1. Qısa özünüz və şirkətiniz haqqında



Özüm marketinq elminə çox böyük maraq və sevgi ilə gələn iqtisadçıyam. Xüsusən də marketinq kommunikasiyaları və marketinq strategiyası daha çox məni maraqlandırdığı üçün həm müəllimlik, həm də özəl sektordakı fəaliyyətimdə də bu ikisi üstünlük təşkil edib. Şirkətimiz isə qısa müddətdə çox ciddi uğurlara imza atan GENNA BAKU Marketing Communications Group-dur. Türkiyədə fəaliyyət göstərən GENNA MCG-nin Bakı ofisi deyə bilərik. Şirkətimizin qurucusu Türkiyədə qrafik dizayn, marka, kommunikasiya və s. sahələrdə xüsusi ixtisaslaşmış Selim Tuncer bəydir. Hazırda agentliyə rəhbərlik etməklə yanaşı, müxtəlif şirkətlərə fərdi konsultasiya verir, beynəlxalq konfranslarda çıxışlar edir, həm də The Brand Age jurnalının yazarlarından biridir.



2. Belə bir fikir var ki, reklam agentlikləri müştərilərin beyinlərində reklama ayırmaq istədikləri pulu müəyyən edib artıqlaması ilə onlardan çıxarmağa çalışırlar. Buna fikriniz? Şirkətlərimiz reklama pul ayırırmı?



Bunu bəzi müştərilər belə fikirləşir. Belə fikirləşənlərin sayı da getdikcə azalır. Çünki əvvəla rəqabət şirkətləri reklama, daha doğrusu təməldə marketinqə daha çox fikir verməyə məcbur edir. Üstəlik reklamın yaratdığı dəyərin də xüsusən də bizim ölkəmizdə çox da müzakirəyə açıq tərəfi yoxdur. Böyük dəyər yaradır! Amma, yaxşı reklam. Digər tərəfdən də, bu rəqabət mühitində şirkətlər professionallaşır. Professional şirkət də yavaş-yavaş qəbul edir ki, agentlik də onun kimi maraqlıdır nəticənin yaxşı olmasında, agentlik də əslində stakeholder olur bir baxıma. Ona görə də professional şirkətlər professional agentliklərlə işləyəndə ona “pul qoparan yox”, “dəyər yaradan partnyor” kimi baxırlar. Bizim də bütün dərdimiz budur ki, şirkətlərimiz professionallaşsın, böyüsün və reklam bazarı da onlarla birlikdə böyüsün. Bu bütün dünyada belə olub, agentliklər sektordakı şirkətlərlə birlikdə böyüyüb.



3. Bir çox sahibkarlar reklam agentliklərinə sifariş verəndə verdiyi suallardan birincisi “bu mənim satışımı qaldıracaqmı və ya nə qədər qaldıracaq?” tipli olur. Sizcə, agentlik bu suala necə cavab verməlidir?




Həkimə gedib, “həkim başım ağrıyır” deyən kimi həkim sizə dərman yazır? Yaxşı həkim yazmaz! Onun əlli dənə başqa sualı olur. Xəstə də dərdinə çarə tapılsın deyə cavab verməlidir. Bizim müştərilərin bir hissəsində reklam agentliyini bayaq da dediyim kimi ortaq, dərdinə dərman axtaran dost kimi görmədiyi üçün bir cümləlik brif verir və bizdən də möcüzə gözləyir. Reklam agentliyi möcüzə yarada bilməz, reklam agentliyinə nə qədər yaxşı, nə qədər təmiz brif versən, agentlik də ortaya bir o qədər satış artıran iş çıxarar. Bu tamamilə input-output məsələsidir, müştəri agentliyə nə qədər çox informasiya versə, nə qədər çox onunla normal münasibət qursa, o qədər çox böyük dəyər yaradar. Satış mütləq artar, marka mütləq güclənər.




4. Bəs ümumiyyətlə reklam agentliklərinin maraq dairəsində reklamını etdiyi məhsulun satışının artması neçənci yerdə durur?




