Aqualink şirkəti 30 may 2023-cü il tarixində Baku Marriott Hotel Boulevard-da təşkil ediləcək II Xəzər Su İnnovasiya Forumu (II Caspian Water İnnovation Forum) çərçivəsində Azərbaycan Turizm Assosiasiya ilə əməkdaşlıq edəcəkdir.
Bununla bağlı, şirkətin icraçı direktoru Orxan Mikayıl bugün Assosiasiyada sədr cənab Göydəniz Qəhrəmanovu ziyarət etmiş, əməkdaşlıq çərçivəsində görüləcək fəaliyyətləri müzakirə etmişdir.
“Gələcək üçün su” (“Water for future”) konsept mesajı ilə bu il keçiriləcək 2-ci Forumun əsas hədəfi regionda su ehtiyyatlarının idarəedilməsi, tullantı suların təkrar emalı, ekoloji sistemə təsirlərin müəyyən edilməsində yeni dünya təcrübəsinin mübadiləsi və qabaqcıl texnologiyaların nümayişi məqsədilə dövlət və özəl sektorunu bir araya gətirən müzakirə və əməkdaşlıq platformasının yaradılmasıdır.
Forumda müvafiq sahələr üzrə İsrail, Türkiyə, Yaponiya, Niderland Krallığı, Almaniya, Belçika Krallığı, Ukrayna, Danimarka, Rusiya Federasiyası və digər ölkələrin aparıcı şirkətlərinin və tanınmış mütəxəssislərinin, o cümlədən 500-dən çox şirkət nümayəndələrinin, dövlət və özəl sektorunda çalışan mütəxəssislərin iştirakı gözlənilir.
Turizm sektorunda sudan səmərəli istifadənin təşviq edilməsi, çirkab sularının təmizlənməsi, təkrar emalı və bu sahədə daha həssas yanaşmanın tətbiq edilməsi üzrə şirkətimiz Assosiasiyanın müvafiq fəaliyyətinə töhfə verəcəkdir.
30 mayda Azərbaycan sudan danışacaqdır.