Facemark.az Fərrux Rəhimovun "Robotlar, emosional zəka və yumşaq bacarıqlar" adlı yeni yazısını təqdim edir!
ChatGPT başda olmaqla müxtəlif şirkətlər tərəfindən təqdim edilən və inkişaf etdirilən süni zəka proqramlarının günü-gündən artdığı və həyatın hər bir sahəsindən oyunun qaydalarını kökündən dəyişdirdiyi mövcud zaman dilimində “zəka” anlayışı üz rindən yenidən və daha dərindən düşünmək məcburiyyəti qaçınılmazdır. Təbiətdən cəmiyyətə bir çox yerlərdə qaşımıza çıxan dualist struktur insan beyninin də sağ və sol yarımkürələrdən ibarət olmaqla ikili quruluşu ilə təcəssüm olunur. Dini mətnlərdə cisim və ruh, təbiət elmlərində maddə və enerji olaraq qarşımıza çıxan dualizm insan zəkasının da intellektual (IQ) və emosional (EQ) olaraq iki yerə bölünməsi ilə müşahidə olunur.
Emosiyaların zəkanın “düşməni” hesab edildiyi və onların daima nəzarət altından saxlanmaq lazım olduğu iddiasının çox uzun illər mənimsənilməsinə baxmayaraq 1920-ci ildən etibarən “emosiya” və ya “duyğu” anlayışı zəka ilə bağlı ədəbiyyatlara daxil edilmişdir (Mayer və b., 2000: 399). Lakin, emosional və ya duyğusal zəka anlayışının populyarlıq qazanması Daniel Qolemanın (1995) "Emosional İntellekt" kitabından sonra baş vermişdir.
XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən istifadə edilən intellektual zəka – daha dəqiqi “İntellekt əmsalı (intelligence quotient)” 1912-ci ildə alman psixoloqu Villyam Ştern (William Stern) tərəfindən elmə daxil edilmişdir. Bu gün qəbul edilən və başa düşülən mənası ilə Amerika psixoloqu D. Wechslerin 1944-cü ildə verdiyi tərifə görə: intellekt - "individualın, məqsədyönlü hərəkət etmək, rasional düşünmək və ətraf mühitlə effektiv rəftar etməsindən ibarət məcmu və ya qlobal qabiliyyətidir (Colman, 2001). Bu mənası ilə intellektin insanları digər canlılardan ayıran ən vacib xüsusiyyət olduğu kimi, emosional zəkanı da bizi digər “düşünən” varlıqlardan, yəni süni zəkaya malik robotlardan ayıran əsan xüsusiyyət hesab edə bilərik. Beləliklə müvafiq olaraq beynimizin sol və sağ yarımkürələrində formalaşdığı qəbul edilən intellektual və emosional zəkanın birgə inkişaf etdirilməsi müasir iqtisadi şəraitdə əmək bazarında layiqli yer tutmaq, rifah səviyyəmizi yüklətmək üçün ən vacib faktordur.
İKT-nin müasir inkişaf sürəti və əhatə dairəsi nəzərə alındıqda artıq sadəcə fiziki güc tələb edən, təkrarlanan işlərin deyil, zehni əmək tələb edən bir çox işlərin də robotlar tərəfindən icra edilməsi nəticəsində yaxın gələcəkdə onlarla peşənin yox olacağını təxmin etmək çətin deyil. Məsələn yaxın günlərdə dərc edilən bir məqaləyə görə Çində neyron şəbəkələri oyun sənayesindəki rəssamlara tələbatı 70% aşağı salıb(3). Bu məsələ ilə bağlı hələ 2016-cı ildə Dünya İqtisadi Forumunun – «Peşələrin gələcəyi ilə bağlı qlobal mübarizə hesabatı» yayımlandığı zaman hər 10 peşədən 6-sının avtomatlaşmadan öz nəsibini alacağı və 2020-ci ilə qədər 5000000 işin yox olacağı təxmin edilirdi. Bənzər hesabatlar hər il müxtəlif beynəlxalq şirkətlər tərəfindən də yayımlanır və bütün hesabatların bənzər xüsusiyyəti olaraq gələcəkdə iş dünyasının insanlardan hansı bacarıqları tələb edəcəyi ilə bağlı fikirlərdir. Misal üçün Dünya İqtisadi Forumunun bəyan etdiyi siyahıya əsasən (Top 10 skills of 2025) növbəti beş ildə insan davranış mədəniyyətində aşağıdakı kompetensiyalara yiyələnməlidir:
1. Məntiqi təfəkkür və yeniliyə açıqlıq
2. Tədqiqatçılıq (aktiv öyrənmə və öyrənmə strategiyaları)
3. Problemlərin həllinə kompleks yanaşma
4. Tənqidi təfəkkür və təhlil
5. Yaradıcı təfəkkür, orijinallıq və təşəbbüskarlıq
6. Liderlik və sosial nüfuz
7. Texnologiyalardan istifadə, monitorinq və nəzarət
8. Texnoloji dizayn və proqramlaşdırma