Birinci! Mən qablaşdırmasını özümüzün hazırladığımız meyvə suyu, +More, marketdə olmayıb deyə dəfələrlə olub ki, xeyli uzaqdakı marketə getmişəm. Bütün yaxınlarım da hazırda ondan içir! Çünki o necə istehsalçıya doğmadırsa, bizim üçün də elədir, axı nəticə etibarı ilə onun üzünü biz düzəltmişik, hamı onun üzünü görür axı. Yəni ilk baxışda vurulma tərəfi axı bizlikdir. Eləcə də, reklam çəkdiyimiz digər markalar və ya işiniz gördüyümüz firmalar. Peugeot-nun satışını hər gün günün sonunda mütləq soruşuram və ilk 3008 satılanda mən az qala sevincimdən uçurdum!




5. Bir çox şirkətlər Azərbaycanda reklam agentliklərinin müştərilərlə reklamdan sonrakı hesabat-təhlil işlərinin zəif aparılması və ya heç aparılmaması, diqqətin azlığından şikayət edir. Hesabat vermək, görülən işin həm agentlik, həm müştəri üçün təhlilini vermək çətindir?




Mən açığı müştəri-agentlik şikayəti mövzusuna çox girmək istəmirəm. Agentliklərin dərdi Azərbaycanda çox böyükdür. Kaş hər şirkətin rəhbəri 3 ay reklam agentliyində işləmiş olaydı. Mən əvvəllər müştəri tərəfində də işlədiyim üçün hər ikisini yaxşı başa düşürəm. Agentlik hər hesabatı verməyə hazırdır, agentlik özünün gördüyü işdə özü ilə bağlı olan və ən əsası da bütün təsir faktorlarını özünün idarə etdiyi proseslər haqqında hesabat verər, yetər ki müştəri lazım olan informasiyanı versin. Bizim müştərilərimizdən olmayıb, amma digər dostlarımızdan bilirəm ki, reklamını etdikləri məhsulun satışını istəyirlər şirkətlərdən, şirkət sirr deyib saxlayır. Belə olan halda, agentlik hesabatı necə versin.



6. Azərbaycanda tanınmış və tanınmamış bir çox reklam agentlikləri var. Hətta bir çox şirkət işçiləri özlərinin 2-ci işi kimi reklam agentliyi açırlar. Bir çox agentliklər isə ancaq “makler” rolunu oynayır. Bu durum haqqında nə deyə bilərsiniz?



Makler rolu oynamaq nə deməkdir açığı başa düşmədim. Kim qurur qursun, əgər agentlik bu bazar üçün bir dəyər yaradırsa, agentlik hansısa müştərilərin reklam və kommunikasiya ehtiyaclarını professionallıqla qarşılayırsa, qurucusu kim olur olsun. İstər məşhur olsun, istər olmasın Azərbaycandakı bütün reklam agentlikləri (media satınalma agentlikləri xaric) hələlik çox kiçikdir, çünki müştərisi çox böyük deyil. Lap əvvəl də dediyim kimi, sektor agentliyin böyük və ya kiçik olmasına səbəb olur. Bir ölkədə agentliklər kiçikdirsə, deməli ya rəqabət yoxdur, ya da böyük müştəri, ya da pul xərcləyən böyük müştəri.



7. Sizcə, Azərbaycan müştərisi, şirkəti reklam agentliyini hansı xüsusiyyətinə görə seçir, onunla işləməyə razı olur?



Hələ də başa düşə bilməmişəmJ Təəssüf ki, qiymət faktoru həddindən artıq önə çıxır. Amma, işin professionallığına, sürətinə, agentliyin əvvəllər reallaşdırdığı uğurlu işlərə təbii ki, baxılır. Amma, sual olsa ki sizcə nələrə baxmalıdır müştəri? Onun cavabı daha maraqlı olardı...Qiymətə baxmalıdır əlbəttə, amma agentliyin ümumiyyətlə biznes yanaşması, marketinq strategiyasından anlayışı və s. nəzərə alınmalıdır. Reklam sadəcə iki kəliməni yan-yana qoyub gülməli bir iş çıxarmaq deyil və ya hansısa ssenari ilə diqqət çəkmək deyil. Atılan hər addımın stratejik əsası və elmi dayağı olmalıdır.



