2008-ci ildə Turizm və sosial mədəni servis ixtisasına qəbul olarkən bilsəydim ki, diplom alandan sonra 7 ay işsiz qalma ehtimalım var bu ixtisası seçməzdim, gedib çilingərlik üzrə peşə məktəbi oxuyardım. Məsələ burasındadır ki, bizim turizm müəssisələrinə bu sahə üzrə ali təhsili olan kadrlar yox, sadəcə rus dilini bilənlər lazımdır.



Turoperatorlarımızın HR mexanizminin necə çalışdığını həqiqətən indiyə kimi başa düşə bilmirəm. Çünki institutu bitirməyimdən indiyə kimi keçən 7 ay ərzində tam dəqiq 11 turoperatora CV göndərmişəm. Bu turoperatorların çoxu ölkəmizin öndə gedən turoperatorlarıdır. Və çox təəssüf ki, bu turoperatorların heç birindən cavab almamışam yəni “0” nəticə. Deyək ki, problem mənim CV –də dir, rus dili biliyim orta səviyyədir, sahənin programları olan bronlaşdırma proqramlarından cüzi xəbərim olması kimi düzəltməyə son sürət çalışdığım əksiklikləri qəbul edirəm, bu ok. Bəs yaxşı, sizin HR hara baxır? Ən azından yəni, ”CV-nizi aldıq, maraqlandığınız üçün təşəkkürlər”, ”Ən qısa zamanda sizə xəbər verəcəyik”, hətta biraz da irəli gedərək "CV-nizdə bu, bu, bu kimi əksikliklər var və bunları filan kurslara, treninglərə gedib düzəldə bilərsiniz" və s.kimi cavablar yazmaq o qədər mi çətindi? -İş orasındadı ki, bizim turoperatorların çoxundan bu etikanı görmək çox çətin məsələdir.



Məni iş üçün götürməyəcəklərini görüb, bu turoperatorların bəzilərinə məvacibsiz praktika üçün müraciət etməyə başladım. Amma yenə də cavab olmadı. Turoperatorlarımızın praktika üçün müraciət edənlərə bu cür laqeyd münasibətini anlıyıram, çünki onların gözündə internship üçün gələn adam ”gəlib işdə boş-boş ona buna baxıb sadəcə nəsə öyrənməyə çalışan, şirkətə heç bir faydası olmayan” imicindədir. Amma əslində bu belə deyil, çünki təcrübə üçün şirkətdə işləyən adam şirkət üçün böyük fürsətdir. Belə ki,
-Bu cür işçilər(təcrübə yığmaq üçün işləyənlər) əsasən maaşsız çalışırlar ki,bu da büdcəyə qənaət etmək üçün idealdır
-Şirkətə özləri üçün potensiallı işçiləri kəşf edib,işçi kadrın gücləndirilməsinə kömək edir
-Xırda işlərin həll olunması üçün,praktikantlar ən effektiv vasitələrdən biridir və s.

Fikrimcə hər bir turoperatorun, eləcə də digər sektorlarda fəaliyyət göstərən şirkətlərin tərkibində sırf internshiplərlə məşğul olan bir bölmə də yaradılmalıdır və şirkətin böyük və ya kiçik olmasından asılı olaraq buraya internship limiti qoyulmalıdır. Məsələn, 50 nəfərdən yuxarı işçi heyəti olan şirkətlərə 10 nəfər internship plan yerləri qoyulması kimi. Keçənlərdə FMR TV –nin açılışı oldu və orda digər məsələlərlə yanaşı, KSM (Korporativ Sosial Məsuliyyət) - haqqında da maraqlı çıxışlar oldu. Maraqlananlar bu linkdən baxa bilər. Mənim fikrimcə internship proqramları şirkət tərəfindən bir KSM fəaliyyəti kimi görülməlidir. Başa düşülməlidir ki, bu kadrlar şirkətin gələcəyidir, şirkətin davamlı fəaliyyətinin qarantiyasıdır, gələcəyə edilmiş bir yatırımdır.



Mövzudan bir az uzaqlaşdığımın fərqindəyəm lakin, çalışdımki sadəcə problemi qabartmıyım, buna bacardığım qədər öz fikrimlə bir həll yolu da təklif edim. Marketing AİR təlimlərindən öyrəndiyim ən önəmli məlumatlardan biri də bir şirkətin xidmətindən istifadə edərkən müştəri əgər razı qalarsa bunu 3 nəfərə (təbii ki, bu rəqəmlər fərqli də ola bilər, amma orta statistika bu yöndədir) bildirir, lakin əgər narazı olarsa bunu 8 nəfərə bildirir. Fikrimcə CV-si nə cavab göndərilməyən iş üçün müraciət edənlər, həmin CV-göndərdikləri şirkəti başqalarına şikayət etməkdə, şirkətin imicini mənfiyə doğru artırmaq bacarıqlarında narazı müştərilərdən daha təhlükəlidir. Bunu ən azından özümdən bilirəm.