16 noyabr 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 90- a yaxın biznes nümayəndəsinin iştirakı ilə AHK Üzvlərinin Ümumi Yığıncağını təşkil edib. Bütün AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağı ildə iki dəfə keçirilir və tədbirdə AHK Azərbaycanın son yarım il ərzində təşkil etdiyi tədbirlər və əldə olunmuş nəaliyyətlər təqdim olunur.


Tədbirdə, həmçinin Palatanın idarə heyətinin yeni üzvləri seçilib. Tədbiri salamlama nitqi ilə açan AHK idarə heyətinin sədri cənab Fərid İsayev görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Palatanın gərgin əməyini yüksək qiymətləndirən sədr üzvlərin sayının artmasını, AHK Azərbaycanın İşçi Qruplarının güclənməsini və Almaniyadan çox sayda nümayəndə heyətlərinin Azərbaycana uğurlu səfərlərini özəlliklə vurğulayıb. Almaniyanın Azərbaycandakı səfiri Dr. Ralf Horlemann AHK üzvlərini salamlayaraq, səfirlikdən yeniliklərlə bağlı çıxış edib və Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin əhəmiyyətini vurğulayıb. “Azərbaycan Almaniyanın regionda əhəmiyyətli iqtisadi tərəfdaşıdır. Alman şirkətləri və investorları üçün bir çox sahədə, əsasən də Qarabağ iqtisadi rayonunun yenidən qurulmasında böyük imkanlar görürəm.” Daha sonra AHK Azərbaycanın icraçı direktoru cənab Tobias Baumann AHK Azərbaycanın fəaliyyəti, o cümlədən ötən ilin nəaliyyətləri və növbəti illərdə nəzərdə tutulan layihələr haqqında qısa hesabatı qonaqlara təqdim edib. “Son yarım il ərzində, yəni ötən ilin sonuncu Üzvlər Yığıncağından etibarən AHK Azərbaycana 12 yeni şirkət üzv olub və hal-hazırda Almaniya və Azərbaycandan iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 175 şirkət Palatamızın üzvüdür. Sevindirici haldır ki, Palatamızın keyfiyyətli işi və öhdəliyi sənayenin müxtəlif sahələrindən yeni şirkətləri özünə cəlb etməyi bacarır.”