8. Sizcə, şirkət bütün reklam işlərini bir agentliyə həvalə etməlidirmi? Bunun müsbət və mənfi tərəfləri nələrdir?



Baxır şirkətin böyüklüyünə. Dünyanın nəhəngləri işləri bəzən bölürlər, digital ayrı, ATL ayrı, BTL ayrı və s. Amma, çox maraqlı olan odur ki, hətta belə bölgü halında ana kommunikasiya agentliyi şirkətin CMO-su ilə birlikdə bütünsəl kommunikasiyanı idarə edir. Azərbaycanda o qədər nəhəng olmadığı üçün, mən şəxsən bir agentliklə uzun müddət işləməyin, onunla əl-ələ verərək çalışmağın və ona güvənərək işləməyin agentliyi də gücləndirərək daha yaxşı nəticələr verəcəyinə inanıram.



9. Reklamçıların istifadə etdiyi ifadələrdən ən məşhuru “müştəri bunu anlamır və ya anlamadı” olur, bəzən. Müştəri niyə “anlamır” Sizcə?



Müştəri o vaxt anlamır ki, biz anlada bilmirik. Bunun özünün də çox səbəbləri ola bilər. Bəzən biz sadəcə anlada bilmirik, bəzən müştəri tərəfində bizim anlatdıqlarımızı dinləyən adam ümumiyyətlə marketinq və rekma kommunikasiyalarından uzaq adam olur, bəzən müştəri brifdə istədiyini düzgün anlatmır, biz də geri dönəndə o bizi anlamır və s. Amma, çalışırıq anlayaq bir-birimizi və hər gün, hər an çalışırıq.



10. Elə məşhur reklam agentlikləri var ki, saytları belə yoxdur. Sizcə bu doğrudur, yoxsa agentliyin buna vaxtı yoxdur?



Sözü bizə vurursunuzJ Bizim agentliyin saytı Türkiyə mərkəzli hazırlanır və bir standartın tətbiqi şərtdir. Orda da, müştərilərin işləri öz işimizdən daha qabağa düşdüyü üçün gecikirik. Haqlısınız, amma yəqin bu il o problemi aradan qaldıracayıq.



11. Azərbaycanda reklam agentliklərinin ən böyük problemləri nələrdir?



Azərbaycanda reklam agentliyinin bir sıra problemləri var, ən əsası müsahibənin əvvəlindən qeyd etdiyim partnyorluq məsələsidir. Şirkətlər reklam agentliklərini özlərinə əməkdaş və yoldaş hiss etmirlər, nəticə etibarilə daimi güvənsizlik, pul verdiyi üçün sui-istifadə və s. qarşılıqlı güvənin nəticəsində yaradılacaq möhtəşəm işlərə maneə rolunu oynayır.



Başqa bir yaralı yerimiz isə, agentliklərin bir yerə gəlib, bəzi qaydaları qoymadıqları, ortaq qərarlara gəlmədikləri üçün, loru dildə desək, sözü bir yerə qoyub şərtləri müəyyənləşdirmədiyi üçün yaşadığımız problemlərdir. Nəticədə, agentliklər az qala frilanser qiymətinə işləmək məcburiyyətində qalıb və bir-sıra haqqlarımız hər gün pozulur. Bir yerə gəlməsək, sözü bir yerə qoymasaq, bu belə də davam edəcək, agentliklər! )




12. Bəs reklam agentlikləri haqqında müştərilərdə formalaşan 3 yanlış təsəvvürü necə sıralayardınız?



Birini desəm məncə bəsdir, əsas yanlış odur ki, şirkətlər elə bilir ki, illustrator və ya başqa qrafik proqramlar sehrli çubuqla idarə olunur, çubuğu toxundurdun.. Hər şey hazırdır. Təəssüf ki, bu belə deyil.



13. Reklamın satışa təsiri haqqında hərə bir söz deyir. Sizcə, reklam satışa necə və hansı müddətə təsir edir?



Əvvəla, bazar artıq inkişaf edir, 10 il əvvəlin bazarı deyil ki, istənilən reklam hansısa nəticəyə təsir etsin. Artıq, daha professional işlər lazımdır. Artıq, bir billboard qoyub məhsulun şəklini qoymaq satşa təsir etməyə bilər. İkincisi, hətta satış xarakterli reklamın özünün də gərək professionallıqla hazırlanması ola, çünki nəticə etibarı ilə hər şey marka imicinə təsir edir. 50% endirim kampanyası edib satışı artıra bilərsən, amma o 50%-i necə etməyin uzunmüddətdə markanın imicinin formalaşmasında çox böyük rol oynayacaq. Müddəti asılıdır sektordan, reklamın məqsədindən, hədəflənən müddətdən. O çox dəyişkəndir.