Facemark.az “Konnekt” QSC-nin satış və marketinq şöbəsinin müdiri Elnur Ağakişiyev ilə müsahibəni təqdim edir!


1. Elnur bəy, salam. Bildiyimiz kimi, "Konnekt" QSC ilə Türkiyənin “Digitürk beIN Media Group” arasında əməkdaşlığa dair mətbuat konfransı keçirildi. Konfrans haqqında nələr deyə bilərsiniz? Bu əməkdaşlıq çərçivəsində hansı yeniliklər olacaq?


Konfrans bu layihənin tanıdılması, media qurumlarına bəyan edilməsi baxımından çox uğurlu bir şəkildə keçirildi. Hər kəs üçün maraqlı olan bir çox suallar cavablandırıldı. Gələcək planlarımızda "Digitürk" yayım platformasının internet üzərindən verilməsi də nəzərdə tutulur.



2. Sizcə, "Digitürk" platforması niyə məhz "Konnekt"i seçdi ? Burada "Digitürk" şirkətinin bir kriteriyası varmı?


Bunun əsas səbəbi "Konnekt"ə olan güvəndir. "Konnekt" bazarda internet xidmətləri və telekommunikasiya sahələrində zəngin təcrübəyə malikdir, eyni zamanda öz xidmət çeşidi və keyfiyyəti ilə tanınır. Təcrübə və peşəkarlıq bizim şirkətin seçilmə səbəbidir.



3. Birgə əməkdaşlıq çərçivəsində "Konnekt"in "BeİN media" qrupla ölkə xaricində başqa birgə layihəsi planlaşdırılırmı?


Təbii ki, planda var amma düşünürəm ki, hələ bu mərhələ tezdir. Gələcək üçün belə bir layihələr olacağı təqdirdə mətbuata bəyan ediləcək.



4. Azərbaycanda Türkiyə liqasından əlavə, digər ölkələrin liqasının yayımlanması planlaşdırılırmı?


Bəli planlaşdırılır. Amma hələ ki, bununla bağlı detallı məlumat vermək doğru olmazdı.



5. Regionların inkişafı proqramı çərçivəsində "Konnekt" Tv nə işlər görür?


Bildiyiniz kimi "Konnekt" Gəncə şəhərində Tv yayım xidməti göstərir. "Digitürk" platforması üzərindən isə istənilən rayondan bu xidmətə qoşulmaq mümkündür.



6. Maraqlıdır, Qarabağ ərazisində "Konnekt" QSC-nin hər hansı bir layihəsi olacaqmı?


İlkin mərhələdə "Digitürk" platforması üzərindən istənilən vətəndaş bizim xidmətə qoşula bilər. Gələcək dövrlərdə isə düşünürəm ki, alternativ enerji və ağıllı ev sistemləri layihələrinin də həyata keçirilməsi mümkün ola bilər.




Təşəkkür edirik!