9. Dözümlülük, stresədavamlılıq və çevik uyğunlaşma
10. Nəzəri düşüncə, problem həlli və ideyaların formalaşdırılması
Siyahıda tünd rənglərlə verilən bacarıqlar yuxarıda da qeyd edildiyi kimi beynin əsasən sağ yarımkürəsində formalaşan və emosional intellekt hesabına fəaliyyət göstərən yumşaq bacarıqlar (soft skills) adlanır. Məqaləmizin adında da əks olunan “Soft” bacarıqlar termini isə
İnsan bacarıqlarının yumşaq və sərt bacarıqlar olaraq qruplaşdırılması hərb elmdən qaynaqlanır. 1959-cu ildə ABŞ ordusu hərbi heyətin hazırlanmasına elmi yanaşma tətbiq edilməyə başlanmış və tədqiqatçılar hərbiçilər üçün yalnız peşəkar bacarıqların (sərt bacarıqların) deyil, həm də sistematik təlimlə əldə edilməyən universal səriştələrin (yumşaq bacarıqların) vacibliyini müəyyən edilmişdir. Yumşaq və sərt bacarıq arasındakı fərqlərin anlaşılması 1968-ci ildə “Hərbi hazırlığın dizaynı sistemləri” doktrinasında belə ifadə edildi: sərt bacarıq əsasən maşınlarla işləmək bacarığıdır, yumşaq bacarıq - insanlarla və sənədlərlə işləmək bacarığıdır. Bu terminlər hərbi elm və psixologiyada kök saldıqdan sonra sərbəst istifadəyə keçmiş və digər sahələrdə də istifadə edilməyə başlanmışdır. Bir çox inkişaf etmiş ölkələrdə ali məktəb proqramlarında “yumşaq bacarıqlar” ilə bağlı fənlər və ya ən azından mövzular var. Sevindirici haldır ki, ölkəmizin təhsil sistemində də 2020-ci ildən etibarən yumşaq və sərt bacarıqlar fənləri kariyera planlaşdırılması fənni ilə birgə tədris planına daxil edilir.
Yumşaq bacarıqlar fənnini tədris edərkən istifadə etdiyimiz əsas ədəbiyyatlardan biri Türkiyənin Akdeniz (Aralıq dənizi) Universiteti Jurnalistika fakültəsinin İctimaiyyətlə əlaqələr və təbliğat kafedrasının dosenti Bahar Urhan Torun xanımın müəllifi olduğu “Soft Beceriler Etkili İletişim Liderlik” kitabıdır. Ankara şəhərində yerləşən Gazi kitabevində 2019-cu ildə çapdan çıxan əsər ümumilikdə 218 səhifə və 4 fəsildən ibarətdir. Əsərdə “soft skills” terminin tərcüməsi olaraq “Yumşaq bacarıqlar” əvəzinə “Soft bacarıqlar” terminindən istifadə edilir və səbəbi belə izah edilir:
Soft bacarıqlar nədir ya da nə deyildir?; Soft bacarıqlara nə üçün ehtiyacımız var? kimi giriş fəsillərindən sonra Uğura aparan əsas soft (Yumşaq) bacarıqlar adlı fəsildə aşağıdakı bacarıqlar haqqında müfəssəl məlumat verilir:
- Effektiv kommunikasiya bacarığı
- Emosional zəka (EQ/Eİ)
- Komandada fəaliyyət bacarığı
- Problem həlletmə bacarığı
- Effektiv təqdimat bacarığı
- Adaptasiya bacarığı
- Kreativlik
- İşgüzar əxlaq
- Zamanın idarə edilməsi
- Stressin idarə edilməsi.
Dördüncü və sonuncu fəsildə isə Liderlik və soft bacarıqlar başlığı altında “Bu öyrəndiklərimiz nə işimizə yarayacaq?” sualına cavab axtarılır.
Yaxın günlərdə müəllifdən imzalı olaraq bizə hədiyyə edilən kitab haqqında daha geniş məlumat verən bir məqalə də hazırlayacağıma dair özümə söz verərək yazını bitirərkən gələcəyin dünyasında özünə arzuladığı yeri tutmaq və süni zəkalarla mübarizədə effektiv bir “silah” əldə etmə istəyən hər kəsi Bahar Urhan Torun xanımın “Soft Beceriler Etkili İletişim Liderlik” kitabını oxumağa dəvət edirəm.
Robotlar mövzunda digər məqalələrimizi FACEMARK saytından oxuya bilərsiniz:
1) Robotlar – 5 min illik tarixin 100 illik xülasəsi
2) Təqvimlər, saatlar və robotlar...
Ədəbiyyat.
Colman, A. (2001). Oxford Dictionary of Psychology. Oxford. University Press
MAYER, J. D., P. SALOVEY and D. CARUSO (2000), “Models Of Emotional Intelligence”, In R. J. Sternberg (Ed) Handbook Of Intelligence. (pp. 396-420). New York, NY, US: Cambridge University Press.
URHAN TORUN, B., (2019). Soft Beceriler Etkili İletişim Liderlik. Ankara: Gazi Kitabevi.