1 gündən sonra Marketing AİR təlimləri özünün 2-ci ayına keçəcək. Artıq 1 aydır ki, az qala həftənin bütün günləri 80 nəfərdən çox iştirakçı ilə təlimlər son sürət davam edir. Bu 1 ay ərzində həm təlimçilər, həm iştirakçılar üçün düşünürəm, çox faydalı oldu. Təlimçilər adından deyə bilərik ki, ölkədə marketinqə bu qədər marağın olması çox sevindirir. İnşallah davamı yeni Marketing AİR layihələri ilə gələcək.
Statistika:
1 ayın hesabatı olaraq qısa statistika kimi bildirim ki, ayın 24 günü təlim olub. Toplam 10 mövzu iştirakçıların diqqətinə çatdırılıb. Təlimlərin orta vaxtı 1,5 saat olsa da, ən tez təlim 2 saat çəkib, ortalama təlimin vaxtı 2,5 saatdır. Yəni ay ərzində 60 saat təlimlər olub.
Qonaqlar:
1 ay ərzində əvvəlcədən də iştirakçılara söz verdiyimiz kimi onları bir çox şirkətlərlə də görüşdürəcəkdik. İlk qonağımız sms marketinqi üzrə təlim verən Now-Sms şirkətindən Fatih bəy oldu. Daha sonra Azercell şirkətindən Səbri Gülmalıyev, New-Media şirkətindən Rasim Davudov öz maraqlı və aktual mövzuları ilə iştirakçılar üçün faydalı olmağa çalışdı. Qısa olaraq oktyabr ayı ərzində 10 mövzu təlimçilər, 3 mövzu isə qonaq təlimçilər vasitəsilə verilmiş oldu.
Azərbaycan Marketinq Cəmiyyətinin rəhbəri Rəhim Hüseynov Marketing AİR-i öz ofislərində qonaq edəcək
Noyabr ayının 1-i və 2-si isə həm təlimçilər, həm də iştirakçılar üçün çox maraqlı olan bir qonağımız olacaq. Belə ki, 1 və 2 noyabr saat 19:00-da AMC-nin ofisində bütün Marketing AİR iştirakçıları Rəhim Hüseynovun qonağı olacaq. Rəhim müəllim Azərbaycanda marketinq elminə könül verən ilklərdən olduğu üçün indidən onun deyəcəkləri hər kəsdə böyük maraq doğurur, eyni zamanda iştirakçıların da əminəm ki, Rəhim müəllimə verəcək çoxlu sualları var.
İştirakçılar və oxucularımız üçün daha aydın olması üçün AMC və Rəhim Hüseynov haqqında qısa məlumatı aşağıda Sizlərə təqdim edirik.
Hüseynov Rəhim Hüseyn oğlu - 22.07.1961 tarixində Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1992-ci ildə İstanbul Dövlət Universitetinin İdarəetmə fakultəsinin magistr bölməsini bitirmişdir. 1983-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasında iqtisadçı alim kimi çalışmış, bir neçə il Akademiya Gənclər Təşkilatı Komitəsinin rəhbərlərindən biri olmuşdur.
1990-cı ildən etibarən biznes fəaliyyəti ilə məşğul olmuş, “SİAR” sosial-iqtisadi araşdırmalar şirkətini qurmuş, bir neçə başqa özəl müəssisələr təsis etmişdir. 2002-2004-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Elmi-Tədqiqat İnstitutuna, 2004-2006-cı illərdə həmin Nazirliyin Antiinhisar Siyasəti Departamentinə, 2009-cu ildə Azərbaycan İnvestisiyaların və İxracatın təşviqi Fonduna rəhbərlik etmişdir. Hal hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda çalışır. Eyni zamanda 2000-ci ilin iyul ayından etibarən Azərbaycan Marketinq Cəmiyyəti İdarə heyətinin sədridir. Həmin cəmiyyətdə 100-dən artıq Layihəyə rəhbərlik etmişdir. Evlidir, 1 övladı var.
Azərbaycan Marketinq Cəmiyyəti haqqında
2000–ci ildən fəalliyyətə başlamış Azərbaycan Marketinq Cəmiyyəti qeyri-siyasi və qeyri-kommersiya təşkilatı olaraq “Zəngin və nüfuzlu Azərbaycan naminə!” şüarı altında ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində bu illər ərzində 100-dən artıq layihə və proqramlar həyata keçirmişdir. Bunların sırasında Dünya İqtisadi Forumunun (Davos Forumunun) Azərbaycanda rəsmi partnyoru olaraq ölkə üzrə tədqiqatların aparılması, BMT-nin Qlobal Saziş Şəbəkəsinin Azərbaycandan ilk rəsmi üzvü və lideri olması, Ümumdünya Ticarət Təşkilatının Beynəlxalq Ticarət Mərkəzinin Azərbaycanda rəsmi tərəfdaşı olaraq Azərbaycanın ÜTT-yə üzvlük məsələləri üzrə qeyri-hökumət təşkilatları koalisiyasının lideri olması, 10-dan artıq kitabın nəşri, Niderland Krallığının Ali Marketinq İnstitutu ilə birgə Azərbaycan Marketinq Məktəbinin yaradılması, 2008-ci ildən başlayaraq Azərbaycan şirkətlərinin rəqabətqabiliyyətli məhsul və xidmətlərinin dünya bazarlarına çıxarılmasına, yeni xarici bazar və partnyorların tapılmasına yönəldilmiş “Azərbaycan İxrac Kataloqu”nun artıq 4-cü sayı (2007-2008 / 2009-2010 / 2011 / 2012) CD və çap formatında nəşr olunması və sair layihələr vardır. Hal-hazırda AMC əməkdaşları və ekspertləri 10-dan artıq müxəlif layihələr üzərində işləyirlər.