Bolqarıstanlı bloqqer və internet istifadəçilərinin hüquqları uğrunda mübariz Boqomil Şopov “Facebook” sosial şəbəkəsinin 1,1 milyon nəfər istifadəçisinin fərdi məlumatlarını, o cümlədən istifadəçilərin adlarını, onların sosial şəbəkədəki səhifələrinin və şəxsi elektron poçtlarının ünvanlarını alıb. “Forbes” jurnalının məlumatına görə, “Facebook” şirkəti artıq bununla əlaqədar təhqiqatlara başlayıb. Şopov isə öz bloqunda belə yazıb: “Mən indicə 1 milyondan çox “Facebook” akkauntunu almışam”.


Bolqarıstanlı bloqqerin sözlərinə görə o, bir neçə akkauntu və elektron poçt ünvanlarını yoxlayaraq onların real olduğunu yəqin edib. Maraqlıdır ki, onun aldığı e-mail ünvanları sosial şəbəkə istifadəçilərinin hamı üçün əlyetərli səhifələrində əks olunmur. Şopov bildirib ki, bu məlumatları şirkətin “Gigbucks” saytında cəmi 5 dollara alıb.


Satıcının saytında bildirilir ki, satılmış siyahıdakı informasiya “Gigbucks” proqramı vasitəsilə toplanıb. Buraya əsasən ABŞ, Kanada, Böyük Britaniya və Avropa ölkələrindən olan sosial şəbəkənin fəal istifadəçilərinə aid məlumatlar daxildir. Xəbərdə deyilir: “Əgər siz “Facebook”, “Twitter” və digər sosial şəbəkələr vasitəsilə hər hansı məhsullar təklif edirsinizsə, bu siyahı sizə çox kömək edə bilər”.


Şopovun bu bəyanatından sonra “Facebook” şəbəkəsinin nümayəndəsi onunla əlaqə saxlayaraq bildirib ki, şirkət bu hadisəni təhqiq edir. Nümayəndə Şopovdan xahiş edib ki, aldığı bütün məlumatları “Facebook” şirkətinə göndərsin, onları öz kompüterindən silsin və bloqda yerləşdirdiyi postu ləğv etsin. Şopov isə bu xahişə əməl etmək əvəzinə öz bloqunda daha bir post yerləşdirərək, orada “Facebook” şirkətindən ona vurulmuş telefon zəngi barədə məlumat verib.


Şopov ümid edir ki, bu hadisə, xüsusən “Facebook” istifadəçiləri öz səhifələrinə kənar əlavələr yerləşdirməklə onların fərdi məlumatlarından başqa şəxslərin istifadə etmələrinə icazə vermiş olduğu halda, onların fərdi məlumatlarının müdafiə olunmaması probleminə diqqəti cəlb edəcək: “Sizin məlumatlarınızı hər kəs ələ keçirə bilər. Siz “mən razıyam” düyməsini basan kimi sizin fərdi məlumatlarınız proqram müəlliflərinin sərəncamına keçir və onlar həmin məlumatlardan necə istəsələr istifadə edə bilərlər”.