üçün həmən hərəkətə keçirdi. “Birinci yox, ən yaxşı olmağa çalışın” deyirdi.


Onun saat yarımlıq təqdimatları xüsusi planla seçilirdi. Təqdimatlara uzun müddət hazırlaşırdı. Geyim stili barədə də məşhur yapon dizayneri ilə işləyirdi. Ömür boyu bahalı brendlərə meyl etməmişdi, dəbdəbə hesab ediləcək işlərindən şəxsi təyyarəsi və ölümündən əvvəl yaxta sifariş etməsi idi hansı ki, onun tamamlanmasını görə bilmədi. Sony fabrikində olarkən işçilərin hamısının eyni formada olması xoşuna gəlir, yapon dizaynerə onun işçiləri üçün də forma hazırlamağı təklif edir. Lakin Apple işçiləri onu geyinməkdən imtina edir.


İş və həyat balansı haqqında


İşdə çox vaxt keçirdiyimizdən ondan məmnun olmağımızın yeganə yolu işimizi çox sevməkdir. Cobs işçilər üçün mükəmməl iş mühiti yaratmağa daha çox önəm verirdi. Bilirdi ki, buna nail olsa, daha gözəl işlər ortaya çıxacaq. Öz adına isə iş-həyat balansını tam qoruya bilən demək olmazdı. Bununla bağlı çox narazılıqlar olmuşdu. Hər bir insan kimi, dünyanın fani olmasını ölümündən əvvəlki çıxışlarında “mən qəbirstanlığın ən varlı adamı” olmaq istəmirəm deməyindən başa düşmək olardı yəqin ki.


24 avqust 2011-ci ildə Apple-dan istefa edir, 05 oktyabr 2011-ci ildə isə geridə 7 milyard dollarlıq sərvətini buraxaraq vəfat edir. Ondan geriyə qalan möhtəşəm söz mənim üçün aşağıdakıdır;


“Əgər bu gün həyatınızın son günü olsaydı, indi məşğul olduğunuz işlə məşğul olardınızmı? Əgər cavab ardıcıl “yox” idisə, deməli, nəyisə dəyişmək lazımdır”.


Yuxarıdakı cümlə haqqında uzun-uzun oturub düşünməyə dəyər…