Yerli layihə rəhbərləri və investrolar arasında körpü rolunu oynayan Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) öz biznes layihələrinə investor cəlb etmək istəyənlər ilə yerli investorlar arasında görüş təşkil edib.


Facemark.az rəsmi mənbəyə istinadən xəbər verir.


KOBSKA-nın sədri Nigar Ələsgərovanın sözlərinə görə bu kateqoriyalı görüşlər yerli bazarda investisiya mühitinin inkişafına birbaşa dəstək olacaq.


“Mən çox şadam ki, Azərbaycanlı investorlar xarici bazar ilə paralel yerli bazarda olan perspektivli layihələrə yatırım etməkdə də maraqlıdırlar. Biz, 19 Yanvar 2023-cü il tarixində yerli investorlarla keçirilən görüşdə onlara sərbəst vəsaitlərini dəyərləndirmək üçün qida sektorunda öz mövqeyini möhkəmləndirmiş hazır biznes layihələri təqdim etdik. Bunlar “Bam xurma” məhsullarının idxal və satışı, Belarusiyadan paketlənmiş toyuq və toyuq məhsullarının idxalı və satışı, çərəzlər, halal kolbasa və sosis istehsalı ilə bağlı idi. “Retor ANSAR MMC” təklif etdiyi layihələr hal-hazırda da gəlir gətirən layihələrdir. İş adamları, şirkət rəhbərləri və fərdi sahibkarların da iştirak etdiyi görüşdə biznes sahibləri birlikdə müvafiq sənədlərə baxış keçirildi, layihə ilə bağlı suallar cavablandırıldı.”


Qeyd edək ki, Azərbaycanın Founder, AKİAB, kimi bir neçə biznes klublarının və KOB subyektlərinin üzv olduğu KOBSKA yerli bazar iştirakçılarına 13 fərqli istiqamət üzrə dəstək göstərməkdədir. Qeyri-hökümət təşkilatı yeni rebrendinqdən sonra tezliklə yenilənmiş və informativ saytını da istifadəyə verəcəkdir.