Ali məktəbə daxil olana qədər Marketinq haqqında heç bir anlayışım yox idi. Marketinqə aid fənnlər keçdikcə isə marketinq haqqında hər dəfə yeni məlumatlar öyrənib, anlayışlarımı artırdım. Marketinq təlabatı ödəməkdir, marketinq satışdır, marketinq reklamdır kimi ilkin anlayışlarından sonra ən axırda müəllimlərimizdən biri, marketinq əslində satışın yoxa çıxarılması deməkdir, dedi. Bu mənə müəmmalı qaldı, necə yəni satışın yoxa çıxarılması, axı marketinq satışı artırmaq üçündür, deyə düşünürdüm. Sonradan bunun nə olması yavaş-yavaş mənə məlum oldu. Marketinq, istehlakçını özünə bağlamaq və onu idarə edə bilmək sənətidir. İstehlakçını özünə bağladıqca onlarda vərdiş yaradırsan. Bəs vərdişləri dəyişmək mümkündürmü? Bəli, mümkündür. Bunun üçün isə aşağıdakı mərhələlərdən keçmək lazımdır:
1. Yüksək keyfiyyət. Uğur qazanmağın ən böyük açarı istehlakçıya təqdim etdiyin məhsulun (xidmətin) yüksək keyfiyyətə sahib olmasıdır. İstehlakçılar istifadə etdiyi məhsulu (xidməti) onun keyfiyyətinə görə davamlı istifadə edirlər. Əgər bir dəfə istifadə etdiyi məhsulun (xidmətin) keyfiyyətindən razıdırsa, həmin məhsul (xidmət) onda tədricən vərdiş yaratmağa başlayacaq.
2. Aşağı qiymət. Elə məhsullar (xidmətlər) olur ki, bazara yeni daxil olanda onların çox güclü rəqibi olur, hansı ki, artıq istehlakçılarda vərdiş yaratmış olub. Bu zaman atılacaq ən düzgün addım aşağı qiymət strategiyası tətbiq etməkdir. Çünki əvvəlki məhsul artıq vərdiş yaratdığından istehlakçının diqqətini ancaq aşağı qiymətlə özünə cəlb etmək mümkün olar. Məsələn, bir neçə il bundan qabaq MacCoffee ucuz qiymətlərlə qəhvə bazarında Nescafe-nin insanlarda yaratdığı vərdişliyinə şərik çıxdı.
3. İntensiv reklam. Reklamın marketinqdə tutduğu yer danılmazdır. Satışın artırılmasında reklam vacib yer tutur. Amma reklam siyasətini də elə qurmaq lazımdır ki, insanların beyninə girə bilsin. Bunun üçün intensiv reklam strategiyasından istifadə etmək lazımdır. İntensiv reklamı gedən məhsul (xidmət) istehlakçının diqqətini cəlb edir və gördüyü ilk yerdə onu əldə etməyə çalışır. İntensiv reklam ilə özünü gündəmdə saxlayan firmalar arasında ən çox diqqəti cəlb edən Procter and Gamble şirkətidir. Bu şirkətin məhsullarının reklamları artıq hər kəs tərəfindən tanınır.
4. Promo aksiyalar. Vərdiş yaratmağın yollarından biri də promo aksiyalardır. Promo aksiyalarla istehlakçılara təqdim etdiyiniz məhsul (xidmət) onlarda elə bir təəssürat yarada bilər ki, ondan davamlı istifadə etməyə başlayar. Promo aksiyaları keçirdən zaman isə əsas diqqət edilməsi vacib olan məsələ aksiyanın keçirələcəyi məkanın seçimidir. Çünki düzgün məkanda keçirilməyən aksiya yaxşı nəticə verməyə bilər.
5. Yenilikçi olmaq. Dəyişməyən tək şey dəyişimin özüdür. Standartların geridə qaldığı bir dövrdə insanları cəlb etməyin ən gözəl üsullarından biri yenilikçi olmaqdır. İnsanları yenilikləri ilə təəccübləndirmək, onları özlərindən başqasına yönəltməmək lazımdır. Yenilik təklif etdiyin məhsulun tərkibində, görünüşündə, funksiyasında ola bilər. Bəzən yenilik dedikdə inqilabi bir məhsul da ola bilər. Google firması yenilikçi firmalar arasında ilk sıralarda durur.
Vərdişləri dəyişmək haqqında mənim düşündüklərim bu qədər. Amma sonda onu qeyd edim ki, yuxarıdakıları düzgün şəkildə etmək məhsul (xidmətin) vərdiş halına çevriləcəyi demək deyil. Əgər məhsulun (xidmətin) paylanmasında gecikmə yaşanarsa, istehlakçının seçimini rəqibə yönələ bilər, bu da heç ürəkaçan deyil. Məsələn, Türkiyə şirniyyat məhsulları bazarında lider olan Ülker-in məhsullarının Azərbaycanda satış məntəqələrinə paylanılması o qədər də sürətli olmadığına görə, liderliyi Eti-yə vermiş oldu. Eti isə artıq azərbaycanlılarda vərdiş yarada bilib. Buna görə də, marketinq kanalında hər bir nüansa yaxşı diqqət yetirmək lazımdı.